“Nə qədər ki, inhisarçılıq və monopoliya var…”

758

Son vaxtlar Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bunu pərakəndə satış mərkəzlərində də etiraf edirlər. Bəs bahalaşmanın səbəbi nədir? Proses davamlı ola bilərmi? Bir neçə gün öncə Azərbaycanın əsas qida məhsulları istehsalçılarından olan “Azersun Holding”un prezidenti Abdolbari Goozal maraqlı açıqlama verib. Şirkət rəhbəri qeyd edib ki, fevral ayında manatın devalvasiyasından sonra satış qiymətlərinin artmaması üçün işlər görülüb: “Azərbaycan dünyada devalvasiyanın təsirlərini ən uğurlu şəkildə dəf edib. Bu məsələdə “Azersun Holding”in də rolu böyükdür. Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq. Şirkətimiz bu il indiyə kimi zərərlə işləyib, problem deyil. Əvvəlki illərdə qazancımız olub, bir il də zərərlə işləyərik”. A. Goozal əlavə edib ki, indiyədək heç bir məhsulda devalvasiyaya adekvat – 35 faiz bahalaşma qeydə alınmayıb.

“Statistika Komitəsi ciddi statistik yanlışlıqlara yol verir”

Dövlət Statistika Komitəsinin saytında verilən rəsmi məlumatlara görə, 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Komitənin bahalaşma ilə bağlı statistikası market və bazar qiymətləri ilə üst-üstə düşmür. Mövzunu “Zaman-Azərbaycan” qəzetinə sabiq millət vəkili, iqtisadçı-alim Nazim Məmmədov şərh etdi. İqtisadçının sözlərinə görə, ilin əvvəlindən manatın devalvasiyasından başlamış bahalaşma zəncirvari olaraq bütün qida və qeyri-qida məhsullarının bahalaşmasına gətirib çıxarıb: “Nəticədə, orta hesabla, müxtəlif məhsullar 20-30 faiz, bəziləri hətta 50% bahalaşmağa başladı. Bahalaşmanı Dövlət Statistika Komitəsi və dövlət orqanları 3-4% kimi qiymətləndirirlər. Bu onu göstərir ki, burada ciddi statistik yanlışlıqlara yol verilir. Gündəlik tələbat mallarının qiymətlərində son aylarda 10-15% artımı şəxsən mən özüm müşahidə etmişəm. Məsələn, marketlərdə və bazarlarda 30 adda məhsul alırıqsa, bunun təqribən 90%-i, yəni 27 ədədi xarici ölkələrdə istehsal olunan məhsullardır. Bu məhsulların subyektiv səbəblərdən qiymət artımı var. Ona görə də mən bu statistik məlumatlara çox ciddi şübhə ilə yanaşıram. Ola bilər ki, Statistika Komitəsinin etdiyi metodoloji səhvləri var ki, qiymət artımı qeydə alınmır”.

“Gömrük Komitəsi ləğv olunmalıdır, onun vergi yığma funksiyası Vergilər Nazirliyinə verilməlidir”

Bahalaşmanı yaradan səbəblərin tələblə təklifin uyğunsuzluğu olduğunu deyən iqtisadçı alim bildirdi ki, bazarda bolluq olsa, alıcılıq qabiliyyəti normal olsa, onda qiymət optimal olar: “Ancaq nə qədər ki, bizdə inhisarçılıq var, bazara giriş məhduddur, həm yerli məhsul istehsalında, həm də idxalda ciddi monopoliya var, o zamana qədər qiymət artacaq. Yəni bazar iştirakçıları tam mütənasib deyillər deyə biz onu proqnozlaşdıra bilmirik. Heç kəs bunu proqnozlaşdıra bilmir. Çünki bu məmurun, hər hansı monopoliya yaradan şəxsin, öz şəxsi etiraflarından asılıdır. İqtisadi səbəb aradan qaldırılmayana qədər, subyektiv səbəblər davam edəcək. Bunun üçün iqtisadiyyatda liberallaşma aparılmalıdır. Əslində Gömrük Komitəsi ləğv olunmalıdır. Onun vergiyığma funksiyası Vergilər Nazirliyinə, digər funksiyaları da “ASAN xidmət”ə və yaxud Maliyyə Nazirliyinə verilməlidir. Nazirlər Kabinetinin tərkibində köklü islahatlar aparılmalıdır ki, bu qurumlar iqtisadiyyata mane olmasınlar”.

Azərbaycanda monopoliyanı gömrük brokerlərinin yaratdığını qeyd edən alim, lisenziyaların elektron formada verilməsinə görə cənab Prezidentə təşəkkür etdi: “ASAN xidmət”də lisenziyaların elektron formada verilməsini müsbət qiymətləndiririk. Hesab edirəm ki, bu da hələ tam şəffaflaşma demək deyil. Bu münasibətlər çərçivəsində Nazirlər Kabinetinin funksiyası tamam dəyişdirilməlidir. Dövlət iqtisadiyyata müdaxilə etməməlidir. Sahibkarların bazara çıxışı tam sərbəst olmalıdır ki, qiymət artımı vətəndaşları narahat etməsin. Belə olarsa qiymət optimallaşar, yəni qiyməti bazar tənzimləyər. Onda insanlar bahalaşmadan şikayət etməzlər. Təəssüf edirəm ki, bu gün hələ ki bu yoxdur”.

Rasim Məmmədli