Muzeyə tarixi əhəmiyyətli kəlağayı hədiyyə edilib

440

Milli Azərbaycan Tarixi Muzeyi müntəzəm olaraq yeni hədiyyələrlə öz kolleksiyalarını zənginləşdirir. Belə ki, Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə İsmayıllı rayonunda keçirilən “Basqal” kitabının təqdimatı mərasimində Muzeyə tarixi əhəmiyyət kəsb edən kəlağayı hədiyyə olunub. Qeyd edək ki, kitabın müəllifləri – tanınmış tarixçi alimlər Tofiq Babayev və Tahir Şahbazovdur. Kəlağayı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tərəfindən Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya təqdim edilmişdir. Bu etnoqrafik material XX əsrin 40-ci illərinə aiddir və Lahıc bölgəsinə məxsusdur. Kəlağayı ipəkdən hazırlanmış, üzəri xüsusi naxışlarla işlənmişdir. Qeyd edək ki, Azərbaycanın milli geyim nümunələri içərisində kəlağayı xüsusi yer tutur. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Muzeyə hədiyyə edilən milli baş örtüyü – kəlağayı Muzeyin Etnoqrafiya fonduna təhvil verilmişdir.