“Nədənsə bəzi yazarlar şəhərimizdəki müsbət dəyişikləri görmürlər”

660

Öz şəhərləri barədə sosial şəbəkələrdə yalan məlumatların yer alması Mingəçevir sakinlərini hiddətləndirib. Onların bir qismi bununla bağı saytımıza müraciət edib.

Şəhərin sağ sahilində həmin insanlarla görüşdük. Onlar bildirdilər ki, son 5 ildə Mingəçevir başdan-başa abadlaşıb. Belə ki, küçələr, parklar, xiyabanlar günün tələblərinə uyğunlaşdırılıb, həyata keçirilən tədbirlər nəticəsində binalar yeni görkəm alıb: “Bu cür gözəlliyi görməmək üçün gərək ya kor olasan, ya da insafını itirmiş olasan”.

Maral Qüdrət qızı Şükürova konkret faktlar əsasında söhbətini davam etdirdi: “Bizim yaşadığımız sağ sahil ünvanında nə bir park var idi, nə də normal bir məkan. Bu gün isə belə istirahət yeri var. Bir də, digər tərəfdən, nə gizlədim, sərxoşların, narkomanların əlindən həyətdə belə normal istirahət edə bilmirdik. Çox şükür bu günümüzə, şəhərimizin hüquq -mühafizə orqanları, şəhər rəhbərliyi artıq bu kimi neqativ hallara son qoyub. Təbii ki, bu da onların şəhərimizin sakinlərinə olan diqqətin bariz nümunəsidir… Amma eşitdiyimə görə, bəzən bəzi saytlarda şəhərimizlə bağlı elə yazılar dərc olunur ki… adam qalır mat-məəttəl. Nə yazıq ki, bu da bizim polislə bağlı olur. Amma mən yenə deyirəm: “Şəhərin polisləri bizim asayişimizi canla-başla qoruyurlar. Bayaq dediyim kimi halbuki bundan əvvəl şəhərdə narkomanların əlindən gəzmək olmurdu”.

Maral xanım söhbətinin bu yerində ərazilərində asayişin keşiyində duran serjant Ayaz Abdullayevdən söz açdı və onun simasında polislərin ünvanına bu sözləri dedi: “Onların nə gecəsi var, nə gündüzü… Bütün günü ərazilərdədirlər. Vallah, bir zamanlar parkda oturanda öz kölgəmizdən qorxurduq. Əyləşmək üçün yaxınlaşdığın skamyanın yanında boş araq butulkaları və ya narkotik iynələr ilə dolu olardı. Polislərimizin sayəsində bu gün bu kimi xoşagəlməz halların qarşısı alınıb. Məhz onların öz işlərinə belə məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, bu gün öz evimizdə rahat otura bilirik, bir yerə gedə bilirik. Mən hələ uşaqlarımızın rahatlığını demirəm. Vallah, bundan əvvəl uşaqlarımızı bazar sumkası kimi yanımızda gəzdirirdik. Amma indi uzaq bir rayona səfər edəndə belə həyət-bacanı qonum-qonşuya tapşırıb gedə bilirik. Biz buna görə şəhərimizin polis polkovniki Cavid Muradova təşəkkürümüzü bildiririk. Amma nədənsə bəzi yazarlar şəhərimizdəki bu kimi müsbət dəyişikləri görmür… Elə bir ucdan ağızlarına gələni yazırlar… ”

Telli xanım isə belə dedi: “Axşam saat 6-da işdən çıxıb evə getmək üçün şəhərin dram teatr tərəfindən keçə bilmirdik. Narkomanlar bir birlərini bizim üstümüzə itələyirdilər. Amma bu gün rahat şəkildə evimizə gedib-gələ bilirik. Buna görə aidiyyatı quruma öz təşəkkürümüzü bildiririk”.

Durna Rəhim qızı İslamova həmkarının dediklərini təsdiq edərək söhbətini bu sözlərlə davam etdirdi: “Eh, belə şeylərdən o qədər əziyyət çəkmişəm ki… Amma indi Allahdan 5-10 il ömür istəyirəm. Ömür istəyirəm ki, heç olmasa, mənim də bu qayda-qanundan, əgər belə demək mümkünsə, heç olmasa, gözüm doysun. Mən də fürsətdən istifadə edib bizə belə şəraiti yaradan insanlara, qurumlara öz təşəkkürümü bildirirəm”.

Esmira Hidayətova, Mingəçevir