“Nə qədər qismət olacaqsa, Azərbaycanda qalıb işləyəcəyəm”

526

Həmsöhbətimiz Azərbaycan Dövlət Rəqs Ansamblının baş xoreoqrafı Dikalu Muzakayevdir

Nə gizlədək, xeyli vaxtdır ki, Azərbaycan milli rəqslərinin ifası, nümayişi ilə bağlı ara-sıra narazılıqlar eşidilirdi. Telekanallarda, müxtəlif məclislərdə bu barədə peşəkarlar da danışırdı, sənətdən uzaq olanlar da. Milli rəqs sənətinin peşəkar ifasından narazılıqlar dilə gətirilir, ötən əsrin 30-60-cı illərindəki milli üslubdan, illər öncə formalaşmış ifaçılıq məktəbinin təməlindən sapınmalardan söz açılırdı. Bu söz-söhbətlər fonunda Rusiya Federasiyasının Xalq artisti, görkəmli xoreoqraf, pedaqoq, professor, Qafqaz xalqları rəqslərinin bilicisi Dikalu Muzakayevin Azərbaycan Dövlət Rəqs Ansamblına baş xoreoqraf təyin edilməsi xəbəri böyük maraqla qarşılandı.
Rəqs sənətinə az-çox vaqif olanlar Muzakayevin kim olduğunu, Rusiyada hansı kollektivləri yaratdığını yaxşı bilirlər. Təkcə elə “Kabardinka” Dövlət Akademik Rəqs Ansamblının bədii rəhbəri İqor Atabiyevin onun barəsində dediyi “Muzakayevi kosmosa göndərin, altı aydan sonra marsianlardan rəqs ansamblı yaratsın” fikri onun peşəkarlığına və pedaqoji qabiliyyətinə verilən obrazlı qiymətdir.

– Maestro, siz postsovet məkanında tanınmış xoreoqrafsınız. Buna görə də Azərbaycanda çalışmağınızda qəribə heç nə yoxdur. Amma yenə də maraqlıdır, Bakıda çalışmaq təklifi necə gəldi?
– Əgər Muzakayev buradadırsa, deməli, başda cənab Əbülfəs Qarayev olmaqla Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan rəqs sənətinə yeni nəfəsin gəlməsini istəyiblər. Ona görə yox ki, rəqs sahəsində hər şey qeyri-qənaətbəxş idi, sadəcə, insanlar bacardıqları işləri yerinə yetiriblər. Lakin xalqın mədəniyyətdən, incəsənətdən böyük sərvəti yoxdur. Buna görə də xalq, xalqın mədəniyyətinin yaşamasına və dirçəlməsinə cavabdeh olanlar bu sahənin təmsilçilərindən, yaşadanlardan yüksək sənət tələb etməyə haqlıdırlar. Mən öz sahəmin yaradıcı mühitinə yaxşı bələdəm. Bəzən bu sahəyə rəhbərlik edənlər həddən artıq arxayınlaşırlar: istədikləri vaxt işləyir, istədikləri vaxt işləmirlər. Mən demirəm ki, yaradıcı insan qəlibə salınmalıdır. Amma yaradıcı insan hər gün işə gedəndə bu gün nəsə edəcəyi barədə düşünməlidir. Nə özü arxayınlaşmalıdır, nə də rəhbərlik etdiyi kollektivin passivləşməsinə imkan verməlidir.
– Sizin fikrinizcə, bədii rəhbər, baş xoreoqraf rəqs kollektivi üçün kimdir?
– Yaradıcı kollektivin döyünən ürəyi və düşünən beyni həmin kollektivin bədii rəhbəridir. Zəif rəhbər güclü kollektivə başçılıq edə bilməz. Zəif kollektiv də güclü rəhbərdən öyrəndiklərini göstərə bilmir. Üstəlik, rəhbər zəifdirsə, ən istedadlı, ən yaraşıqlı, fiziki göstəriciləri rəqsə tam uyğun gələn rəqqaslar heç vaxt yüksək səviyyəli ifa nümayiş etdirə bilməyəcəklər. Buna görə də kollektivin uğuru da, uğursuzluğu da rəhbərin boynundadır. Dəmir intizam, yaradıcı prosesin, məşq prosesinin düzgün qurulması kollektivi formalaşdırır. Səhnədə çıxış isə ən son mərhələdir.
– Deməli, sizin təyinatınızla biz güclü bir rəqs kollektivi qazanmış olacağıq…
– Mən sizin nazirinizin təklifini qəbul edənədək xeyli götür-qoy etdim. Azərbaycan rəqs sənətini, milli musiqisini öyrənməyə təxminən iki il sərf etdim. Dövlət Rəqs Ansamblının lent yazılarını topladım, diqqətlə izlədim. Mənim şəxsi arxivimdə Azərbaycan rəqslərinə aid elə lentlər var ki, bəlkə onlar heç sizin respublikanızda yoxdur. Nazirliyin əməkdaşları İsmayıl Hüseynov, Sevda Məlikova daim mənimlə əlaqə saxlayırdılar. Özümü bu işə hazır biləndə razılıq verdim. Azərbaycan rəqsləri dünyanın ən gözəl rəqslərindəndir. Gördüm ki, bu kollektiv yaradıcılıq baxımından təxminən 20 ildir ki, yerində sayır. Nazirliyin rəhbərliyi istəyir ki, kollektiv əvvəlki şan-şöhrətini bərpa etsin, milli rəqs sənəti daha yüksək səviyyədə yaşadılsın, təbliğ edilsin.
Təəssüf ki, hazırda bütün dünyada milli rəqs sənətlərində bir növ oyunbazlıq, göstəri, təki alqış qoparmaq istəyi bu sənəti milli köklərindən uzaqlaşdırır. Alqışı zərifliklə, mükəmməl ifa ilə qazanmaq lazımdır. Yox, əgər fərqli nəsə istəyirsənsə, klassik rəqs üslubunda bir kollektiv yarat, milli rəqsin əsasında istədiyin tərzi inkişaf etdir. Amma milli rəqs kollektivində bunu etməyə heç kəsin ixtiyarı yoxdur! Mən burda gördüm ki, bəzən müasirliyi varyete tipli quruluşlar ilə qarışdırır, təhrif edirlər. Halbuki əsl gerçək təməl üzərində milli rəqs sənəti nümunələri ilə də maraqlı şou düzəltmək olar.
– Son zamanlar bizdə peşəkarların iradları rəqs ansambllarının çıxışlarında orijinal rəqs musiqisinin azlığı, ifa tərzi, ayrı-ayrı bölgələrin rəqs hərəkətlərinin, geyim elementlərinin qarışdırılması və s. barədə olub. Siz Azərbaycan rəqslərini necə görürsünüz?
– Azərbaycan rəqs musiqisi və sənəti elə zəngin, elə rəngarəngdir ki, istənilən qədər rəqs nömrəsi hazırlamaq, bütün bölgələrə ayrı-ayrı proqramlar həsr etmək üçün yetərincə musiqi, geyim, ən başlıcası, rəqs hərəkəti bazası var. Mən Əlibala Abdullayevin quruluşlarına baxıram və heyran oluram. Mən onun xatirəsi qarşısında baş əyirəm. Milli rəqsləri necə dərindən duyub, necə bir incəliklə bərpa edib, yaradıb. Azərbaycan rəqs sənəti bu təməldən uzaqlaşmamalıdır. Milli rəqs bilicilərini, bu sənətin daşıyıcılarını işə cəlb etmək lazımdır. Şükür Allaha, Azərbaycanda rəqs sahəsində o qədər istedadlı insan var ki! Mən iş prosesinə istedadlı rəqqasları, qocaman xoreoqrafları cəlb etdim. Dəmir intizamı sevib tələb etsəm də, «mən dedim, qurtardı» düşüncəli adam deyiləm. Hər yaradıcı insanın həmfikirlərdən ibarət komandası olmalıdır ki, görülən iş bəhrə versin. Mədəniyyət və Turizm Nazirliyindəki əməkdaşlarla məsləhətləşib bir işçi qrup yaratmışıq. Musiqişünas Ceyran Mahmudova, geyim rəssamı Nazim Yunus, bəstəkar Vüqar Camalzadə, aranjimançı-konsertmeyster Ramin Hüseynov, xoreoqraflar Roza Cəlilova, Xanlar Bəşirov, assistentlər Rüfət Xəlilzadə, Eteri Cəfərova, Gülnarə Xanbabayeva, Saina Əhmədova, Nazim Abdullayev ilə birlikdə çalışırıq.
Bu gün mən köhnə rəqsləri bərpa etməklə məşğulam, bir sıra rəqsləri isə sadəcə redaktə edirəm. Təbii ki, öz quruluşlarım da olacaq. Dövlət Rəqs Ansamblının repertuarında olmağa layiq quruluşları işçi qrup ilə birlikdə bərpa edir, onlara əl gəzdiririk. Məqsədimiz Azərbaycan rəqs sənətini Avropa səviyyəsinə qaldırmaqdır.
– Zaman-zaman Azərbaycan rəqs sənəti nümunələrini öz adlarına çıxanlar olub və indi də var. Ermənilərin son olaraq «Köçəri» rəqs havasını özününküləşdirmək cəhdlərindən yəqin xəbəriniz var. Bununla necə mübarizə aparmaq lazımdır?
– Mən Azərbaycan rəqs sənətini dərindən öyrənməyə başlayanda gördüm ki, gürcülərin bütün dünyaya nümayiş etdirdikləri «Şalaxo» əslində «Şələqoy» Azərbaycan rəqsidir. Neyləyək, qoy oynasınlar. Amma biz də gərək dünyaya elə bir «Şələqoy», yaxud da «Köçəri» rəqsi göstərməliyik ki, hamı bu rəqslərin Azərbaycanın olduğunu bilsin!
– Haqlısınız. Amma bu, nə qədər real istəkdir?
– İrlandların «River dans» ansamblını yəqin ki tanıyırsınız?
– Əlbəttə! Onları kim tanımır ki?
– Gəlin, diqqət yetirək. İrland rəqsində qol hərəkətləri demək olar ki, yoxdur. Sadəcə, ayaq hərəkətləri, yalnız step var. Amma bütün dünya bu ansamblı tanıyır və sevir. Niyə? Çünki mükəmməl ifa edirlər! Deməli, ilk növbədə davamlı məşq etmək, bədəni formada saxlamaq lazımdır. Mən rəqqaslara yüksək səhnə mədəniyyəti aşılamaq, onların ifasını cilalayaraq XXI əsr incəsənətinin dünya standartlarına çatdırmaq vəzifəsi üçün burdayam. Bu gün dünyada milli geyimdə milli rəqs üzərində çox gözəl müzikllər, şoular təqdim edilir. Azərbaycanın öz rəqs sənətini dünyada məşhurlaşdırmaq üçün hər cür imkan var. Mən istəyirəm ki, Bakıda çalışmağım Azərbaycanın zəngin rəqs sənətinin dünya mədəniyyətində brend kimi tanınmasına təkan versin.
– Amma bu iş bir-iki ildə başa gəlməz ki! Azərbaycanda nə qədər qalıb çalışacağınızı bilmək olar?
– Allah nə qədər qismət edibsə, o qədər də burada qalıb çalışacağam. Planlarımız böyük və uzunmüddətlidir. Sağlıq olsun.

Gülcahan Mirməmməd