Duz olmasaydı…

516

Harada yemək yeməyimizdən asılı olmayaraq hər zaman süfrədə iki ədviyyat yer alacaq: duz və istiot. Müasir dünya mətbəxində süfrədə duz və istiot müqəddəslik rəmzi hesab olunur. Bəs hansı səbəbdən biz bu iki ədviyyatın yanında digər ədviyyatlardan istifadə etmirik? Məsələn, zirə, qırmızı istiot və ya sarıkök və s. Nəyə görə, məhz duz və qara istiot mətbəxlərin ayrılmaz hissəsi olub?

Tarix boyu duz və istiot bir – biri ilə sıx əlaqəli olub.  Natrium xloridsiz  (mətbəx duzunun kimyəvi adı) insan, ümumiyyətlə,  yaşaya  bilməzdi: duz orqanizmdə olan maye balansına nəzarət edir, qan təzyiqini tənzimləyir və sinir sisteminin fəaliyyətini normallaşdırmaq üçün vacib komponent hesab olunur. Duz olmasaydı bəşəriyyət bir neçə min il bundan qabaq hədsiz epidemiyalar ardıcıllığı içərisində məhv olardı: məhz duz məhsulların xarab olmasının qarşısını ala bilən mükəmməl mühafizkardır.

Tarixin müəyyən dövründə duz qızıldan dəyərli   hesab olunurdu: Ondan əmək haqqı və vergi ödəmək üçün istifadə edirdilər, hətta bir neçə ovuc duza qul bazarından qul almaq da mümkün idi. Təbii ki, duzdan müxtəlif yeməklərin bişirilməsində də istifadə olunurdu.

Maraqlıdır ki, XVII əsrə qədər avropalı aşbazlar hazırladıqları yeməyin içərisinə duzu şəkər ilə birlikdə qatırdılar. Hər şey Fransa Kralı XIV Lüdovik hakimiyyətə gələndən sonra dəyişdi. Dövrünün məşhur qurmanı olan XIV Lüdovik aşbazlarına yeməyə şəkərlə duzun birlikdə qatılmaması əmrini verdi.

XIV Lüdovikin hakimiyyəti illərində Fransa bütün Avropa mədəniyyətini qabaqlayırdı. Buraya fransız mətbəxi də daxil idi.

Beləliklə, duz Avropa mətbəxinin baş ədviyyatı hüququna malikdir. Bəs nəyə görə  duz ilə yanaşı, süfrəyə  üyüdülmüş qara istiot qoyulur? Axı, qara istiot hamının yeməyində istifadə etmək istədiyi ədviyyat deyil.

Roma imperiyasının dövründə varlı zadəganlar yeməklərində üyüdülmüş uzun istiot növündən istifadə etməyi xoşlayırdılar. Bu istiot növü Aralıq dənizi ölkələri olan  Hindistandan və İndoneziyadan gətirilirdi. Lakin hətta bir çox varlı insanlar belə bəzən bu ədviyyatın sifarişlə gətirilməsinə gücləri çatmırdı və  məhz elə bu səbəbdən satıcılardan onu əvəz edə bilən, ucuz başa gələn  üyüdülmüş qara istiot sifariş verirdilər. Bizim eradan əvvəl IV əsrdə qara istiot duz kimi bir müddət pul əvəzinə  istifadə olundu. Hətta Roma imperiyası qotlardan (qədim german tayfası)  başçıları Alarixi almaq üçün onlara pul əvəzinə 1500 kiloqram qara istiot vermişdi.

Romanın süqutundan sonra  qara istiotun ekspansiyası yüksəlməyə davam edirdi. Böyük İpək Yolu ilə Şərqdən Qərbə ədviyyatla dolu karvanlar gedirdi. İstiota görə müharibələr başlanıb, müqavilələr imzalanıb, dövlətlər dağılıb və s. Nəhayət, Xristofor Kolumb su yolu axtarışı üçün Hindistana  məşhur səyahətinə gedən zaman təsadüfən Amerikanı kəşf etməsi ilə Cənubi Amerikada istiotun yeni növləri aşkar olundu. Beləliklə, yeni istiot növləri tezliklə bütün Avropa bazarlarına çıxarıldı.

Lakin bütün bunlara baxmayaraq istiotun mətbəxin ayrılmaz hissəsi olması yenə də  XIV Lüdovikin hesabına olub. Belə ki, Fransa Kralı aşbazlarına yeməklərdə yalnız iki ədviyyatdan – duz və qara istiotdan istifadə etmək əmrini vermişdi.

Artıq  süfrəyə qoyulan duz və istiot dolu qabları görəndə  biləcəksiniz ki, onlar bu süfrəyə gələnə qədər uzun və tarixi bir yol keçiblər.

Könül Cavid, “İki sahil”