Nəsimi parkı Mingəçevirin gözəlliyinə yeni çalarlar əlavə edəcək

0
377

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq bölgələrdə quruculuq, abadlıq işləri və sosial layihələrin icrası davam etdirlir. Hazırda Mingəçevir şəhərində  də bu işlər öz axarınca gedir. Belə ki, şəhərdə müasir məktəb binası və muzey tikilir. Şəhərin Xaldan şosesi tərəfindən giriş hissəsində salınan  Nəsimi parkında işlər tamamlanmaq üzrədir. Bu parkın cari ildə sakinlərin ixtiyarına verilməsi gözlənilir.

Yaşıllaşdırma  Sanitar və  Təmizlik İdarəsinin sahə rəisi Mehman Behbudov parkda görülən işlərlə bağlı saytımıza  açıqlamasında bildirdi ki, bu istirahət məkanının tikintisinə ötən ilin dekabr ayından başlanılıb: ”Artıq işıqlanma, suvarma sistemləri çəkilib. Parkda 2000-ə yaxın  ağac, bəzək kolları eləcə də  10 minə qədər gül-çiçək əkilməsi nəzərdə tutulub. Parkın girişində avtomobillər üçün dayanacaq da salınır. Onu da deyim ki, parkda 2 uşaq əyləncə mərkəzi, böyüklər üçün idman qurğuları, eləcə də  basketbol və mini futbol  meydançaları fəaliyyət göstərəcək. Zənnimcə, ümumi sahəsi iki hektara yaxın olan park  Mingəçevirin gözəlliyinə yeni çalarlar əlavə edəcək”.

Esmira Hidayətova, Mingəçevir