Müxalifət Paşinyanı niyə devirə bilmir?

0
35

10 noyabrda kapitulyasiya imzalayan Ermənistan baş nazirinə qarşı müxalifətin artıq bir aya yaxındır davam edən mübarizəsi ciddi nəticə verməməsi ilə diqqət çəkir.

16 müxalif siyasi partiyanın birləşməsi və hökumətə qarşı çıxması, ardıcıl aksiyalar, demək olar ki, bütün siyasi kəsimin hökuməti xəyanətdə ittiham etməsi, hətta din xadimlərinin əllərinə xaç alaraq, “xilas hərəkatına” qoşulması Nikol Paşinyanın istefası üçün ciddi müqavimətə çevrilməyib.

Səbəblər sırasında ilk növbədə cəmiyyətin reaksiyasını göstərmək mümkündür. Erməni cəmiyyəti bu aksiyalara ciddi dəstək vermir. Təsadüfü deyil ki, hazırkı etiraz aksiyalarını “siyasi elitanın çevriliş cəhdi” deyə adlandırırlar.

Doğrudan da belədir: aksiyalarda kütləvilik və ən əsası, xalqın iştirakı hiss edilmir. Aksiyalar kiçik partiyaların tanınmış isimləri və azsaylı üzvlərindən ibarət olur.

Xalq bu aksiyalara niyə dəstək vermir?

1. Hazırda meydanda olan siyasi liderlərin böyük əksəriyyəti ya Paşinyanla, ya da ondan əvvəlki hakimiyyətlərlə çalışan, adları bu və ya digər dərəcədə korrupsiyada və siyasi oyunlarda hallanan şəxslərdir. Onların heç biri yeni sima deyil və xalq onlara inanmır.

2. Prosesin arxasında “beyin mərkəzləri” və QHT-lər, maliyyəçilər dayanmır.

3. Etirazçılar heç bir yeni ideya təklif edə bilmirlər. Onlar 10 noyabrda imzalanan üçlü Bəyanatdan çıxmağın mümkün olmadığını rəsmən elan etdilər. Belə olduğu halda “xilas üçün” hansı təşəbbüs qalır? Əgər yeni komanda da Bəyanatı icra edəcəksə, onda uduzmuş və itki vermiş xalq öz yaralarını sarımamış niyə onlara qoşulmalıdır?

4. “Siyasi elita”nın çevriliş prosesində ən yaxşı halda Qarabağdan gedənlər iştirak edə bilərdilər. Ancaq onları Rusiya “yüksək çevikliklə” geri – Xankəndiyə qaytarır və onların daxili siyasi proseslərdə iştirakına imkan vermir.

5. Ermənistanın daxil olduğu təşkilatlar, daha dəqiq desək, Ermənistanın hazırda asılı olduğu Rusiya və KTMT/Aİİ Paşinyan hakimiyyətinə açıq dəstək verdiyini elan etdi. Belə ki, Putin açıq şəkildə Bəyanatın icrasına görə Paşinyanı dəstəkləmək lazım gəldiyini bildirdi və müttəfiqlərə bununla bağlı çağırış etdi. Bu, o deməkdir ki, Rusiya birmənalı olaraq siyasi aksiyaları dəstəkləmir.

Müxalifətin Qərbdən yardım gözləməsi də mümkün deyil. Zatən Qərbin dəstəyi “Soros cocuğu” olan Paşinyanadır.

Beləliklə, müxalifətin heç bir xarici dəstəyi yoxdur.

6. Dekabr ayıdır, soyuqlar getdikcə artır. İndi uğradığı məğlubiyyətdən dolayı ağır sarsıntı keçirən cəmiyyət soyuq İrəvan küçələrində “birlik nümayiş etdirmək”dən çox uzaqdır. Uzun illər “qalib eyforiyası” ilə şişirdilən cəmiyyət birdən-birə nə qədər gücsüz, zəif, ölkəsinin necə oyuncaq olduğu reallığı ilə üzləşdi və bu reallıq onlara elə bir zərbə vurdu ki, bütövlükdə xalqın özünə reabilitasiya lazımdır – təkcə cəbhədən qayıdan əsgərlərə deyil. Ona görə də onlar heç bir halda aksiyalara dəstək verməyəcəklər.

7. Müxalifətin aksiyalarında yenilik, ideya yoxdur. Hətta 16 müxalif partiya birləşir, yalnız 2018-ci ildə Paşinyanın metodunu – nəqliyyatın hərəkətini iflic etmək yolunu “seçir”.

Bu gün müxalifət buna cəhd etsə də, çox acınacaqlı vəziyyətə düşdü. Bəlli oldu ki, onların nəqliyyatın hərəkətini iflic etməyə, yolları bağlamağa sayları imkan vermir. Buna görə də Respublika meydanına toplaşmağa qərar verdilər.

Paşinyanın öz metodu ilə ona qalib gəlmək istəyi real görünmür. Çünki Paşinyana o “metodu” öyrədənlər onun “vaksin”ini də təqdim ediblər.

8. Rusiya və Qərbdəki diasporlar içərisində Paşinyana etiraz edənlər və onun istefasına çağırış edənlər olsa da, həmin qurumlar müxalifətə yatırım etmirlər.

Rusiyadakı erməni əsilli milyarderlərə də prosesə müdaxilə etməmək tapşırığı verilib və beləliklə, müxalifət “havadan asılı” vəziyyətdədir.

9. Dekabrın 2-dən 5-dək bir-birindən ciddi şəkildə fərqlənən 3 təşkilat sorğularının nəticəsini elan etdi: Paşinyanın reytinqi 38 faizdir!

Bu göstərici hamını təəccübləndirdi. Hətta maraqlı odur ki, 25 noyabra qədər keçirilən sorğudan sonra Paşinyan reytinqini 3 faiz artırmağı da bacarmışdı.

Bu isə o deməkdir ki, Paşinyan sosial dayaqdan tamamilə məhrum deyil. Siyasətdən kənar, naşı, dövlət adamı olmağı bacarmayan “Soros cocuğu” çox əla piarçı, təbliğatçıdır və bu baxımdan rəqiblərini çox qabaqlayır. Ardarda açdığı canlı yayımlarla Qarabağ danışıqlarında əslində siyasi baxımdan Köçəryan və Sərkisyanın uduzduğunu faktlarla təqdim edən Paşinyana inananlar daha çoxdur.

Əslində də Paşinyan həqiqəti deyir: ona qədər Qarabağla bağlı ciddi tələblər olmuşdu və Ermənistanda kimin hakimiyyətdə olmasının heç bir əhəmiyyəti yox idi. Sadəcə, Paşinyan “ağalarına” güvənərək, olduqca yanlış bir yol seçdi və iddialarının, işğalçı mahiyyətinin güdazına getdi.

Zatən eyni aqibət Sərkisyanı da gözləyirdi.

10. Ermənistan cəmiyyətində Qarabağ ermənilərinə qarşı böyük bir nifrət var və bu, Qarabağdan gedən ermənilərin yerləşməsi zamanı da özünü büruzə verdi. Ermənilər artıq Qarabağı işğalda saxlamaq siyasətindən beziblər: buna heç resursları dözmür – nə insan kapitalı, nə maddi gücləri. Etiraf etməsələr də, Qarabağın Azərbaycanın olduğunu dərk edirlər və bilirlər ki, özlərindən qat-qat güclü olan Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Növbəti ağır zərbə almamaq üçün bu siyasi oyunlarda alət olmaq istəmirlər.

Başqa səbəblər də var, əlbəttə. Ancaq bu 10 səbəb Paşinyanın hələ bir müddət hakimiyyətdə qalacağının göstəricisidir.

Növbəti sorğularda hətta Paşinyanın reytinqinin artdığı müşahidə edilsə, bundan təəccüblənməyə dəyməz… //Axar.az