Mustafa Krımoğlu Azadlığa gedən əzablı yollar(1)

0
544
Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra Krım tatarlarının problemləri yenidən beynəlxalq aləmin diqqətini cəlb edib. Bu müstəvidə də yarımadanın ilhaqı ilə eyni zamanda Krım tatarlarına qarşı yeni təzyiqlərin artması, onların sıxışdırılması və doğma ata-baba  yurdlarını tərk etmək üçün təzyiqlərin ara verməməsi təhlükəli xarakter almaqdadır. Bu isə, öz növbəsində, Rusiya tərəfindən Krım tatarlarının yenidən deportasiyası təhlükəsi əmələ gətirib.
 

Ötən bazar günü Krım tatarlarının yarımadadan deportasiya edilməsinin 70-ci ildönümü dünyanın əksər ölkələrində, o cümlədən Türkiyədə, Polşada və ABŞ-da kədər və hüznlə qeyd edildi. Buna paralel olaraq, Krım tatarlarının sürgün edilmiş yerlərdən dədə-baba yurdlarına qayıtmaları üçün uzun illər mübarizə aparan və buna görə həyatının çox illərini həbsxanalarda keçirən Mustafa Krımoğlunun ( Cəmilov) yenidən ana vətənə girişinə qadağa qoyulması Krım tatar xalqının azadlıq mücahidinin alovlu mübarizə yollarına Qərbdə maraqları daha da artırıb. Eyni zamanda Krım tatar xalqının azadlığı uğrunda apardığı mübarizəyə görə Mustafa Krımoğlunun Polşanın ali mükafatlarından birinə layiq görülməsi və onun Nobel mükafatına namizəd göstərilməsi başı min əziyyətlər çəkən bu talesiz xalqın haqq işinin beynəlxalq aləmdə daha yüksək səviyyədə dəstəklənəcəyinə ümidlər əmələ gətirməkdədir. Təbii ki, beynəlxalq aləmdə Krım tatar xalqının azadlıq mübarizəsinə və onun məruz qaldığı haqsızlıqlara diqqətin artması, həmçinin XX-XXI əsrlərdə öz xalqının tapdalanan hüquqlarının bərpası uğrunda aparılan mübarizəyə rəhbərlik edən Mustafa Krımoğlunun azadlıq mübarizi kimi qəbul edilməsi təqdirəlayiq hadisələrdən biri hesab edilə bilər. Mustafa Krımoğlunun əsarət altında çırpınan türk-müsəlman xalqlarına örnək olan mübarizə yolu haqqında isə çoxlarının az məlumata malik olduğunu nəzərə alaraq, onun keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salmağı məqsədəuyğun hesab etdik.

 

Kədər və hüznlə dolu uşaqlıq illəri

Mustafa Abdulcəmil oğlu Cəmilov (Krımoğlu) 1943-cü ilin oktyabr ayının 13-də Krımdakı Bozkoy kəndində anadan olub. Onun valideynləri-atası Abdulcəmil və anası Mahfurə ötən əsrin 30-cu illərində SSRİ-də tüğyan edən Stalin repressiyaları zamanı Krımın Sudak rayonunun Aysərəz kəndindən Urala sürgün edilmişdilər. Buna səbəb Abdulcəmilin bolşevizmə düşmən hesab edilən “kulak” ( varlı kəndli) olması göstərilmişdi. Amma II Dünya müharibəsi ərəfəsində Abdulcəmil ailəsi ilə birlikdə gizlicə Krıma dönə bildi. Ailə yenidən sürgün olmaq təhlükəsini nəzərə alaraq, qeydiyyata düşmədən Krımın şimalındakı gözdənuzaq Bozkoy kəndində məskunlaşdı. Gələcəkdə Krım tatar xalqının azadlıq mübarizəsinə başçılıq edəcək Mustafa da Krım tatarlarının sürgün edilməsindən 7 ay əvvəl məhz bu kənddə anadan oldu. 1944-cü il may ayının 16-da Mustafanın atası yenidən həbs edildi. Buna səbəb isə onun Krım tatar xalqının haqq işini  qorxmadan müdafiə etməsi və əsarətə qarşı çıxması olmuşdu.

May ayının 18-də isə Krım tatar xalqının yeni fəlakəti – Orta Asiyaya, Ural və Qazaxıstana deportasiyası başladı. 6-7 aylıq olan, dünyadan xəbərsiz balaca Mustafa bacıları Şəvqiyə, Vəsfiyə və qardaşları Hənəfi və Həsənlə birlikdə uzunsürən bir dəhşət dolu, sözün əsl mənasında, cəhənnəm “səfərinə” çıxmağa məcbur edildilər. Atası həbsdə olduğundan anaları yanlarında idi. Bu dəhşətli deportasiyada çox analar övladlarını, çox övladlar analarını itirdilər. Amma Mahfurə xanım balaca ciyərparasını – Mustafanı Allahın yardımı və mərhəməti ilə qoruya, mənzilbaşına sağ-salamat çatdıra bildi.

 

Ağır sürgün illəri

Mustafagilin ailəsini Özbəkistanın Əndican şəhəri yaxınlığındakı bir kənddə yerləşdirdilər. Burada aclıq, xəstəlik tüğyan edirdi. Nəticədə qısa müddətdə sürgün yerindəki yüzlərlə insan aclıq, xəstəlik və soyuğun qurbanına çevrildi. Əslində buna həyat da demək olmazdı.  Sürgün olunan hər bir Krım tatarı, belə demək mümkünsə, cəhənnəm həyatı yaşayırdı. Stalinin ölümündən sonra deportasiya olunanlara münasibət nisbətən dəyişdi. Uşaqlığını belə dəhşət dolu bir sürgündə keçirən balaca Mustafada rejimə qarşı dərin bir nifrət əmələ gəlmişdi və sonralar bütün həyatı boyu bu nifrətini addımbaşı büruzə verdi. Anası Mahfurə xanım ağır sürgün həyatında belə, Mustafanın oxumasının qeydinə qalmış və bunun üçün əlindən gələni etmişdi. 1955-ci ildə sürgün olunanlar üzərində təzyiqlərin nisbətən zəifləməsindən istifadə edən Cəmilovlar ailəsi Daşkənd yaxınlığındakı bir qəsəbəyə köçdülər. Talenin hökmü ilə ana dilində deyil, rus dilində məktəbdə oxumağa məcbur olan Mustafa 1959-cu ildə orta məktəbi başa vurdu. Damarlarında axan Şərqə, keçmişinə, tarixinə olan məhəbbət qanı onu ərəb dilini öyrənməyə, bu sahə üzrə təhsil almağa həvəsləndirirdi. Ona görə də sənədlərini Daşkənd Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsinə verdi. Ancaq onun sənədlərini bu fakültəyə qəbul etməkdən imtina etdilər. Səbəbini də belə izah etdilər: “Krım tatarlarının, yəni sovet hökumətinə sadiq olmayan bir millətin övladının bu ixtisas üzrə oxumasına qadağa qoyulub. Özünə get ayrı peşə seç, boş-boşuna şərqşünas olmaq fikrinə düşmə”.

 

Rejimə qarşı mübarizəyə başlayır

Universitet rəhbərliyinin bu sözləri Mustafada ağır mənəvi izlər buraxdı və o, ali təhsil almaq fikrindən vaz keçməli oldu. Amma özünə qarşı edilən bu haqsızlığı heç cür həzm edə bilmirdi. Həmin dövrdə ailəsi maddi baxımdan böyük sıxıntı içində idi. Ona görə də Mustafa Daşkənd Aviasiya Zavodunda işə düzəldi. Daxilində rejimə olan nifrət və Krım tatar xalqının da deportasiyaya məruz qalan digər SSRİ xalqları kimi doğma yurd-yuvalarına – Krıma qayıtması uğrunda mübarizəyə həsr edən gənc Mustafa ətrafına özü kimi həmfikirlərini toplayaraq, rejim əleyhinə təbliğata başlamışdı. Bu məqsədlə də 18 yaşlı Mustafa 1961-ci ildə bir qrup gənc tatarla birlikdə “Krım Tatar Milli Gənclik Təşkilatı”nı qurdu. Ancaq Mustafanın və digər Krım tatarlarının hər addımını izləyən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) dərhal yeni gizli təşkilatın qurulmasından xəbər tutdu. Bir həftədən sonra xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yeni qurumun üzvləri, o cümlədən Mustafa həbs edildi.  DTK-da onlardan izahat aldıqdan sonra azad etdilər. Mustafanı isə etibarsız adam kimi işlədiyi zavoda buraxmadılar. Belə bir vəziyyətdə Mustafa yenidən ali təhsil almaq niyyətinə düşdü. Hər halda o, millətinə xeyir vermək, onun azadlığı, tapdalanan haqlarının bərpası üçün nə isə etmək istəyirdi. O həmin dövrdə artıq qəti şəkildə özünün gələcək həyat yolunu müəyyən etmişdi. Ömrünü millətinin azadlığı uğrunda mübarizəyə həsr edəcəkdi. Şərqşünas ola bilməyəcəyini və rejimin buna imkan verməyəcəyini anlayan Mustafa 1962-ci ildə Daşkənd İrriqasiya, Meliorasiya və Kənd Təsərrüfatı Mühəndisləri İnstitutuna daxil oldu. O burada təhsil aldığı illərdə də Krım tatar xalqının azadlığı uğrunda mübarizəsini davam etdirdi. Gününün çox hissəsini kitabxanalarda keçirən və burada Krım tatarlarının tarixini, Şərq mədəniyyətini öyrənməyə həsr edən Mustafa acgözlüklə tarixi mənbələri öyrənirdi. Çünki bu öyrəndikləri ona xalqının azadlığı uğrunda mübarizədə əhali arasında maarifçilik təbliğatında çox köməyinə gəlirdi. Nəticədə institut tələbələri arasında rejimə qarşı bir nifrət toxumu səpə bilmişdi.

 

İnstitutdan xaric edilir

1965-ci ildə Mustafa Cəmilov tarixi mənbələrdən əldə etdiyi faktlara əsasən “Krımda XIII-XVII əsrlərdə türk mədəniyyəti” adlı məqaləsini yazdı. Lakin bu məqalənin elmi jurnallarda dərc edilməyəcəyini bildiyindən onu əlyazması halında ali məktəb tələbələri arasında yaydı. DTK əməkdaşları dərhal bundan xəbər tutaraq, Mustafa Cəmilovu istintaqa cəlb etdilər. O, istintaqa verdiyi ifadəsində günah bir iş görmədiyini, tarixi mənbələrə əsasən xalqının  keçmişi və mədəniyyəti ilə bağlı məqalə yazdığını, ancaq  onun elmi jurnallarda dərc edilməyəcəyini nəzərə alaraq, tələbələr arasında yaymağa məcbur olduğunu bildirmişdi. Bu dəfə DTK məsələyə görə Mustafa Cəmilovu həbs etməyə səbəb tapa bilmədi. Əvəzində DTK-nın tələbi ilə Mustafa Cəmilovu antisovet fəaliyyətinə görə institutdan xaric etdilər. Buna baxmayaraq Mustafa Cəmilov xalqının azadlığı  uğrunda mübarizəsini davam etdirməkdə idi. İmkan düşən kimi o rejim əleyhinə təbliğatını davam etdirir, xalqını öz haqlarını tələb etməyə, yenidən doğma vətənə – Krıma qayıtmaq uğrunda mübarizəyə ruhlandırırdı.Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here