“Muxtar Əfəndi Nuru Paşanı Ağdaşa dəvət edir”

836
Tarixi şəxsiyyətlərin həyat yolunu, fəaliyyətini, yaradıcılığını tədqiq etmək, araşdırmaq, onu oxuculara çatdırmaq vacib olduğu qədər çətin və məsuliyyətlidir.
 Bu, tədqiqatçıdan fikir sərrafı olmaqla yanaşı, daim axtarışlar aparmaq üçün səbir və dözümlülük də tələb edir. Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbinin müəllimi Ağəli Ağayev şərəfli pedaqoji fəaliyyətlə yanaşı, belə mühüm işlə də məşğuldur. Onun “Ağdaş tarixindən səhifələr”, “Muxtar Əfəndi”, “Gələcəyə məktub” əsərləri mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi tərəfindən də rəğbətlə qarşılanmışdır. Bizim Ağəli müəllimlə söhbətimizin əsas mövzusu  isə Azərbaycanda maarifçilik sahəsində müstəsna xidmətlər göstərmiş və bu ilin yanvar ayında 135 illiyi tamam olan Muxtar İsmayıl oğlu Əfəndizadənin həyat və fəaliyyətinin bir qədər az öyrənilmiş səhifələri barədə oldu.- Ağəli müəllim, Muxtar Əfəndinin Ağdaşın ictimai-mədəni həyatında gördüyü işlərin diqqət çəkən cəhətləri hansılardır?

– Azərbaycanda Muxtar Əfəndi kimi tanınan Muxtar Əfəndizadə 1880-cı ilin yanvar ayında Ağdaşın Şəmsabad kəndində, ziyalı ailəsində anadan olmuşdur. Onun atası İsmayıl Əfəndi Şərq dilləri bilicilərindən olmuş, “Zeynəddin” ədəbi məclisinə başçılıq etmişdir. Kiçik yaşlarından atasını itirən Muxtar Əfəndizadə anası Zeynəb xanımın himayəsində yaşamışdır. O, Azərbaycanın bir çox mədrəsələrində təhsil alır. Ağdaş, Nuxa, Şamaxı və Qubada mükəmməl mədrəsə təhsili aldıqdan sonra, 1904-cü ildə sonuncu adıçəkilən şəhərdə “Üsuli-Cədid” məktəbi açır. İki il Qubada işlədikdən sonra Ağdaşa qayıdır. 1906-cı ildə o, Ağdaşda “Darül-irfan” adlı məktəb açır. Bu məktəbə yalnız oğlan uşaqları qəbul olunmuşdur. Məktəb az zamanda Azərbaycanda tanınır. O dövr “İrşad” qəzetində dərc edilən məqalədə redaktor Əhməd bəy Ağayevin Ağdaşa gəlişindən bəhs edilib (İrşad qəzeti-6.12.1907-ci il, N-124)” Əhməd bəy Ağayev Ağdaşa təşrif gətirdi və məktəbdə olan uşaqları imtahan etdilər. Uşaqların daha mükəmməl imtahandan keçməsini görüb, bu işi daha da inkişaf etdirməyə qərar verdilər”. Muxtar Əfəndizadənin maarifçilik fəaliyyətindən söhbət açarkən bilavasitə onun əməyilə yaradılmış qiraətxana haqqında danışmamaq mümkün deyildir. Əsrin əvvələrində bu cür təşəbbüs Azərbaycan üçün nadir iş hesab edildiyinə görə, təbii ki, bu hadisə dövri mətbuatın diqqətindən yan keçməmişdir. 17 avqust 1906-cı il “İrşad” qəzetinin 188-ci sayında Ağdaşda qiraətxananın açılması barədə böyük məqalə dərc olunub. Həmin dövrdə Muxtar Əfəndizadə fəaliyyətini genişləndirmək  üçün “Nəşri-Maarif cəmiyyəti” adlı xeyriyyə cəmiyyəti təşkil edir. Az vaxtda xeyriyyə cəmiyyətinin hesabına xeyli vəsait toplanır. Bu vəsait təhsilin inkişaf etdirilməsinə sərf olunur. M. Əfəndizadənin Ağdaşın ictimai və mədəni həyatında gördüyü işlərdən ən böyüyü Ağdaşda teatrın yaradılmasından ibarətdir. Həmin teatr haqqında təəssüratını öz xatirələrində belə qələmə almışdır: “1907-ci ildə teatr işindən xəbərdar olan Zülfüqar Hacıbəyov o zamanlar Ağdaşda tərcüman vəzifəsində işləyirdi. Zülfüqar bəyin Ağdaşda yaşamasından istifadə edərək onun rəhbərliyi ilə bir teatr təsis etmək fikrinə düşdüm. Əvvəlcə, Zülfüqar bəyə müraciət etdim. O, çox məmnuniyyətlə qəbul eti”. Ağdaşda ilk tamaşa 10 aprel, 1908-ci ildə göstərilmiş və R. Əfəndiyevin “Qan ocağı” adlı əsəri tamaşaya qoyulmuşdur. 1908-ci ilin aprel və may aylarında nəşr olunan “Molla Nəsrəddin” jurnalında teatrın fəaliyyəti barədə məqalə verilib. Muxtar Əfəndizadənin fəaliyyətinin ikinci ən böyüyü 1909-cu ildə Ağdaşda “Qız məktəbi”nin təsisindən ibarət olmuşdur. Əslində XX əsrin əvvəllərində Azərbaycanın əyalətində qızların məktəbə cəlb edilməsi nadir hadisə idi. 2 sentyabr 1909-cu il “Səda” qəzetinin 19-cu nömrəsində “Qız məktəbi”nin güşadı” adlı məqalədə müəllif bu əlamətdar hadisədən geniş danışıb. “Səda” qəzetinin 7 iyul, 1910-cu il 130-cu nömrəsindən öyrənirik ki, “Səadət” adlandırılan həmin məktəbdə imtahan götürülürdü. “Səda” qəzetinin redaktoru Haşim bəy Vəzirov Ağdaşa gəlir və imtahanda iştirak edir.

– Muxtar Əfəndizadə pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla ictimai-siyasi işlərlə də məşğul olubmu?

– O,1911-ci ildə həmin dövrün məktəb dərsliyi olan “Şəraül-islam” adlı kitabı nəşr etdirir. 1919-cu ilin dekabr ayında Azərbaycan Demokratik Respublikasının Parlamentinə deputat seçilir. Azərbaycan Demokratik Respublikasının üzvü kimi o, dəfələrlə Türkiyədə olur.

-Muxtar Əfəndizadənin 1918-ci ildə Azərbaycanı ermənilərdən xilas etməyə gəlmiş Nuru paşa ilə dostluğundan indi də xatirələr danışılır.

– Muxtar Əfəndizadənin Nuru Paşa ilə dostluğunu yada salmaq yerinə düşdü. 1918-ci ildə ermənilərin qırğın törətdiyi zaman Ağdaşda müdafiə komitəsi yaranır. Muxtar Əfəndi Nuru Paşanı Ağdaşa dəvət edir. Bu gün də böyükdən kiçiyə qədər, hər bir şəmsabadlı Muxtar Əfəndinin Alma bağında Nuru Paşanın dəstəsinə qonaqlıq verməsini bilir. Azərbaycan Demokratik Respublikası hökuməti süquta uğrayandan sonra Muxtar Əfəndizadə uzun müddət təqiblərə məruz qalır. İyirminci illərin sonlarında Tiflisə gedir. O, Yol Mühəndisləri İnstitutunda müəllim işləyir. Lakin Tiflisdə də təqiblərə məruz qalır. Onu həbs edib, Kirov vilayətinə sürgün edirlər. 1934-cü ildə keçmiş SSRİ Ali Sovetinin sədri Kalininə ərizə ilə müraciət edir. Bundan sonra onu azad edirlər. Bakıya qayıdan Muxtar Əfəndizadə A. Bakıxanov adına Tarix İnstitutunun sifarişi ilə İsgəndər Münşinin “Tarixi aləmi-arayi-Abbasi” əsərini farscadan tərcümə edir. Daha sonra o, bir sıra alimlərin əsərlərini ərəb və fars dillərindən tərcümə edir.

– Muxtar Əfəndizadə bir sıra dərsliklərin müəllifi kimi də tarixə düşüb. Bu barədə nə deyə bilərsiniz?

– 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Şərq dilləri fakültəsi açılır. Müxtar Əfəndizadə universitetə ərəb dili müəllimi kimi işə qəbul olunur. O zaman ali məktəblərdə dərsliklərin çatışmaması ciddi problem yaradırdı. Bunu görən Muxtar Əfəndizadə “Miftahu lisan-il ərəb” (ərəb dilinin açarı) adlı dərslik yazır. Həmin əsər 1947-ci ildə nəşr edilir. Bu, SSRİ ali məktəbləri üçün nadir hadisə idi. Ərəb və fars dilinin kamil bilicisi olan Muxtar müəllim həm də orta məktəbin 5, 6, 7 və 8-ci sinifləri üçün “Ərəb dili” və “Fars dili” dərsliklərini yazıb. 1950-ci illərdə Muxtar Əfəndi yenidən təqiblərə məruz qalır. Onu “kosmopolit” damğası ilə ləkələmək istəyirlər. Bunu görən Muxtar Əfəndi 1950-ci ildə pensiyaya çıxır. O, pensiyada olarkən Sədi Şirazinin “Gülüstan” poemasının hərfi tərcüməsini edir. Bundan sonra o, qədim əlyazmaları toplamağa başlayır. Ömrünü maarifçilik sahəsinə həsr etmiş Muxtar Əfəndizadə 1975-ci ildə vəfat edib və doğulduğu Şəmsabad kəndində dəfn edilib.

Müsahibimizin sözlərinə əlavə olaraq onu da deməyi özümüzə borc bilirik ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Muxtar Əfəndizadənin böyük maarifçilik işi yüksək qiymətləndirilərək adı əbədiləşdirilib. Dünyaya göz açdığı Şəmsabad kəndindəki tam orta məktəbinə onun adı verilib. Ağdaş şəhərinin mərkəzi küçələrindən biri də onun adını daşıyır.

Pərviz Əliyev, Rafiq Rəhimov, Ağdaş