Mustafa Krımoğlu – azadlığa gedən əzablı yollar (4)

0
488
Krım tatarlarının SSRİ-nin dağılmasında oynadığı əvəzsiz roldan, adətən, az danışır və ya heç danışmırlar. Bunun da səbəbləri var. Moskvada Krım tatarlarının SSRİ-nin dağılmasında oynadıqları roldan bəhs etməyi öz imiclərinə vurula biləcək zərbə kimi qəbul edirlər. Halbuki məhz Qızıl meydanda Krım tatarlarının keçirdikləri etiraz aksiyası SSRİ-dəki digər xalqları da cəsarətləndirdi və bununla əsarət altında inləyən millətlərin milli azadlıq mübarizəsinə təkan verildi. Buna paralel olaraq, 1987-ci ildə Qızıl meydanda keçirilən aksiya Krım tatarlarının kortəbii şəkildə də olsa doğma vətənlərinə, Krıma qayıtmasının əsasını qoydu. Moskva artıq Krım tatarlarının Krıma qayıtmasına mane olmaq iqtidarında deyildi. Çünki məsələnin həllinə bundan sonra da mane olunması və geriyə köç prosesinə imkan verilməməsinin daha  xoşagəlməz hadisələrə yol aça biləcəyindən Kremldə ehtiyat edirdilər.
Krım Tatar Milli Hərəkatı təsis edilir

Krım tatarlarının doğma yurd-yuvalarına qayıtmaları uğrunda apardıqları mübarizənin vahid mərkəzdən idarə olunması və ona mərkəzləşdirilmiş qaydada rəhbərlik edilməsi məqsədi ilə yeni təşkilata ehtiyac duyulurdu. Bunu Krım tatar xalqının Krıma qayıtması uğrunda apardığı mübarizəyə rəhbərlik edənlər də yaxşı bilirdilər. Ona görə  də SSRİ-nin müxtəlif bölgələrində yaşayan Krım tatarlarını təmsil edən təşəbbüs qrupunun üzvləri vahid mərkəzdə birləşmək və bu prosesə  başçılıq edəcək liderin müəyyən edilməsi qərarına gəldilər. Bu məqsədlə də 1989-ci ilin may ayında Daşkənddə keçirilən təşəbbüs qrupları nümayəndələrinin toplantısında Krım Tatar Milli Hərəkatının yaradılması barədə qərar qəbul edildi. Krım tatar xalqının azadlığı uğrunda imperiyanın qılıncının dalının da, qabağının da kəsdiyi bir dövrdə həbslərdən və ölümdən qorxmayaraq cəsarətlə mübarizə aparan və buna görə dəfələrlə həbs edilən, ancaq bütün qüvvəsi ilə yenidən soydaşlarının doğma torpaqlara qayıtmaları üçün mücadiləsini davam etdirən Mustafa Cəmilov Krım Tatar Milli Hərəkatı Təşkilatının lideri seçildi. Bununla da vətənpərvər qüvvələr tərəfindən Krım tatarlarının Krıma qayıtmaları uğrunda aparılan mübarizənin yeni mərhələsi başlandı. Krım tatarlarının doğma vətənə qayıtmalarına kömək etmək və onları geriyə, dönüşə ruhlandırmaq üçün Cəmilov 1989-cu ildə ailəsi ilə birlikdə Krıma qayıtdı. Sovet rejimi, əvvəlcə, onun doğma vətənə qayıtmasına mane olmaq istəsə də, sonra bunun beynəlxalq aləmdə yenidən etiraz aksiyalarına səbəb ola biləcəyindən ehtiyat edərək bundan vaz keçdi.  Mustafa Cəmilovun Krıma qayıtması ilə Krım tatarlarının vətənə qayıtması uğrunda apardıqları mübarizənin mərkəzi də oraya keçirildi. Bununla da Krıma Krım tatarlarının geriyə dönüşü prosesi daha da gücləndi. 1991-ci ilin iyun ayında Krım tatar xalqının milli qurultayı keçirildi. Bu, 1917-ci ildə keçirilən Krım tatar xalqının milli qurultayından sonra ikinci belə böyük bir hadisə idi. Qurultayda Mustafa Cəmilov ( Krımoğlu) yenidən Krım tatar Məclisinin sədri seçildi. Bundan sonra öz fəaliyyətini daha da genişləndirən Mustafa Cəmilov Krıma qayıdan soydaşlarının milli özünüidarəetmə orqanlarını formalaşdırmağa başladı. Buna səbəb isə yerli idarəetmə orqanları rəhbərlərinin müxtəlif yollarla Krım tatarlarının vətənə qayıtmalarına mane olması və onlara məskunlaşdıqları ərazilərdə zor tətbiq etməsi idi. Mustafa Cəmilovun ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Krım tatar xalqının geriyə qayıdışı zamanı yerli əhali ilə hökumət orqanları arasında münaqişələrin baş verməsinə yol verməməsi oldu. O bununla da Krım tatarlarının Krıma qayıdacağı halda, burada yerli əhali ilə onlar arasında guya qarşıdurma yaranacağı barədə SSRİ rəhbərliyi tərəfindən gətirilən bəhanələrin əsassız olduğunu sübut etmiş oldu. Həmin dövrdə SSRİ-nin dağılması qarşısıalınmaz prosesə çevrilmişdi. Bu mübarizədə Krım tatarları da fəal iştirak edirdilər. Çünki SSRİ-nin dağılması və Ukraynanın da bu müstəvidə müstəqilliyini əldə etməsi Krım tatarlarına Moskvanın zülmlərndən xilas olmağa, onlara Krımda özlərini daha rahat hiss etməyə imkan verəcəkdi. Ona görə də Krım tatarları Ukrayna xalqının milli azadlıq mübarizəsində onları dəstəkləyərək, bu prosesə böyük töhfələr verdilər.

 

250 min  Krım tatarı doğma yurdda

Mustafa Cəmilovun və silahdaşlarının apardıqları mübarizə nəticəsində təxminən 250 min nəfər tatar doğma yurd- yuvalarına qayıda bilib. Lakin yeni yurd yerində Krım tatarlarının problemləri kifayət qədərdir. Onları qeydiyyata almır, məskunlaşdıqları əraziləri qeyri-qanunı yolla tutulmuş ərazilər kimi qələmə verərək onlara təzyiqlər edilir. Bu işdə Krımı idarə edən rusyönlü idarəçilər xüsusi fəallıq göstərirlər. Buna baxmayaraq, Krım tatarları doğma yurdda qalmaq uğrunda mübarizələrini davam etdirirlər. Ötən 20-22 il ərzində Krım tatarları çətinliklə də olsa dədə-baba yurdlarına alışa, onların bu yerlərə qayıtmasını istəməyən güclərin müqavimətini dəf edə biliblər. Təbii ki, bu işdə Mustafa Krımoğlunun (Cəmilov) böyük xidmətləri olub.

 

Beynəlxalq mükafatlar sahibi

Krımdan Ukraynanın Ali Radasına deputat seçilən Mustafa Krımoğlu Krım tatarlarının problemlərini dəfələrlə Ukrayna parlamentində, həmçinin beynəlxalq səviyyədə qaldırıb. Təsadüfi deyil ki, haqq və ədaləti müdafiə etdiyinə və Krım tatarlarının azadlığı uğrunda apardığı mübarizəyə görə Krımoğlu beynəlxalq aləmdə böyük hörmət qazanıb. O, Ukraynanın Avropaya inteqrasiyasının qızğın tərəfdarıdır və bununla bağlı alovlu çıxışları ilə həmişə diqqət mərkəzində olub. O, insan hüquqlarının müdafiəsi və zülm altında olan xalqların ağır vəziyyətlərinə həsr edilən çoxsaylı beynəlxalq konfrans və simpoziumların iştirakçısı, Krım tatar xalqının milli azadlıq mübarizəsinə həsr etdiyi tarixi araşdırmaların müəllifidir.

İnsan haqlarının müdafiəsi uğrunda apardığı mübarizəyə görə Mustafa Krımoğlu BMT Qaçqınların problemləri üzrə Ali Komissarlığı tərəfindən “Nansen” beynəlxalq mükafatına layiq görülüb. Mustafa Krımoğlu həmçinin “Ukraynanın demokratikləşdirilməsi uğrunda”  P. Orlik adına beynəlxalq mükafatın laureatıdır. Bundan əlavə, Mustafa Krımoğlu “İnsan şəxsiyyətinin qorunması və demokratiya uğrunda mübarizəyə verdiyi töhfələrə görə  IV Demokratiya Uğrunda Hərəkat  Assambleyasının diplomunu alıb.

O həmçinin Ukraynanın Ali mükafatı olan knyaz “Yaroslav  Mudrı” ordeni ilə təltif edilib. Bununla belə, yaşının çoxluğunu nəzərə alaraq, Mustafa Krımoğlu ötən il Krım tatarları Ali Məclisinin sədri vəzifəsindən istefa verdi və onu bu vəzifədə Refat Çubarov əvəz etdi. Tutduğu vəzifəsindən istefa verməsinə baxmayaraq, Krımoğlu yenə də xalqının haqq və hüquqlarının müdafiəsi uğrunda aparılan mübarizənin ön sıralarında qalmaqdadır.

 

Yenidən sürgündə

Bu ilin mart ayında Rusiya tərəfindən Krımın işğal edilməsinə ən kəskin etiraz edən yenə də Krım tatar xalqı və onun böyük oğlu Mustafa Krımoğlu oldu. Rusiyanın Krımı işğalını sərt şəkildə pisləyən Mustafa Krımoğlu Krım tatarlarının ilhaqı tanımayacağını  bəyan etdi.  Krımın oyuncaq rejimi tərəfindən yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən referendumda iştirak etməyən Krım tatarları özlərini əvvəlki kimi Ukrayna vətəndaşı hesab etməkdə davam edirlər. Bu isə Moskvada əsəbiliklə qarşılanır. Ona görə də Krımın işğalından sonra Krım tatarlarına qarşı ruslar tərəfindən təzyiqlər ən yüksək həddə çatıb. Onları yenidən zorla Krımdan didərgin salmağa cəhd edirlər. Buna qarşı kəskin müqavimət göstərən və Rusiyanın bölgəni işğalını beynəlxalq aləmdə ifşa edən Mustafa Krımoğlunun   doğma yurda qayıtmasına  Moskva tərəfindən qadağa qoyub.  Qadağaya əsasən, Krımoğlu ancaq 5 ildən sonra doğma vətənə qayıda bilər. Bu isə Krım tatarlarının problemlərinə beynəlxalq aləmn diqqətinin yenidən cəlb edilməsinə gətirib çıxarıb. Krımoğlunun Krımın Rusiya tərəfindən işğalına qarşı apardığı mübarizə onun Polşanın ali mükafatlarından olan, insan hüquqları və əsarətə qarşı mübarizə aparan görkəmli siyasi xadimlərə verilən “Mətanət” ordeninə layiq görülməsi ilə nəticələnib.  Bundan əlavə, beynəlxalq aləmdə sülh və demokratiya uğrunda apardığı mübarizəyə görə bir çox beynəlxalq təşkilatlar tərəfindən Mustafa Krımoğlu Nobel beynəlxalq mükafatına namizəd göstərilib.

Bir sözlə, Mustafa Krımoğlunun Krım tatarlarının azadlığı uğrunda yarım əsrdən artıq bir müddət ərzində apardığı mübarizə yenə də davam edir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here