Muzeydə “Xalçaçı günü” qeyd olunacaq

459

Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınır, dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Toxuculuğun inkişafı haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanıb. Bunlara misal olaraq, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nu, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamını göstərə bilərik. Məlumat üçün bildirək ki, ölkə başçısı, cənab İlham Əliyev hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməsi ilə bağlı ötən ilin noyabrda sərəncam imzalayıb.

Azərbaycan Xalça Muzeyinin əməkdaşı İlahə Məmmədovanın sözlərinə görə, 4-5 may tarixlərində Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr olunmuş silsilə tədbirlərdə bütün bunlar haqqında bir daha ətraflı məlumatlar veriləcək: “Tədbirlərdə ölkəmizin 100-dən çox qabaqcıl və fərdi fəaliyyət göstərən toxucularının, xalçaçı rəssam və ekspertlərin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyətinin və bu sahədə çalışan digər mütəxəssislərin iştirakı gözlənilir. Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri, onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi, təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşadılması və digər məsələlər müzakirə olunacaq”.

İlahə xanım daha sonra deyib: “Həmin tarixlərdə vətənimizin bütün güşələrindən gələn iştirakçıların əl işləri – böyük zövqlə toxunmuş, təbii boyalarla boyanmış xalça və xalça məmulatlarından ibarət sərgi-yarmarkası da keçiriləcək. Bu sərginin məqsədi xalçaçılıq sənətini yaşatmaq, fərdi xalçaçılara dəstək olmaqdan ibarətdir”.

İlahə xanım hər bir kəsi bu sərgi-yarmarkada görmək arzusunda olduğunu da bildirib.

Qvami