Nəhəng türk şirkətini Ermənistana cəlb edən nədir?

468
Sentyabrın 28-i tarixində  Türkiyənin “Sabah” qəzetinə məxsus saytda qardaş ölkənin nəhəng inşaat şirkətlərindən “Öztürkler Holding”in idarə heyətinin sədri Yusuf Öztürkdən alınmış müsahibə yerləşdirilib.
 Sinan Özedincik tərəfindən qələmə alınan “Ermenistan’a konutla giriyor” adlı yazıda adıçəkilən şirkət və onun bir sıra layihələri barədə məlumat verilir. Burada ən çox diqqət çəkən məqam isə müsahibənin başlığından göründüyü kimi şirkətin Ermənistanda da layihəsinin olmasının açıqlanmasıdır. Yusuf Öztürk bu barədə belə danışıb: “Hazırda Yerevanda bir yaşayış massivinin inşasına başlamışıq. Orada çalışan ilk türkəm. Kiçik bir ölkədir amma inanılmaz pul var”. Məhz bu ifadələrin həqiqətən Y.Öztürkə məxsus olub-olmadığını öyrənmək üçün şirkətin saytındakı telefon nömrəsi ilə əlaqə saxladıq. Amma cavab verən olmadı. Daha sonra “Öztürkler Holding”ə məxsus elektron poçt ünvanına müraciətimizi göndərdik. Tezliklə bizə  Başak Aysul adlı bir xanımdan cavab gəldi. Xanım təmsil etdiyi “Avantgarde” şirkətinin “Öztürkler Holding”in mətbuat xidmətini həyata keçirdiyini bildirdi. B.Aysul sözügedən müsahibədə bəzi məlumatların yanlış yönləndirildiyini vurğuladı. Şirkət təmsilçisi “Öztürkler Holding”in layihələri barədə ətraflı məlumat verməyə hazır olduqlarını qeyd etdi.

Məsələ ilə bağlı suallarımızı göstərilən ünvana göndərdik. Bizi daha çox şirkətin Ermənistanda həyata keçirdiyi layihə və “Öztürkler Holding”in investisiya qoymaq üçün niyə məhz bu ölkəni seçməsi maraqlandırırdı. Hətta Y. Öztürk “Ermənistanda çoxlu pul var” ifadəsini hansı iqtisadi göstəricilərə əsaslanaraq səsləndirdiyini öyrənmək istəyirdik. Ancaq üstündən günlər keçməsinə baxmayaraq bizə heç bir rəsmi açıqlama verilmədi. Dəfələrlə xatırlatmağımıza rəğmən bizə cavab gəlmədi. Görünür suallarımız çox ağır olub.

Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət etdik. Səfirliyin mətbuat xidmətinin rəhbəri Hamit Karadeniz bu barədə yalnız səfirin danışa biləcəyini və yazılı surətdə müraciət etməmizi istədi. Səfirliyə də yazılı müraciət etsək də yenə heç bir cavab ala bilmədik.

Həm şirkətin, həm də səfirliyin suallarımızı cavablandıra bilməməsi və ya cavablandırmaq istəməməsi məsələnin göründüyü qədər sadə olmadığına işarədir.

Sözügedən müsahibə Türkiyədə çıxdıqdan sonra biz bunu xəbər edib dərc edə bilərdik ancaq məsələnin tam araşdırmaq istədik. Hətta onu da  deyək ki, APA bizim “Öztürkler Holding”ə və səfirliyə müraciətimizdən bir gün sonra sözügedən müsahibə barədə kiçik bir xəbər yayımladı.

Sonda onu da qeyd edək ki, məsələ ilə bağlı hər iki tərəfin münasibətini dinləməyə hazırıq.

Bəylər Məcidov