Nədən?

69
????????????????????????????????????

               

(On gündür içməli suyumuz yoxdur)

 

Su olmasa qışda əridib qarı yeyərsən…

M.Ə Sabir

 

Hələ Çərşənbədir, yay uzaqdadır,

Səbəb çox, ey qələm, say uzaqdadır,

Nə yaxşı yerdəyik, Ay uzaqdadır,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Evin üzü gülməz kişi olmasa,

Kababdan kül qalar, şişi olmasa,

Adam bir qəpikdir, işi olmasa,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Söz uçdu havaya qulaqdan keçib,

Səhranı gəzdilər bulaqdan keçib,

Su çəkər bir olsa el dağdan keçib,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Alpançay nə gözəl sulanıb gedir,

Bürünüb dərdinə bulanıb gedir,

Baxır qərib-qərib, dolanıb gedir,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Axtarıb dərdinə çara, yazmışıq,

“Düzələr!” – Deyiblər hara yazmışıq,

Elə bil, yağışa, qara yazmışıq,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Çillə çıxıb getdi, yaz yol üstdədir,

Yamacda gül-çiçək dəstə-dəstədir,

Bilən yox inciyib, küsüb, xəstədir,

Qarğa kölgə salır, Qu gəlmir nədən,

Bu kəndə içməli su gəlmir nədən?!

 

Rahib Alpanlı (Sədullayev)