Nə yaxşı ki tıxaclar var…

514
Bu günlərdə bir təklif (yəni qəbul edilmək üçün irəli sürülən fikir) diqqətimi cəlb etdi.
 Bu təklifi kim etsə yaxşıdır, ANS-in “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən xanım Səfərova.  Bəri başdan deyim ki, mənim bu xanıma  xüsusi hörmətim var. Lakin onun bu təklifi ovqatımı yaman təlx elədi. Elə bu yazını həmin ovqatda yazıram. Sən demə, Aytən xanım bir piyada ucbatından, özünün dediyi kimi, zəncirvari qəzaya düşübmüş. Nəticədə onun avtomobili ilə yanaşı, daha 3 avtomobil zədələnibmiş. Bu olaydan hirslənən xanım da özünün verilişində deyib: “Nəqliyyat Nazirliyinə təklif edirəm, piyada keçidlərinin üzərinə söyüş yazsınlar. Onda keçidlər camaatla dolacaq. Keçiddən istifadə etmək mədəniyyətdir, amma bu mədəniyyət hələ bizdə yoxdur”. Hətta bu xanım həmin söyüşün təxmini mətnlərini də söyləyib. Onlardan biri bizim bəzi yerlərdə gördüyümüz “Bura zibil atanın…” formasındadır. Mən Aytən xanımın bəzi fikirlərinə qatılıram. Amma onun: “Piyada keçidlərinin üzərinə söyüş yazsınlar”ını heç cür həzm edə bilmirəm… Odur ki, bir piyada kimi ona cavab yazmaq məcburiyyətində qaldım. Çünki o bu sözlərlə məni də təhqir edib. Kim bilir, bəlkə də mən yanılıram? Əvvəla, söyüş məsələsi Aytən kimi xanıma yaraşmayan bir fikirdir. İkincisi, əksər sürücülərin də yol mədəniyyətindən anlayışları belə yoxdur. Halbuki yol mədəniyyətinin göstəricisi onlarda piyadalarla müqayisədə daha çox olmalıdır. Bunu günün istənilən vaxtında sübut etmək heç də çətin deyil. Şəxsən mən bir gündə dəfələrlə sürücü mədəniyyətsizliyi ilə üzləşirəm. Elə bu səbəbdən hər dəfə yolu keçəndə “kəlmeyi-şəhadət” gətirirəm. İnandırım sizi, belə hallarda dilimdən söyüş, yaxud qarğış belə çıxmır. İndi mən durub deyim ki, buna görə hər bir küçədə söyüş lövhələri assınlar. Vallah, sizi inandırım, bu gün rol arxasında oturanların əksəriyyəti onlara sürücülük hüququ verən sənədi öz qabiliyyətləri hesabına deyil, nəyinsə gücünə alıb. Həmin nəyinsənin nə olduğunu isə hər kəs yaxşı bilir. Buna görə Amerika açmağa əsla hacət yoxdur.

Bəli, bu bir faktdır ki, qaydanı pozan sürücü yol polisinin əməkdaşları tərəfindən saxlanıldıqda elə həmin an telefonuna əl atır,  himayədarlarını köməyə çağırır. Nəticədə himayədarlar sayəsində canlarını qurtarır. Budurmu sürücü mədəniyyəti? İndi isə sual edirəm: siz indiyədək hansısa piyadanın kimdənsə imdad dilədiyini görmüsünüzmü? Bir də mən hərdən deyirəm: “Nə yaxşı ki günün müəyyən saatlarında şəhərimizin küçələrində tıxaclar hökm sürür. Yoxsa, paytaxtda yol qəzalarının sayı daha çox olardı”. Yəqin bu fikrimə görə məni qınayanlar olacaq. Olsun, hər halda mən belə düşünürəm.

Bəli, bu gün ölkədə sürücü-piyada münasibətlərinin gərgin olması danılmaz həqiqətdir. Bu da bəzən qəzaların baş verməsinə gətirib çıxarır. Amma bu da bir həqiqətdir ki, bəzən piyada və sürücü yolda hərəkət edərkən hər biri özünü üstün tutmağa çalışır. Piyada belə düşünür ki, piyada olduğuna görə üstündür, sürücü də elə düşünür ki, özü üstündür. Bu problemi isə piyadaları söyüşlə tənbeh etməklə həll etmək doğru deyil. Demək istədiyim budur ki, yoldan keçən piyada kor da ola bilər, bir qədər ağıldan kəm də… Buna görə onlardan hansısa piyada mədəniyyəti ummaq əsla doğru deyil. Lakin sükan arxasında kor, yaxud ağıldan kəm otura bilməz axı… Bu mənada isə sürücülərin daha mədəniyyətli olmaları vacibdir.

Bəli, bu gün magistral yollarda yüzlərlə kameralar quraşdırılıb. Bunu bilə-bilə yenə sürücülər qaydaları pozurlar. İndi hər kameranın yanına yazıb qoyaq ki… Elə isə biz hansı sürücü mədəniyyətindən danışırıq? Son zamanlar isə sürücülər sürətli yollarda ötmə manevrini sol zolaqdan etməkdənsə, sağ tərəfdən edirlər. Dayanacaqlarda avtobusların əvəzinə, şəxsi avtomobillər dayanır. Mən hələ piyadalar üçün nəzərdə tutulmuş səkilərdəki maşınları demirəm. Budurmu sürücü mədəniyyəti? Mən hələ yollarda avtoşluq edərək can alanları demirəm. Buradan bir nəticəyə gəlmək olar ki, problemin əsas səbəbi bəzi sürüçülərin mədəniyyətinin aşağı olmasıdır. Bunu isə piyadaların hesabına ört-basdır etmək doğru deyil.

Qvami Məhəbbətoğlu