Nə vaxta qədər?

Bir mətləbdən söz açmaq istəyirəm, amma cəsarətim çatmır. Çünki dəqiq bilirəm ki, yazdıqlarıma görə kimlərsə məni top kimi çiləmək istəyər. Heç əllərindən alan da olmaz. “Azarkeşlər”dən də kimi tum çırtlaya-cırtlaya, kimi də saqqız çeynəyə-çeynəyə bu mənzərəyə tamaşa edər. Deyirəm, kaş bir “cəsarət” dərmanı olaydı, onu atıb, sözümü deyəydim. Yox, mən Kefli İsgəndər kimi keflənib sözümü demək istəmirəm. Çünki yerindən duran deyər ki, ona baş qoşmayın, görmürsünüz, o qədər içib ki, ayaq üstə dayana bilməməyi bir yana, heç nə danışdığının da fərqində deyil? Nə yazıq ki, mən başqa bir “cəsarət” dərmanı tanımıram. Elə isə bəs mən nə edim, həmin mətləbdən necə söz açım? “Lənət şeytana! deyib burada yazıya nöqtə qoymaq istəyirdim ki, Seyid Əzim Şirvaninin “Dəli şeytan” satirasındakı mollanın: “Hərdən dəli şeytanın sözünə qulaq asmaq lazımdır” kəlamı yadıma düşdü. Və mən də həmin dəli şeytana uydum. Odur ki, deyirəm, bu mövzuya toxunmaq istəmirdim, həmin o dəli şeytan məni yolumdan çıxartdı.

Hə, onu deyirdim axı… Bəli, artıq futbol klublarımızın qırx günlük qış fasiləsi başa çatdı. Bu qış fasiləsində bazarlıq edən də oldu, bazarlıq etməyən də… Qış fasiləsi boyunca Premyer Liqa klublarının transferləri, eləcə də yola saldıqları oyunçular barədə dəfələrlə məlumat verilib. Odur ki, bu barədə yenidən söz açmaq fikrində deyiləm. Amma həmin bazarlıqlardakı bir məqama toxunmaq istəyirəm. Bu da ondan ibarətdir ki, əksər futbol klublarımız öz heyətlərini möhkəmləndirmək məqsədilə xarici ölkələrin klublarına üz tutdular və yenə də əcnəbiləri dartıb gətirdilər komandalarına… Amma nədənsə həmin komandaların rəsmilərinin, o cümlədən baş məşqçilərinin yadına düşmədi ki, bəs bizim bölgələrdə də futbolla məşğul olanlar var, onlardan bir neçəsini klublarımıza cəlb etsək, PFL dağılmaz. Elə bu səbəbdən sual suala calandı: nədən futbolumuzun gələcəyindən ağızdolusu danışanlar həmin komandaların başbilənlərindən soruşmurlar ki, axı niyə siz öz heyətlərinizdə Tovuz, Mingəçevir, Yevlax, Gəncə… futbol məktəblərinin yetirmələrini görmək istəmirsiniz? (Doğrudur, AZAL “Araz-Naxçıvan”ın iki oyunçusunu öz heyətinə qatıb) Elə isə bəs digər komandalar, həmçinin birinci divizion nəyə xidmət edir? Niyə həmin bölgələrin Əhmədindən, Mehdisindən, Əlisindən yararlanmırsınız? Axı niyə onları axtarıb tapmırsınız? Axı bu bir həqiqətdir ki, futbolumuzun sabahkı yolu əcnəbi ölkələrdən, məkanlardan deyil, məhz bölgələrimizdən keçir. Axı bu həm də Yevlaxda, Gəncədə, Tovuzda, Şəmkirdə, Mingəçevirdə və digər məkanlarda futbolumuzun daha sürətli inkişafına stimul verər. Bölgələr demişkən, bu gün respublikamızda 70-ə yaxın rayon var. Amma baxın görün neçə rayon komandamız 9 komandadan ibarət yüksək liqada təmsil olunur? Vallah, mən deməyə utanıram. Yeri gəlmişkən, son illər elə bil komandaların sayını azaltmaq yarışına start verilib. Halbuki ötən əsrin doxsanıncı illərinin əvvələrində güclülər dəstəsində 20-dən çox komanda var idi.

Elə isə yenə sual olunur, bu boyda inkişafın qarşısında bu nə deməkdir, hə? Yoxsa məqsəd bölgələrdə futbolu boğmaqdır?

Axı nə vaxta qədər Yussef Fenniclərə, Ruben Şakenlərə, Xuan Alvaradolarə, Ruslan Fominlərə, Aleksey Qaylara, Dmitri Bezotosnılara və digərlərinə minnətçi düşəcəyik? Axı nə vaxta qədər onlara milyonlar xərcləyəcəyik? Axı bu gün gətirdiklərimizlə bu və ya digər səbəblərdən milli komanda formalaşdırmaq mümkün deyil. Elə bu səbəbdən sabah dünyanın bu və ya digər ölkəsindən azərbaycan əsilli futbolçu axtarışına çıxmalı olacağıq. Daha bir məqam. Nədən futbolumuzun gələcəyindən ağızdolusu danışanlar həmin komandalara cəlb olunmuş əcnəbilərin ancaq vuran ayaqlari ilə maraqlanır, başlarına, yəni düşüncələrinə əsla əhəmiyyət verməyirlər? Niyə maraqlanmırlar ki, onların millətimizə, ölkəmizə rəğbəti nə qədərdir? Axı gəlib-gedənlər artıq öz “sevgi”lərini dəfələrlə bəyan ediblər.

Bu dəli şeytan, deyəsən, lap ağını çıxardı ha… Yenə lənət şeytana…

QVAMİ MƏHƏBBƏTOĞLU