Mustafa Krımoğlu: azadlığa gedən əzablı yollar (2)

644
İnstitutdan xaric edildikdən sonra bir müddət Mustafa Cəmilov işsiz qaldı, onu siyasi fəaliyyətinə görə heç yerdə işə götürmək istəmirdilər. O dövrdə Mustafa Cəmilov təsadüfi qazancla dolanmağa çalışır, günəmuzd müxtəlif işlərdə çalışırdı. Bununla belə, yenə də kitabxanalara gedir, xalqının tarixini, mədəniyyətini dərindən öyrənir, eyni zamanda sürgün həyatı yaşayan tatarlar arasında Krıma qayıtmaq uğrunda təbliğatını davam etdirirdi. Lakin xüsusi xidmət orqanlarının əməkdaşları Mustafa Cəmilovun hər addımını izləyir, onu həbs etmək üçün bəhanə axtarırdılar. Belə bir vəziyyətdə Mustafa Cəmilov da həbs ediləcəyinə artıq şübhə etmirdi və bunu addımbaşı gözləyirdi. Ona görə də iz azdırmaq üçün tez-tez yerini dəyişir və ya təsadüfi adamlarla əlaqə quraraq, DTK əməkdaşlarını çaşbaş salmağa cəhd edirdi. 1966-cı ildə DTK-nın yadına Mustafa Cəmilovun hərbi xidmətdə olmaması düşdü. Həmin ilin may ayında Mustafa Cəmilovu hərbi komissarlığa çağıraraq, hərbi xidmətə göndəriləcəyini bildirdilər.
DTK onunla hərbi xidmətdə haqq-hesab çəkmək və bu problemi birdəfəlik həll etmək istəyirdi. Amma Mustafa Cəmilov sovet ordusu sıralarında hərbi xidmətə getməkdən imtina etdi. O bunu Krım tatarlarının sürgündə olması, doğma yurd-yuvalarına qayıtmağa icazə verilməməsi, onlara satqın ləkəsi vurulması ilə izah etdi. Mustafa Cəmilov: “Sovet hökuməti mənim xalqımın varlığını tanımır, onun övladlarını doğma yerlərindən sürgün edib. Üstəlik, Krım tatarlarına rəsmi şəkildə satqın damğası vurub. Belə olduğu halda, sovet hökuməti “satqın” millətin nümayəndələrini hansı adla hərbi xidmətə aparır. Mənim millətimə “satqın” damğası vuran bir dövlətin əsgəri olmaq istəmirəm və hərbi xidmətdən imtina edirəm”,- demişdi.Mustafa Cəmilovun hərbi xidmətdən imtina etməsi xüsusi xidmət orqanlarının onunla əsgərlik müddətində haqq-hesab çəkmək cəhdlərini boşa çıxardı. Əvəzində Mustafanın hərbi xidmətdən imtina etməsi DTK əməkdaşlarının əlinə onu həbs etdirmək imkanı verdi. 1966-cı ildə Daşkənddə keçirilən məhkəmə Mustafa Cəmilovu hərbi xidmətdən imtina etməsinə görə 1,5 il müddətinə azadlıqdan məhrum etdi.  Xüsusi xidmət orqanları əməkdaşları həbsxanada da Mustafa Cəmilovu rahat buraxmadı. Dəfələrlə onu məhkum yoldaşlarının əli ilə aradan qaldırmaq üçün cəhdlərə baş vuruldu. Amma hər dəfə də bir təsadüf nəticəsində Mustafa Cəmilov onu gözləyən labüd ölümdən xilas ola bildi. 

Həbsxanadan hüquq

müdafiəçiliyinə

Həbsxana həyatı Mustafa Cəmilovu sındıra və onun xalqının doğma vətənə qayıtması uğrundakı mübarizəsinə mane ola bilmədi. Əksinə, ilyarımlıq məhkumluq həyatı onu daha da mətinləşdirdi və o burada rejimə qarşı yeni mübarizə yolu seçmək barədə plan hazırladı. Üstəlik, Mustafa Cəmilov onu da yaxşı anlayırdı ki, bu işi təkbaşına, yalnız sürgündə olan Krım tatarlarının əli ilə həyata keçirə bilməyəcək. Ona görə də həbsdən çıxan kimi dərhal geniş fəaliyyətə başladı. İlk işindən biri həmin dövrdə  özü kimi həmfikirlərini bir araya toplamaq, onlarla sıx əlaqə qurmaq oldu. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin 60-cı illərinin ortalarından  başlayaraq, SSRİ-nin hər yerində rejim tərəfindən insan haqlarının tapdalanmasına qarşı yarıgizli şəkildə mübarizə başlanmışdı. O, Moskvada tanınmış insan hüquqları müdafiəçisi akademik Saxarov və digərləri ilə əlaqəyə girərək, onlarla birgə Sovetlər İttifaqında insan haqlarının bərpası uğrunda mübarizəyə başladı. Eyni zamanda insan haqlarının müdafiəsi uğrunda mübarizə aparan bu insanlar imkan düşən kimi SSRİ-dəki insanların ağır vəziyyəti barədə xaricə məlumatlar ötürür və bununla da rejimin iç üzünü ifşa edirdilər. Bu müstəvidə də Mustafa Cəmilov hüquq müdafiəçiləri və ya o dövrdə deyildiyi kimi, dissident yoldaşları ilə birgə SSRİ-dəinsan haqlarının tapdalanmasını sübut edən faktlar toplayaraq təqib və təzyiqlərə məruz qalan insanların siyahısını hazırlayır və bu məlumatları ölkə daxilində müxtəlif yollarla yayaraq vətəndaşları bu haqsızlığa qarşı mübarizəyə səsləyirdi. 1968-ci ildə SSRİ Çexoslovakiyada öz haqlarının müdafiəsinə və işğal rejiminə qarşı ayağa qalxaraq küçələrə axışan dinc əhaliyə vəhşicəsinə divan tutdu. Çexoslovakiyaya yeridilən “Qırmızı ordu” on minlərlə insanı qətlə yetirdi. Bu vəhşiliyə qarşı ilk açıq etiraz aksiyasına baş vuran isə yenə də Mustafa Cəmilov və onun digər yoldaşları oldular. Həmin dövrdə DTK əməkdaşlarının artıq qara siyahısına salınan Mustafa Cəmilovu və həmfikirlərini həbs etmək üçün rejim yeni bəhanə axtarırdı. Rejim həmin dövrdə Çexoslovakiyaya qoşun yeridilməsinə açıq etiraz edən insan hüquqlarının müdafiəçilərini həbs etməyə  cürət etmədi. Çünki bu, xaricdə SSRİ-yə qarşı yeni antisovet təbliğatının  qalxmasına səbəb olacaqdı. Amma SSRİ DTK-sı hüquq müdafiəçilərini və ya o dövrdə “ “satqınlar”, “Qərbin nökərləri” adlandırdıqları adamları həbs etmək üçün fürsət axtarırdılar.

 

SSRİ-də insan haqlarının

müdafiəsi üzrə “Təşəbbüs

qrupu” yaradılır

1969-cu ilin may ayında SSRİ-nin insan haqlarını müdafiə edən tanınmış simaları, o cümlədən Mustafa Cəmilov (Daşkənd), Vladimir Borisov (Leninqrad-indiki Sankt-Peterburq), Leonid Plyuş (Kiyev), Serfey Kovalev, Tatyana Velikanova, Yuri Maltsev, Viktor Krasin ( hamısı Moskva) və digərləri ilə birlikdə SSRİ-də insan haqlarının müdafiəsi izrə “Təşəbbüs qrupu” təsis etdilər. 15 nəfərdən ibarət qrupun əsas vəzifəsi SSRİ-də insan haqlarının müdafiəsini təşkil etmək, haqsızlıqlara və zorakılıqlara, dini, irqi ayrı-seçkiliklərə məruz qalan insanların siyahısını tutaraq, beynəlxalq təşkilatlara müraciət ünvanlamaq, eyni zamanda rejimdən bunlara son qoyulmasının tələb edilməsi idi. Yeni qrupun yaradılması SSRİ rəhbərliyində xüsusi əsəbiliklə qarşılandı. Dərhal bu qrupun “özbaşına” və “biabırçı” fəaliyyətinə  son qoyulması, onun qadağan edilməsi barədə xüsusi xidmət orqanlarına göstəriş verildi. Nəticədə qısa müddətdə SSRİ-də insan haqlarının müdafiəsi üzrə “Təşəbbüs qrupu”nun 15 üzvündən 11-i, həbs edilərək, müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər. Onlara qarşı SSRİ-yə böhtan və ləkə atmaq, xaricin pozucu güclərinə xidmət etmək ittihamı irəli sürülmüşdü. Nəticədə repressiyalara məruz qalan qrupun 7 üzvü SSRİ-ni tərk etməyə məcbur oldu. 1969-cu ilin sentyabr ayında həbs edilmək növbəsi Mustafa Cəmilova da çatdı. Ona və digər insan haqları müdafiəçisi general-dissident Pyotr Qriqoriyenkoya, həmçinin şair İlya Qabaya qarşı eyni  “rejimə böhtan və iftira” atmaq, xarici ölkəyə “işləmək” itthamı irəli sürülmüşdü. Amma istintaqın gedişində DTK generalı daha sərt cəzalandırmaq qərarına gəldi. General Pyotr Qriqoriyenko saxta ittihamlarla dəli elan edilərək dəlixanaya göndərildi. O, 5 il ərzində burada “müalicə” olunmalı idi. Generala qarşı daha sərt ittiham irəli sürülməsi isə onun Krım tatarlarının haqq işini müdafiə etməsi, deportasiya illərində ordu tərəfindən onlara qarşı silah işlədilməsini və günahsız insanları öldürməsini, onların  doğma yurdlarına qayıtmalarına imkan verməyən sovet rejiminin cinayətkar əməllərini ifşa etməsi idi. Buna görə generalı dəli elan edərək, onu dəlixanaya göndərdilər. O dövrdə ölkəni idarə edənlər generalın yüksək vəzifə tutmasına baxmayaraq, Krım tatarlarını müdafiə etməsini və açıq-aşkar rejimə qarşı mübarizəyə qalxmasını dəlilik kimi başa düşürdülər. Halbuki general Pyotr Qriqoriyenkonu buna vadar edən onun vicdanı, rejim tərəfindən haqqın bu qədər vəhşicəsinə tapdalanmasına dözə bilməməsi idi… Bunu isə SSRİ-ni idarə edənlər başa düşə bilmədilər və başa da düşə bilməzdilər… Çünki tutduqları yüksək vəzifələr onlara bu sadə həqiqəti generalın Krım tatarlarını niyə müdafiə etməsini anlamağa imkan vermirdi.

 

Rejimi ifşa edən çıxışı və

30 günlük aclıq aksiyası

Mustafa Cəmilov və İlya Qabayı SSRİ-yə ləkə yaxan sənədlər hazırlamaqda və yaymaqda günahlandırırdılar. Amma Mustafa Cəmilov və İlya Qabay özlərinə qarşı irəli sürülən bu ittihamları rədd etdilər. Daşkənddə keçirilən məhkəmə prosesi zamanı  hər gün binanın önünə yüzlərlə Krım tatarı yığılaraq qondarma məhkəmə oyununa son qoymağı tələb edirdi. Ona görə də məhkəmə binasının mühafizəsinə yüzə yaxın əlisilahlı hərbçi, DTK əməkdaşı və milis cəlb edilmişdi. Məhkəmə hökmü elan edilməzdən əvvəl son söz demək imkanından istifadə edən Mustafa Cəmilov sovet rejimini Krım tatar xalqına qarşı cinayət işlətməkdə, onları heç bir əsas olmadan doğma yurd-yuvalarından deportasiya etməkdə və bu zaman minlərlə günahsız insanın aclıqdan, xəstəlikdən və soyuqdan ölməsində, bu kiçik xalqa qarşı soyqırımı siyasəti yeritməkdə günahlandırdı. O, Krımın Rusiya tərəfindən işğalından sonra burada müntəzəm olaraq etnik təmizləmə siyasəti yeridildiyini, sovet rejiminin çarizmin bu mənfur siyasətini daha dəhşətli şəkildə həyata keçirdiyini sübut edən sənədləri ifşaedici faktlar kimi ortaya qoydu. Çıxışının sonunda o, sovet rejimi tərəfindən Krım tatar xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinə etiraz əlaməti olaraq,  30 günlük aclıq elan etdiyini bəyan etdi. Daşkənd həbsxanasında o, verdiyi sözə əməl edərək, 30 günlik etiraz aksiyasını sona kimi davam etdirdi. Həbsxana rəhbərliyi onun aclıqdan ölməsinə imkan verməmək üçün müxtəlif vasitələrə əl atmağa məcbur oldular. Daşkənddə keçirilən qurama məhkəmə hüquq müdafiəçisi İlya Qabayı ümumi rejimli islah əmək koloniyasında cəzasını çəkmək üçün 3 il həbs cəzasına məhkum etdi. Mustafa Cəmilova isə məhkəmə cəzasını sərt rejimli islah əmək koloniyasında çəkmək şərti ilə 3 il həbs cəzası verdi.Əzız Mustafa