“Nənəm feysbukdadır, bunlar isə…”

579
Bir həftədə elektron poçtuma 10-dan çox şikayət məktubu gəlib. Hər məktubun sonu da təxminən bu sözlərlə bitir: “Xahiş edirik ki, məktubumuzu dərc edəsiniz”. Lakin onların heç birini qəzet səhifəsinə çıxarmağı məqbul bilməmişəm. Təbii ki, bunun da müəyyən səbəbləri var.
Əvvəlinci səbəbi odur ki, istəmirəm, bəzi məmurları özümdən incidəm. Mirzə Cəlil demişkən, nüfuz əhlinə sataşmağı və güclü adamlara dolanmağı mən əlimə qələm alandan özümə rəva bilməmişəm. Və hələ də bu fikrimdə israrlıyam. Məlumdur ki, məmur kimi ehtiram sahiblərindən ehtiyat eləmək hər halda lazımdır: doğrusu, qorxuram.

İkinci səbəb odur ki, yenə Mirzə Cəlil demişkən, 10-dan çox məktubun hər birini diqqətlə oxuyub, bir kəlmə doğru söz tapa bilmədim. Başdan axıra kimi yalan, palan, böhtan, nəqli-məkan, filan…

Məsələn, Bakının Xətai rayonundan Əliş kişi yazır ki, bəs yaşadığımız məhəllənin həyətindəki ağacların təhlükəli vəziyyətdə olduğunu nəzərə alaraq, ötən ilin əvvəlində bu işlə məşğul olan nazirliyə (reklam etmək istəmədiyimə görə adını çəkmirəm) müraciət etmişdik. İnsafən, bu qurum şikayətimizi araşdırıb, Bakı şəhərinin hansısa Birliyinə öz təkliflərini göndərib. Lakin bu məsələdən bir il keçməsinə baxmayaraq, hələ bir əməli iş görən yoxdur. Araşdıranda məlum olub ki, sən demə, onların məktubu ünvana çatmayıbmış.

Məhz bu çatmamaq məsələsi Əliş kişini özündən çıxarıb. İstəyirəm, onun yazdıqlarını olduğu kimi verim ki, sonradan bir balaca narahatlıq keçirməyim. Bəli, Əliş kişi yazır: “Vallah, mən bəzi dövlət qurumlarının işinə lap məəttələm. A kişilər, məgər biz XXI əsrdə yaşamırıq? Mən biləni, indi hər bir qurumun, hətta hər bir vətəndaşın elektron ünvanı var axı… Bəs onlar bu müasir texnikanın imkanlarından niyə istifadə etmirlər? Kimi, yaxud nəyi gözləyirlər? Maşallah, indi hər bir idarədə, demək olar ki, kifayət qədər kompyuter var. Belə olan təqdirdə, poçtla məktub göndərmək nə deməkdir axı? Vallah, indi mən kəndə zəng edib, 80 yaşlı nənəmi soruşanda deyirlər ki, bəs internetdədir, feysbukdur, nədir, o sosial şəbəkədə dostları ilə çatlaşır. Bunlar isə hələ də poçt yeşikləri ilə əlləşirlər”.

Bəli, ay məni zəhmət çəkib hərdən oxuyanlar, bunu nümunə üçün yazdım, o biri məktublarda da bu cür hətərən-pətərəndən savayı alayı bir mətləb yoxdur.

Daha bir, məsələn, bir bakılı yazır ki, Nəqliyyat Nazirliyinin yerləşdiyi binanın qarşısında gün ərzində elə tıxaclar yaranır ki, heç ucu-bucağı görünmür. Amma bu problemə bir əncam çəkilmir. Görünür, bu qurumun məmurları rahat-rahat əyləşdikləri yuxarı mərtəbələrdən əyilib aşağı boylanmağı özlərinə sığışdırmırlar. Bunu başa düşdük, bizim bəzi məmurlar, doğrudan da, əyilməzdirlər. Bunu şəxsən mən də alqışlayıram. Amma onların hərdən başlarını bir qədər qaldırıb, heç olmasa, “Qələbə” dairəsinə doğru boylanmalarını tövsiyə edərdim. Öz aramızdır, eşitdiyimə görə, nazirliyin yuxarı mərtəbələrindən “Qələbə” dairəsi və oradan müxtəlif istiqamətlərə şaxələnən bütün yollar açıq-aydın görünür. İnsafən, indi “Qələbə” dairəsində yaşanan problemləri həll etmək məqsədi ilə həmin ərazidə genişləndirmə əməliyyatları aparılır. Amma sizə bir söz deyim: bu dairədə hərəkət sürətini məhdudlaşdıran subyektiv səbəblər də var… O gün “Qələbə”dən keçərkən bununla bağlı fikirlərimi orada özünü işgüzar kimi göstərən bir şəxsə nəql etdim. Amma həmin şəxs, inandırım sizi, “qızıldan qiymətli” vaxtını aldığıma görə məni quru yuyub, yaş sərdi. Sonra nə fikirləşdisə, dedi: “Bacıoğlu, mən müftə yeyib-yatan məmurlardan deyiləm, alnımıın təri ilə hökumətə qulluq edirəm. Sənin kimiləri quru yuyub, yaş sərəndə nə qədər tər tökdüyümü bir Allah bilir”.

Xülasə, qalan digər məktublar da bu məzmunda iftira və yalan. Sözüm onda ki, bu cür böhtanlar çox yazılıb. Mənim onları dübarə dərc etməyimin nə mənası var axı?

Yazımın bu yerində bir məzəli əhvalat da yadıma düşdü ki, onu yazmasam, məktub sahiblərindən qurtula bilməyəcəyimə əminəm. Qoy deyim: “Bir kişinin qayınanası həmişə deyərmiş ki, qızının ayağı yüngül olduğu üçün yaşadığı evin sakinlərinin hamısı xoşbəxtdir. Bu sözləri tez-tez eşidən kişi axırda bir gün fürsət tapıb qayınanasına gileylənir: “Ay arvad, insafın olsun da, həmişə öz qızının ayağından danışırsan, amma heç mənim başımdan bir söz demirsən?” İndi mən də qorxuram ki, bəzi oxucularım mənim, ümumiyyətlə, başım olmadığı qənaətinə gəlsinlər…