Müştəriləri… qılıncla qorxudurlar

529

Restoran bəzilərinə doymaq, bəzilərinə iş müzakirə etmək, bəziləri üçün isə dostlarla vaxt keçirmək üçün ən yaxşı yerdir. Müştərilər üçün restoranın rahatlığı qədər menyudakı qiymətlər də önəmlidir. Sözsüz ki, hər kəs sifariş verməzdən əvvəl cibindəki pulları hesablayır. Restoranlar da daha çox müştəri cəlb etmək üçün müxtəlif yollara baş vururlar. Bu dəfə qeyri-adi xidmətləri ilə dünyanın ən maraqlı restoranlarının siyahısını təqdim edirik.

– “Başqasının hesabını ödə” restoranı: Qeyri-adi restoranlar kateqoriyasında olan restoran pulu olmayan müştərilər üçün ən ideal yerdir. ABŞ-ın Cənubi Karolina ştatında yerləşən restoranın adı əslində “Bir yaxşılıq et restoranı”dır. Adından da məlum olduğu kimi buradakı müştərilər başqa bir müştərinin hesabını ödəməlidirlər. Lakin əgər həmin müştərinin bu hesabı ödəyəcək qədər pulu yoxdursa, bu zaman başqa bir müştəri yaxşılıq edir və hesabı o ödəyir. Qısa müddət ərzində müştəri sayı 12 minə çatan restoranda bəzən izdiham yaşanır. Böyük rəğbət görən restoranın digər ölkələrdə də filialları açılıb.
– “Zəlzələ” restoranı: Yemək yediyiniz vaxt zəlzələ baş versə, yəqin ki, yeməyi də qoyub qaçarsınız. Lakin İspaniyada yerləşən “Zəlzələ kafe” (“Disaster cafe”) müştərilərinə təbii fəlakət olmasa da, süni fəlakət yaşadır. Belə ki, restoranda yemək yeyənlər bunu dayanmayan zəlzələnin müşayiəti ilə etməli olurlar. Görünüş etibarı ilə normal bir restoran təsiri bağışlayan “Zəlzələ kafe”yə ilk dəfə gələnlər burada onları nələrin gözlədiyindən xəbərsizdirlər. Restoranın girişində isə müştərilərə heç bir xəbərdarlıq olunmur.
– ABŞ-ın Nyu-York şəhərində səs-küylü yerlərdə yemək yeməyi xoşlamayanlar üçün “Səssiz restoran” açılıb. Yemək vaxtı danışanlar restorandan çıxarılır və çöldə hazırlanan stolda yeməklərinə davam etməli olurlar. Buna görə də müştərilər ya göz-qaş işarəsi ilə, ya da yazaraq danışmaq məcburiyyətindədirlər.
– Almaniyada fəaliyyət göstərən “Baggers Nürnberg” restoranın maraqlı xüsusiyyəti ondan ibarətdir ki, burada qarson yoxdur. Hər şey tamamilə avtomatik təsis edilib. Sifarişlər elektron üsulla qəbul olunur və yuxarıda hazırlanan yeməklər xüsusi olaraq düzəldilmiş borulardan müştərilərə ötürülür.
– Yaponiya mətbəxi ilə xidmət göstərən “Nindza restoranı”nın (”Ninja”) qeyri-adi xidmət metodu var. Belə ki, müştərilər yeməyi yemədikdə xidmətçi nindzalar əllərindəki qılıncla onları qorxudurlar.
– Belçikadakı “Səmada nahar yeməyi” restoranında müştərilər yeməklərini göydə yeyirlər. Xüsusi texniki vasitələrlə 55 metr hündürlüyə qaldırılan stolda 22 nəfər nahar edə bilir.
– Dünyanın ən isti ölkələrindən olan Dubayda dünyanın ən soyuq restoranı fəaliyyət göstərir. Burada yemək yemək və ya nə isə içmək istəsəniz, ən qalın paltarlarınızı geyinib gəlməlisiniz. Çünki “Buz restoranı”nda (“İce”) temperatur mənfi 21 dərəcədir.