Nərimanov da sadəlövlüyünün qurbanı olub

486

Dünya tarixində rəqiblərin zəhərlə aradan qaldırılmasına dair çoxlu sayda faktlar var. Özü də əksər hallarda zəhərli sui-qəsdlərin qurbanı məhz görkəmli siyasi xadimlər, sərkərdələr olub. Bu gün mədəniyyət beşiyi kimi təqdim edilən Avropanın da tarixi zəhərli sui-qəsdlərlə zəngindir desək səhv etmərik. Ümumiyyətlə götürdükdə isə XVIII əsrin ortalarından başlayaraq zəhərli sui-qəsdlər Avropada da geniş yayılmışdı. XIX yüzilliyin ən böyük bəstəkarlarından biri -Vinçenso Bellini də zəhərin qurbanı olub. Onun məşhurlaşmasına paxıllıq edən dostu Vinçenso Bellininin yeməyinə zəhər qatır. Yeməkdən az sonra Bellininin sifəti qapqara qaralır və mədəsində dəhşətli sancılar başlayır. Şahidlərin dediyinə görə, bəstəkar zəhərləndiyini anlayan kimi əlilə dostunu göstərir. Çünki zəhərin təsirindən danışa bilmir. Əvvəlcə, onun nə dediyini başa düşmürlər, lakin sonralar Bellininin ölümqabağı nə demək istədiyi aydın olur. Dostu özü də ölümündən əvvəl Bellinini zəhərlədiyini etiraf edir. Məşhur bəstəkar Motsart da zəhərin qurbanı oldu. Nə qədər qəribə olsa da, onu da dostu zəhərləyir. Yazıçı-tədqiqatçı Paul Aron “Tarixin böyük sirləri” kitabında yazır ki, Motsart zəhərlənəcəyini öncədən hiss edibmiş və tez-tez ona verilən yeməklərdən şübhələnir və onu yoxladırmış. Ancaq ən çox inandığı dostu tərəfindən zəhərlənə biləcəyi ağlına belə gəlmir və bunun da qurbanı olur. Onu da qeyd edək ki, Paul Aronun bu kitabında məşhur adamların zəhərlənmələri barədə yüzlərlə faktlar var. Bir vaxtlar dünyaya meydan oxuyaraq Avropanı ram edən məşhur sərkərdə Napoleon da zəhərlənərək öldürülüb. Fransız tarixçisi Rene Mauray “Napoleonun qatilləri” adlı kitabında yazır: “Uzaq Yelena adasında sürgündə olan Napoleonun buradan qaça bilməsi təhlükəsindən qurtarmaq üçün həbsxananın rəhbəri ondan canını qurtarmaq qərarına gəlir. O, şəraba zəhər qatdıraraq Napoleona içirdir. Amma zəhər çox güclü olmadığından Napoleon əzablar içində çırpınmağa başlayır. O, uzun müddət sancılar içində qovrulur və nəhayət ölür. Üstündən illər ötəndən sonra onun saçından götürülən analiz zamanı Napoleonun, həqiqətən də zəhərlənərək öldüyü aydın olur. Tarixçilər Napoleonun Böyük Britaniya kraliçası tərəfindən öldürüldüyünü də iddia edirlər. Çünki Napoleonun sağ qalmasını onlar özləri üçün daha böyük təhlükə hesab edirdilər. Belə güman edilir ki, əvvəlcədən düşünülmüş şəkildə Napoleona zəhər verilməsi planı hazırlanıbmış. Həbsxana rəhbəri də Napoleondan yaxa qurtarmaq üçün ona edilən təklifi dərhal qəbul edibmiş. Amma burada da ingilislərə məxsus qəddarlıq və qeyri-insani hərəkət özünü büruzə verib. Napoleona düşünülmüş şəkildə daha az tərkibli zəhər verilibmiş. Nəticədə, zəhər veriləndən 6-8 gün sonra Napoleon dəhşətli ağrılar içində qıvrılıb. Yeri gəlmişkən onu da deyək ki, Hindistana qədər uzanan böyük bir ərazini işğal edən Makedoniyalı İsgəndər 33 yaşında ikən Babil şəhərində qəfildən ölür. Araşdırmalar zamanı ona zəhər verildiyi məlum olur. Düzdür, o vaxt belə hesab edirdilər ki, İsgəndər qızdırmadan ölüb. Amma bu ölümün qızdırma ilə əlaqələndirilməsi də təsadüfi olmayıb. Belə ehtimal edilir ki, İsgəndər ən yaxın adamlarından biri tərəfindən zəhərlənib. Ona görə də İsgəndərin zəhərlənərək ölməsi barədə məsələ gizli saxlanılıb.

Ruslar da zəhəri əsas silah seçiblər

1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər əvvəlcə özlərinə düşmən hesab etdikləri adamların hamısını “inqilab düşməni” adı altında güllələtdilər. Sonra bunun xalq arasında narazılığa səbəb olduğunu başa düşdülər və digər yol seçdilər. Həmin dövrdə, demək olar ki, düşmən hesab edilən adamların hamısını bolşeviklər Leninin göstərişilə zəhər verərək öldürdülər. Yeri gəlmişkən xatırladaq ki, bolşeviklərdən əvvəl çar sarayının ən yaxın adamı olan Rasputinə də zəhər vermişdilər. Rasputin, demək olar ki, sarayı idarə edirdi. Çar II Nikolay və arvadı Rasputinin bir sözünü iki eləmirdilər. Rasputindən qurtarmaq üçün sarayda onunla rəqabətdə olan əyanlar onun içdiyi şəraba zəhər qatırlar. Amma güclü bir həkimlik qabiliyyətinə malik olan Rasputin dərhal içdiyini qaytarır və ölümdən qurtara bilir. Amma zəhər onun bir əlini iflic edir. Rasputinin zəhərdən yaxa qurtardığını görən əyanlardan bir qrupu ona qarşı sui-qəsd təşkil edir və güllələyirlər.

Bir vaxtlar bolşeviklərin Şərqə azadlıq və demokratiya gətirəcəyinə inanan Nərimanov da sadəlövlüyünün qurbanı olur. Bolşeviklər Azərbaycanı işğal edəndən sonra, əvvəlcə Azərbaycanda, sonra isə Moskvada rəhbər vəzifələrdə çalışan Nərimanov səhv etdiyini anlayır. Leninin ölümündən sonra Stalinin ətrafındakılara qarşı terror aktlarını həyata keçirəcəyini və “Şərq xalqlarına azadlıq və müstəqillik” şüarının boş və yalan olduğunu anlayan Nərimanov dərhal Mərkəzi Komitəyə məktub yazır. O, yaxınlarından birinə növbəti plenumda bu məktubu oxuyacağını bildirir. Amma atalar yaxşı deyiblər ki, sirrini vermə dostuna, dostunun da dostu var. Nərimanovun etibar etdiyi bu adam Stalinə sədaqətini nümayiş etdirmək üçün dərhal bu barədə ona xəbər verir. Stalin isə yaxın dostu və silahdaşı Serqo Orconikidzeyə Nərimanovu səssizcə aradan qaldırmaq tapşırığını verir. Əvvəlcə Orconikidze Nərimanova qarşı sui-qəsd hazırlamaq və bu işdə o dövrdə Azərbaycanı idarə edənlərdən olan bir neçə adamı günahlandıraraq həbsə atdırmaq istəyir. Lakin sui-qəsdin həyata keçirilməsi üçün bir neçə ay lazım gəlirdi. Üstəlik, Nərimanovun ona qarşı hazırlanan sui-qəsd planından xəbər tuta bilməsi təhlükəsi də var idi. Ona görə də Orconikidze zəhərə əl atır. Nərimanovun aşpazı ələ alınır. O, zəhərli yeməyi Nərimanova verir. Yeməyi yeyib ayağa qalxan Nərimanov Kremlin qapıları qarşısında yerə yıxılır. Amma o, dəmir qapılardan tutaraq, zorla ayağa qalxmağa çalışır. Dərhal məsələ barədə Kreml rəhbərlərini müalicə edən həkimlərə xəbər verirlər. Sonralar həmin həkimlərdən biri – Yuliya İvanovna Litkin xatirələrində yazırdı: “Mən əvvəlcə nə baş verdiyini anlamadım və bir həkim kimi tələm-tələsik hadisə yerinə yüyürdüm. Trotski adı verilən qapı ilə Qızıl meydan arasında dəmir barmaqlıqlardan bərk-bərk yapışan bir adam gördüm. O, ağrıdan iki bükülmüşdü və ara vermədən öskürürdü. Sifəti əcaib bir hala düşmüşdü. Onu dəmir qapıdan aralamaq üçün tutub geri çəkdim. Yalnız bu vaxt gördüm ki, o, Nəriman Nərimanovdur. Məni tanıyan kimi dərhal: “Ölürəm, təcili məni xəstəxanaya aparın,” – dedi. Amma onu xəstəxanaya çatdıra bilmədik”.

Litkin Nərimanovun zəhərənərək öldüyünü demir, ancaq sifətinin əcaib hala düşdüyünü söyləyir. Çünki o bilirdi ki, zəhər sözünü dilinə gətirsə, özü də oxşar hadisə ilə üzləşəcək. Amma o vaxt Nərimanovun zəhər verilərək öldürüldüyü və bunun kim tərəfindən həyata keçirildiyi Kreml divarları arxasındakıların hamısına məlum idi. Onu da deyək ki, Stalin dönəmində Abxaziya Gürcüstanın tərkibnə daxil olmaq istəmirdi. Bu işdə abxazların lideri Lakoba xüsusi rol oynayırdı. Ona görə o da Nərimanov yaşayan taleyi yaşamalı oldu. Stalinin göstərişilə 1936-cı ildə Lavrenti Beriya Lakobanı aradan qaldırmaq qərarına gəlir. O, Lakobanı Tiflisdəki yeməkxanalardan birinə yeməyə dəvət edir. Öncədən hazırlanmış plan əsasında Lakobanın yeməyinə zəhər qatılır. Lakoba yemək stolundaca canını tapşırır. İzi itirmək üçün Beriya yalandan “avtobus qəzası” təşkil etdirir və Lakobanın guya qəza nəticəsində öldüyü barədə rəsmi xəbər yayılır.

Stalin yalnız SSRİ daxilində deyil, xaricdəki düşmənlərinə qarşı da mübarizə aparırdı. XX əsr dünya fotosənətinin ən məşhur fotoqrafçılarından biri olan, Meksika Kommunist Partiyasının üzvü Tino Modotti də Stalinin qəzəbinə uğradı. 1930-cu ildə Moskvanın göstərişi ilə o, Meksika dövlət başçısına sui-qəsd təşkil etdi. Onu dərhal həbs etdilər. Sonra isə məhkəmə Modottini ölkədən qovdu. Modotti dərhal İspaniyaya gəldi və burada Moskvanın göstərişi ilə vətəndaş müharibəsini təşkil etdi. Amma Franko İspaniyada hakimiyyətə gələndən və vətəndaş müharibəsi məğlubiyyətə uğrayandan sonra o, yenidən Meksikaya döndü. Lakin onun dünyagörüşündə artıq SSRİ-yə qarşı inamsızlıq əmələ gəlmişdi. 1939-cu ildə SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək barədə anlaşma imzalandı. İspaniyada faşizmə qarşı döyüşən və faşizmin nə olduğunu yaxşı bilən Modotti açıq şəkildə bunun əleyhinə çıxdı. O, SSRİ-ni fəhlə-kəndli inqilabına xəyanətdə suçladı. Məsələ barədə dərhal Stalinə xəbər verdilər. Stalin isə: “Bu əclafı və xəyanətkarı rədd edin. Yoxsa başımıza bəla açacaq”, – deyə KQB şefinə göstəriş verdi. KQB isə Meksikadakı agentinə Modottini aradan qaldırmaq tapşırığı verdi. Tina Modotti dostlarından biri tərəfindən axşam yeməyinə dəvət edildi və burada ona yemək vasitəsilə zəhər verdilər. Modotti də yeməkdən sonra elə süfrə üstündəcə can verdi. Onun zəhərlənərək öldürülməsini ört-basdır etmək üçün xəbər yaydılar ki, guya Modotti infarktdan ölüb. Sonralar məsələdən şübhələnərək Modottinin ölümünün səbəbini araşdıran polis onun zəhərləndiyini sübut etdi. Amma Modottini zəhərləyən dostu qaçaraq ABŞ-a gedə bilmişdi.

Əziz Mustafa