Mustafa Krımoğlu: azadlığa gedən əzablı yollar (3)

778
Həmin dövrdə SSRİ-yə qarşı pozuculuq fəaliyyətində günahlandırılan İlya Qabayla müqayisədə Mustafa Cəmilov daha ağır məhkumluq həyatı yaşamalı oldu. Onun hər addımı nəzarət altında idi və məhkumlarla ən cüzi söhbətindən belə, dərhal həbsxana rəhbərliyi xəbər tuturdu. Yenə də rejim həbsxanada Cəmilovu sındırmaq üçün ən çirkin üsullara əl atır, onun oradan sağ çıxmasına imkan verməmək üçün bütün imkanlardan istifadə edirdi. Lakin məhkumlar arasında Mustafa Cəmilovun hörməti kifayət qədər yüksək idi və lazım gələn anda dostları onun  aradan qaldırılmasına və ya ələ alınmış məhkumlar tərəfindən öldürülməsinə imkan vermədilər. 1972-ci ilin sentyabr ayında Mustafa Cəmilovu həbsdən azad etdilər. Bununla bağlı onun şəxsi işində qeyd edilmişdi ki, üç il həbsdə olmasına baxmayaraq, onu ( Mustafa Cəmilovu) tərbiyə etmək mümkün olmayıb. Bu dəfə Mustafa Cəmilovu ciddi nəzarət  altında Özbəkistanın Gülüstan şəhərinə göndərdilər. O, şəhər yaxınlığındakı sovxozlardan birində mühəndis kimi işləməyə başladı. Amma ciddi nəzarət altında olmasına baxmayaraq, Mustafa Cəmilov rejimə qarşı mübarizəsini davam etdirirdi. Alovlu mübariz müxtəlif yollarla dissident dostları ilə əlaqə saxlayır, onlarla insan haqlarının müdafiəsi üçün birgə hərəkət planları hazırlayırdı. Eyni zamanda rejimin xəbərdarlığına məhəl qoymayan Mustafa Cəmilov soydaşları arasında Krıma qayıtmaq üçün güclü təbliğat aparmaqda idi.
Yenidən həbsdəMustafa Cəmilovun həbslərdən qorxmayaraq Krım tatarlarının doğma vətənə qayıtması uğrunda mübarizəsini davam etdirməsi, nəhayət, rejimin səbrini daşdırdı. 1974-cü ildə SSRİ-yə qarşı təbliğat aparması adı altında Mustafa Cəmilovu həbs edərək, onu ciddi rejimli islah əmək düşərgəsində cəzasını çəkmək şərti ilə bir il müddətinə azadlıqdan  məhrum etdilər. Cəzasını çəkməsi üçün bu dəfə onu gedər-gəlməz hesab edilən Omskdakı ən kriminal həbs düşərgələrindən birinə göndərdilər. Bu dəfə rejim Mustafa Cəmilovu Omskdakı həbs düşərgəsindəki kriminal ünsürlərin vasitəsilə aradan qaldıracağına əmin idi. Bunun üçün Omsk həbsxanasındakı bəzi kriminal ünsürlər ələ alınmışdı. Lakin yenə də həbsxanada Mustafa Cəmilovu müdafiə edən məhkumlar tapıldı və onun ələ alınmış kriminal ünsürlər tərəfindən öldürülməsinə imkan verilmədi. Bunu görən sovet rejimi Mustafa Cəmilovun həbsdən azad edilməsinə 3 gün qalmış ona qarşı saxta ittihamlarla yeni cinayət işi qaldırdılar. Bu dəfə Cəmilov məhkumlar arasında antisovet təbliğatı aparmaqda və SSRİ-nin nüfuzuna xələl gətirən sənədlər hazırlamaqda günahlandırılırdı.

 

303 gün davam edən aclıq aksiyası

Mustafa Cəmilova qarşı edilən belə bir haqsızlıq, həqiqətən də, dözülməz və qeyri-insani bir hərəkət idi. Bu haqsızlığa dözməyən Mustafa Cəmilov müddətsiz aclıq aksiyasına başladı. Həbsxana administrasiyasının bütün cəhdlərinə baxmayaraq, Mustafa Cəmilov aclıq aksiyasını dayandırmadı. Ona görə də məcbur olaraq xüsusi yollarla onun mədəsinə qida yeritməyə başladılar. Mustafa Cəmilovun aclıq aksiyası 303 gün davam etdi. Krım tatar xalqının bu mübariz oğlunun uzun sürən aclıq aksiyası  SSRİ-də və beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Onu müdafiə etmək üçün SSRİ insan hüquqlarının müdafiə hərəkatının üzvləri, o cümlədən akademik Andrey Saxarov, general Pyotr Qriqoriyenko, dissident Pavel Litvinov, həmçinin Nobel mükafatı laureatları Henrix Bell, Salvador Luria, Corc Uold, məşhur filosof və publisist Aron Raymon, şair, Fransanın məşhur Pen klubunun prezidenti Pyer Emmanuel, tarixçi dissident Aleksandr Nekriç və digər tanınmış siyasi xadimlər ayağa qalxdılar. Buna baxmayaraq, 1976-cı il aprel ayının 14-15-də Omsk vilayət məhkəməsində Mustafa Cəmilov üzərində yeni dinləmələr başladı. Zal əvvəlcədən SSRİ xüsusi xidmət orqanları tərəfindən ələ alınmış mülki geyimli adamlarla doldurulmuşdu. Məhkəmə prosesində iştirak etmək üçün Omska gələn akademik Andrey Saxarovu və digər insan hüquqları müdafiəçilərini  məhkəmə zalına buraxmadılar. Məhkəmədə çıxış edən Mustafa Cəmilov Krım tatar xalqının Krıma qayıtması uğrunda mübarizə apardığını və buna görə ittiham edildiyini bəyan etdi. O bu yolla rejimin onu xalqından təcrid etmək, Krım tatar xalqının doğma vətəninə qayıtmasına mane olmaq istədiyini vurğuladı. Mustafa Cəmilov: “Rejimin bütün cəhdlərinə baxmayaraq, xalqımın doğma yurd-yuvalarına qayıtması üçün mübarizəni davam etdirən və məni əvəz edə biləcək insanlar tapılacaqdır. Rejim mənim üzərimdə yeni qurama  məhkəmə qurmaqla xalqımın milli mübarizəsinə daha bir təkan verəcək, onları sona kimi mübarizə aparmağa ruhlandıracaqdır”,-dedi.

Bu dəfə məhkəmə qurama ittihamlarla Mustafa Cəmilovu 2,5 il müddətinə azadlıqdan məhrum etdi və onu cəzasını çəkmək üçün Uzaq Şərqə göndərdilər. Amma yenə də rejim Mustafa Cəmilovu sındıra bilmədi. Həbsdən azad edildikdən sonra Mustafa Cəmilov daha inadla Krım tatar xalqının Krıma qayıtması üçün mübarizə aparmağa başladı. Eyni zamanda o insan haqlarının müdafiə hərəkatında da fəal iştirak etdi. Ona görə də rejim 1979-cu ilin fevral ayında Mustafa Cəmilov həbs edərək, qondarma ittihamla ona 4 il həbs cəzası veridi.  Cəzasını çəkmək üçün Mustafa Cəmilov bu dəfə daha sərt iqlimə malik olan Yakutiyaya göndərildi.

Həbs cəzasını çəkdikdən sonra yenidən Daşkəndə qayıdan Mustafa Cəmilov mübarizəsini daha da genişləndirdi. Bu dəfə də rejim “antisovet təbliğatı”na görə onu bağışlamadı. Mustafa Krımoğlunu 1983-cü ilin noyabr ayında həbs edərək, yenidən həbsə atdılar. 1984-cü ilin fevral ayında Daşkənd Vilayət Məhkəməsi Mustafa Cəmilovu SSRİ əleyhinə sənədlər hazırlamaqda, Krım tatarlarını kütləvi itaətsizlik aksiyasına hazırlamaqda və atasını icazə verilmədiyi halda Krımda dəfn etmək cəhdlərində günahlandırdı. Məhkəmədəki çıxışında Mustafa Cəmilov xalqının doğma yurd-yuvasına qayıtması üçün sona kimi mübarizə aparacağını, həbslərin onu öz müqəddəs mübarizəsindən döndərə bilməyəcəyini bir daha bəyan etdi. Mustafa Cəmilovu məhkəmə 3 il həbs cəzasına məhkum etdi və bu dəfə onu cəzasını çəkmək üçün Maqadandakı ciddi rejimli islah əmək koloniyasına göndərdilər.

Cəza müddətinin bitməsi ərəfəsində-1986-cı ilin dekabr ayında Maqadan Vilayət Məhkəməsi həbsxana administrasiyasının qərarlarına tabe olmamaqda Mustafa Cəmilovu günahlandıraraq bu dəfə ona üç il şərti həbs cəzası verdi. Həbs müddəti bitdikdən sonra isə o, 5 il də sınaq məhkumluq həyatı yaşamalı idi. Amma bu dəfə də SSRİ-də və beynəlxalq aləmdə Mustafa Cəmilovun azad edilməsi üçün böyük etiraz aksiyaları başladı. Nəticədə rejim Mustafa Cəmilovu azad etməyə  və şərti həbs cəzasını Özbəkistanda çəkməyə icazə verməyə məcbur oldu.

 

 Krım tatarlarının koordinasiya mərkəzi yaradılır

Özbəkistana qayıdan kimi Mustafa Cəmilov Krım tatarlarının doğma vətənə qayıtması üçün apardığı mübarizəsini daha da genişləndirdi. O, Krım tatarlarının doğma vətənə qayıtmaq uğrunda apardıqları mübarizəni idarə edən koordinasiya mərkəzi yaratmaq qərarına gəldi. Bu məqsədlə də Mustafa Krımoğlunun rəhbərliyi altında təşəbbüs qrupu yaradıldı. 1987-ci ilin aprel ayında keçirilən birinci ümumittifaq təşəbbüs qrupları nümayəndələrinin toplantısında Mustafa Cəmilov Krım Tatar Milli Hərəkatının Mərkəzi Təşəbbüs Qrupunun  üzvü seçildi. Yeni koordinasiya qurumunun yaradılması Krım tatarlarının doğma vətənə qayıtmaları üçün beynəlxalq aləmin diqqətini cəlb edən aksiyalar keçirməsinə və onların vahid mərkəzdən idarə edilməsinə imkan verdi. 1987-88-ci illərdə Krım tatarları yaşadıqları ərazilərdə Krıma qayıtmaq məqsədi ilə çoxsaylı etiraz aksiyaları keçirdilər. Bu da bütün dünyanın diqqətinin yenidən Krım tatarlarının problemlərinə cəlb edilməsinə gətirib çıxardı.

 

SSRİ-nin dağılmasına yol açan möhtəşəm etiraz aksiyası

1988-ci ildə isə Krım tatarları SSRİ tarixində  görünməmiş bir siyasi aksiya keçirdilər. Belə ki, 1987-ci ilin yayında SSRİ-nin müxtəlif yerlərindən gələn yüzlərlə Krım tatarı Moskvadakı Qızıl meydanda Krıma qayıtmaq tələbi ilə bir neçə gün davam edən etiraz aksiyası keçirdi. Bu etiraz aksiyası totalitar sovet rejiminə qarşı açıq şəkildə aparılan ilk leqal mübarizə idi və bütün dünya onların cəsarətinə, ölümdən və həbslərdən qorxmayaraq öz haqlarını açıq şəkildə müdafiəyə qalxmasına heyran olmuşdu. Kremldə Krım tatarlarının bu aksiyasına, əvvəlcə, sərt reaksiya vermək, onu dağıtmaq istədilər, ancaq sonra bunun beynəlxalq aləmdə SSRİ-nin simasında daha mənfi imic formalaşdırmasından ehtiyat edərək, onlara öz tələblərini açıq şəkildə  söyləmək imkanı verdilər. Əslində Krım tatarlarının Moskvadakı Qızıl meydanda həyata keçirdikləri cəsarətli etiraz aksiyası və öz haqlarını qorxmadan tələb etmələri SSRİ-də əsarət altında yaşayan digər xalqların milli azadlıq mübarizəsinə başlaması üçün  sanki siqnal oldu. Necə deyərlər SSRİ-nin dağılmasının əsası məhz Krım tatarlarının bu tarixi qəhrəmanlıq aksiyasından sonra qoyuldu. Əziz Mustafa