Muxtar kişinin olduğu dəstə donuz fermasından əsirləri necə xilas etdi?

430

Hazırda yataq xəstəsi olan Qarabağ qazısı Muxtar Məmmədovla bu günlərdə görüşüb həmsöhbət olduq. O, səhhətində yaranmış problemlərə rəğmən, cəbhədə keçirdiyi qanlı-qadalı hadisələri bizimlə bölüşdü.

Muxtar Əli oğlu Məmmədov 1955-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olub. Saybalı kənd orta məktəbini 1972-ci ildə bitirib. Təhsilini 50 saylı TPM-də davam etdirərək elektrik peşəsinə yiyələnib. 1973-75-ci illərdə Qazaxstanın Temirtau şəhərində hərbi xidmət keçib. Hərbi xidmətdən qayıdan Muxtar Ağdam Yarımstansiyasında (Elektrik Paylayıcı Qovşağı) elektrik kimi işə başlayıb. Ergi qəsəbəsi yaradılandan sonra buradakı evləri və fermaları işıqlandırmaq üçün quraşdırılmış Yarımstansiyada elektrik ustası vəzifəsində çalışıb. 1988-ci il 22 fevral hadisəsindən sonra qəlbi vətən eşqi ilə döyünən Muxtar kişi cəbhəyə yollanıb.

Xatırladaq ki, 22 fevral 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsində ilk qanlı toqquşma olub. Belə ki, erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan verməyibər. Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb. Bəli, bu əməllərinin cavabsız qaldıqlarını görən ermənin daşnakları bundan sonra öz havadarlarının köməyi ilə daha da fəallaşıblar.

…Ermənilərin qarşısını almaq üçün Ağdamda və Ermənistana həmsərhəd olan kəndlərimizdə özünümüdafiə dəstələri yaradılmağa başlanıldı. Bağbanlar Sovetliyində də özünümüdafiə dəstəsi təşkil olundu. Muxtar kişi vaxt itirmədən bu dəstəyə yazıldı. Dəstəyə rəhbərlik etməyi Məmməd müəllimə (Məmməd Zeynal) tapşırıldı. Həmsöhbətimiz həmin günləri belə xatırladı: “Bir gün eşitdim ki, Bağbanlarda özünümüdafiə dəstəsi yaratmaq istəyirlər. Getdik Bağbanlardakı Şərab zavoduna – qərargah orada yerləşirdi. Dəstəyə yazılanlara Üzeyir adlı şəxs hərbi paltar verdi. Biz həmin paltarı geyinib təlimə başladıq”.

Ağır yataq xəstəsi olan Muxtar kişi həmin hadisələrdən söz açanda kövrəlir… Sözarası xəstəliyi ilə əlaqədar yaddaşının zəifləməsindən də şikayətlənir. Buna rəğmən, söhbətini davam etdirir: “Bizə 5-6 avtomat verdilər. Aramızda köhnə qoşalülə, təklülə tüfənglə silahlananlar da oldu. Beləcə bizi verdilər öz vətənpərvərliyi ilə daha çox fərqlənən polkovnik-leytenant Şirin Mirzəyevin komandanlığı altında olan polka. İlk döyüşümüzə gəldikdə isə… Bir gün uşaqlar düşmən üzərinə hücuma keçmək qərarına gəldilər. Bərk qar yağmışdı. Getdik. Bir dəstə Abdaldan, o tərəfə “Qoşa çinar” var, ordan keçib Xramordun (Aranzəminlə Pirəcamalın) yolunu kəsməliydi. Bizim kəndçi Rahib, mən, Rafiq… Ağbulaq kəndinin üstündən gəlib, Dəhraz tərəfdən, kəndi almalıydıq. Allah rəhmət eləsin, Abdaldan Xudu vardı. Bir də bir balaca uşaq vardı bizimlə gedənlərdən, ona “Qaşov Əli” deyərdilər. Avtomatın birini o götürmüşdü. Məndə isə “uçebni”(təlim) avtomat idi. Nə qədər elədilər, Əli avtomatı heç kimə vermədi.

Dedim:

– Əli, nə qədər olmasa, səninlə mən bir deyiləm (xətrimi də istəyirdi). İndi yaraşarmı ki, mən burda qalam, sən döyüşə gedəsən?

-Hə, düz deyirsən, – deyib avtomatı mənə verdi.

Avtomatı aldım. Getdik düz Ağbulağın ortasına, dükanın yanına. Güdükdə durmuşuq. Ta səhər açılha açıldı. Gördüm bir uşaq meşəyə tərəf gedir. Dedim:

– Xudu, meşəyə tərəf gedən uşağı bilmirəm, Rafiqgili ermənilər vuracaqlar.

Xudu soruşdu:

– Bəs neyləyək?

– Uşaqları qaytaraq, burada ikimiz qalaq. Səhər açılır. Bu uşaqlar buradan çıxa bilməyəcəklər. Mən də heç bilmirəm haradayıq. Buralara nabələdəm. Amma ümidimi üzmürəm, Allahın köməyi ilə buradn çıxarıq.

Nə isə, uşaqları qaytardıq geri. Gördük hava işıqlanır. Başladıq atəşə. Aləm qarışdı bir-birinə. Kim öldü, kim qaldı bilmirəm. Çığırtıdan, bağırtıdan qulaq tutulurdu. Bir yer vardı, ora da Cekigil (Rafiqgil) getməliydilər. Ancaq hava işıqlandığından ora Cekigil gedə bilməzdi. Xuduynan mən ikimiz atırıq. Bizə heç kim köməyə də gələ bilmir. Minamyotla, pulemyotla ermənilər bizi atəşə tutublar. İndi top bizə kömək eləyə bilər, o, da yerimizi hardan bilsin? İstədik geri çəkilək. Amma erməni bizə geri çəkilməyə imkan vermir.

Allah Xəlil kişiyə rəhmət eləsin, onun topunun nişangahı da yox idi, topu lüləsindən nizamlayıb atırdı. Xəlil ermənilərə tərəf bir mərmi atdı. Bundan sonra ermənilərin diqqəti bizdən yayındı. Biz ordan çıxdıq.

Xəlilin bir BRDM-i vardı, onun da puşkası (mərmini atan lüləsi) yox idi. Oğlunu həmin maşınla göndərir ki, get, onları gətir. Ermənilər minamyotla uşaqları qıracaqlar. O, olmasa bizi qırmışdılar.

Xəlilin oğlu bizi gəlib oradan çıxaranda, yolda gördüm ki, əllərim donur. Özümü maşından yerə atdım. Düşən kimi əllərimi qarla ovub qızışdırdım. Sonra minib ordan uzaqlaşdıq. Beləliklə, birinci döyüşdən sağ-salamat qurtardıq.

Xudunun, mənim və Əmrahın salamat çıxmağının səbəbkarı Xəlil ilə oğlu oldu. Təəssüf ki, Xəlilin oğlunun adı yadımdan çıxıb.

– Muxtar kişi, bəs Xocalı işğal olanda siz harada idiniz?

– Xocalının işğalından söz düşəndə qəzəblənirəm. Fikir vermişəm, 26 fevralda Xocalı haqqında eyni şeyləri (kadrları nəzərdə tutur) göstərirlər. Amma bizim getdiyimiz pəyə haqqında indiyə qədər bir məlumat yoxdur. O pəyədən (donuz fermasından) nə qədər qadın, uşaq, qoca (100-ə yaxın olardı) çıxarmışıq. Oranı heç kim çəkməyib. İndi deyim, ora necə getmişik.

Bağbanlarda Kamil var, onunla ikimiz gedirik. Biz “Qara qaya”ya keçməliydik. “Qara qaya”da da ermənilərin BTR-i durub. Çox çətinliklə endik aşağı. Bu tərəfdən də iki uşaq keçdi daşın arxasına. Bildim ki, bunlar Şellidən olan uşaqlardandılar. Biz “Qara qaya”ya çıxanda BTR qaçdı. Kamillə mən postu aldıq. Qaçan BTR gedib arxda yanı üstə düşüb qaldı. Onların bir BTR-i də başqa yerdə durubmuş. Bizim yanımızda haradansa bir tank peyda oldu. Bu tank bizim yanımızda çox dayanmadı, qayıdıb getdi. Sonra Canpolad BTR-i ilə gəldi. Onu görəndən sonra ürəkləndik. Mən getdim ki, F-1 əl qumbarası ilə arxa düşən BTR-i partladam.

Hərbi xidmətdə “stroybat”da (inşaat batalyonu) olmuşam. Elə bilirəm ki, bu qumbara ilə onu partlatmaq olar. Ona görə tələsirəm. Şellidən olan uşaqlar oradan çığırdılar ki, ehtiyatlı ol, BTR səni vuracaq! Mən də deyirəm ki, ə, görürəm. Elə o BTR-i partlatmağa gedirəm dayna. Heç tanımıram e… BMP nədi, BTR nədi. Seplini tank bilirəm, təkərlini BTR.

Biri dedi:

– Ə, onu demirəm e… bu böyürdə başqası var, onu deyirəm.

Bir də döndüm ki, bu yanda bir BTR var. Tez özümü atdım daşın arxasına. Böyük daşlar orada doludu. Nə qədər çığırdım ki, Kamili başa salım arxamca gəlməsin. İndi Kamil mənə yalvarır ki, qardaş, məni burada qoyma! Dedim:

– Kamil, and bu, Quran bu, səni burada qoymaram.

Dağ yuxarı bunu çəkmək çox çətindi. Bir Əhməd var, bizdən çox uşaqdı, əsgərliyə çağrılanlardandı. Birdən Allah bunu yetirdi, gəldi çıxdı ora. Vəziyyəti gördü. Bunu götürüb oradan çəkib apardıq. Kənarda bir qırmızı “Jiquli” vardı. Kamili maşına qoyduq. Sürücü onu oradan xəstəxanaya apardı.

Mən qayıtdım geri, döyüşə. Bizə də patronu Şellinin o zamankı sovet sədri Fazil gətirirdi. Yanında da yekə oğlan uşağı vardı. Patronu gətirəndə Fazilə kömək eləyirdi. Onda uşaqlar da qorxmadan cəbhədə böyüklərlə döyüşdə birlikdə olurdular.

Gəldim ki, Fred Asifin dəstəsi də irəliləyib. Mircəfər dedi ki, Oruc buradadı. Dedim:

– Ə, nə danışırsan, Oruc burAda nə gəzir? Oruc da birinci batalyondadı. Sonra baxdım ki, Orucgilin batalyonunun bura gəlməyə girəvəsi var. Onların komandiri Y. Rzayev Xramorddakı postlarını bərkidəndən sonra “Qara qaya”ya köməyə gəlib. Elə mən çatmışdım dedilər ki, Xosunu (Xosrovu) vurublar. Xosunun vurulması hər tərəfə yayıldı. Onda bildim ki, Xosu elə-belə oğlanlardan deyil. O, Yaqubun batalyonunda döyüşürdü. Şelli kəndindən idi. Həm də institutda təhsilini yarımçıq qoyub döyüşə gəlibmiş. Orucla birlikdəydilər. Sonra Fazilin oğlunu vurdular. Fazil də onu götürüb getdi. İndi bizə patronu kim gətirəcək? Bizim də mövqeyimiz çox çətin yer idi. Hər tərəfdən başımıza güllə yağış kimi yağırdı. Buna baxmayaraq, gəlib pəyəyə (donuz fermasına) çatdıq.

Donuz ferması “Qara qaya”nı keçəndən sonra Əsgəran tərəfdə, Əsgəran Neft bazası ilə üzbəüz, Qarqarın sağ sahilindədi. Döyüşə-döyüşə gedib pəyəyə çatıb qapılarını açdıq. İçəridən çoxlu qadın, uşaq, qoca çıxdı. Ermənilər bunları əsir tutaraq gətirib doldurublar bura. Burada da onlara ermənilər işgəncə verirmişlər. Xəbər verdik, köməyə gəldilər. Maşını olanlar onları daşıdılar. Dedilər ki, niyə gec gəlmisiniz? Onları qınamıram. Onlar nə bilirlər ki, mənim komandirimi, Məmmədi Kiçana, Sırxavəndə çağırıb aparıblar. O zaman orada da vəziyyət ağır idi.

Xocalı faciəsindən 3 gün əvvəl biz hazırlaşmışdıq Xanabada hücum edək. Xanabad ermənilərdən azad edilsə, Əsgəran qəsəbəsi nəzarət altında olurdu. Bununla da Xocalının mühasirədən çıxması asanlaşırdı. Sonra necə oldusa, əməliyyat vaxtı dəyişildi. Hücuma icazə verilmədi…

Esmira Hidayətova, Mingəçevir.