“Müvəqqəti narahatçılığa görə üzr istəyirik”

776

Dünən oxucularımdan biri zəng edib soruşdu:

– Müəllim, bəlkə, siz bilərsiniz, dilimizdə nigarançılıq sözü var?

– Əlbəttə, var, – dedim.

Oxucum fikrimi tamamlamağa imkan vermədi və növbəti sualla müraciət etdi:

– Müəllim, belə çıxır ki, siz Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun…

– Bizdə Nəsimi adına Dilçilik İnstitutu yoxdur… İmadəddin Nəsimi adına Dilçilik İnstitutu var, – söyləməklə bu dəfə mən onun dediklərinə düzəliş etdim.

Oxucum:

– Lap olsun elə… Hə, onu deyirdim axı, müəllim, məgər siz Azərbaycan Milli Elmlər Akademiyasının İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun məsul əməkdaşı, daha doğrusu, “Küçə adları, reklam və afişaların dili”nin monitorinqi üzrə qrupun rəhbəri Rasim Heydərovdan çox bilirsiniz?

Doğrusu, oxucumun bu sözləri xətrimə dəydi. O, bunu duyubmuş kimi söylədi:

– Xətrinizə dəyməsin… Elə isə bəs filan məlumatı oxuyun…

Bu sözlərdən sonra o, telefonunu söndürdü.

Uzun sözün qısası. Oxucumun verdiyi koordinasiya əsasında məlumatın izinə düşdüm və tezliklə tapdım. Həmin xəbərdə deyilirdi: “Rasim Heydərov onu da bildirib ki, şəhərdə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazısına tez-tez rast gəlirik. Bildirirəm ki, Azərbaycan dilində “narahatçılıq” sözü yoxdur”.

Sözün düzü, bu sözləri oxuyanda özüm-özümün savadından şübhələndim. Odur ki, başladım axtarışa: ilk əlimə keçən “Azərbaycan dilinin izahlı lüğəti” (III) oldu… Həmin kitabda “narahatçılıq” sözünü çox axtardım, amma tapa bilmədim. Bir neçə eynəkli, eynəksiz iş yoldaşımdan xahiş etdim: onlar da axtardılar, tapa bilmədilər. Yaman dilxor oldum, odur ki, oxucuma zəng edib, ondan “yanlış” məlumatıma görə üzr istəmək istədim. Amma fikrimdən daşındım: dedim, qoy əməlli-başlı axtarım. Yenə kitabın “n” bölməsini ələk-vələk etməyə başladım: həmin kəlməyə rast gəlmədim. Bu dəfə özümü daha narahat hiss etməyə başladım.

Bu zaman neçə il öncə elə bu kitabı, yəni “Azərbaycan dilinin izahlı lüğəti”ni nəşrə hazırlamış, təkmilləşdirmiş, üstəlik, redaktorluq etmiş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Ağamusa Axundovdan (Allah rəhmət eləsin) müsahibə alarkən onun dedikləri yadıma düşdü: “Elə sözlərimiz var ki, bu və digər səbəblərdən “Azərbaycan dilinin izahlı lüğəti”nə düşməyib. Belə hallarda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə müraciət etməyiniz məsləhətdir”. Həm də bildirdi ki, bizim dilimizdə işlənən sözlərin, demək olar ki, hamısı həmin kitabda toplanıb.

Bəli, mən də üz tutdum “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə. Kitabın 475-ci səhifəsində “narahatçılıq” sözünü tapanda dərindən nəfəs aldım və yavaşca dilləndim: “Belə olan halda, axı kim deyə bilər ki, dilimizdə “narahatçılıq” sözü yoxdur?”

Bu yazını yazmaqda məqsədim heç də həmin əməkdaşın bostanına daş atmaq deyil. Sadəcə, məni buna məcbur edən, nəql etdiyim kimi, adi bir oxucunun sualı oldu. Bilmirəm, buna görə oxucuya təşəkkür edim, yoxsa yox… Amma mənim dəqiq bildiyim budur ki, Azərbaycan Milli Elmlər Akademiyasının İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun məsul əməkdaşı mənim yozduqlarımdan narahat olacaq. Odur ki, mən də bəri başdan deyirəm: “Müvəqqəti narahatçılığa görə üzr istəyirik”.

Əgər bu üzrxahlığımı qəbul etməsə, istəsəm də, istəməsəm də, həmin oxucum kimi deyəcəyəm: “Olmaya, siz bizim çox hörmətli professorumuzdan çox bilirsiniz?”

Qvami Məhəbbətoğlu