“Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik”

604

“Biz öz yolumuzla gedirik, biz heç bir ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, nə qədər Azərbaycana təzyiqlər və təhdidlər olsa belə, Azərbaycan bu yoldan dönməyəcək: “Ona görə də biz öz sözümüzü deyirik. Harada ki, biz görürük vəziyyət ağırdır, onu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda məsələ necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür, niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birilərini öldürür, qanını tökür, qırır; heç başa düşmür nəyə görə. Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, kimin tərəfində, nəyə görə vuruşur; kimin maraqlarını onlar müdafiə edirlər; qardaş qanını axıdırlar; şəhərləri dağıdırlar; elə günə salırlar ki, şəhərlərin və o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə bilməz, heç bir avantüraya o hakimiyyəti çəkə bilməz. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır və bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır”.