“Müştərilər ən çox Kür balığına meyillidirlər”

0
945

Balıq ətinin orqanizmdə xolesterol səviyyəsinin aşağı düşməsi, maddələr mübadiləsinin artması, oynaqlarda narahatlığın sağalması kimi şəfaları vardır. Balıq əti fosfor, kalsium, yod kimi minerallarla da zəngindir. Bundan başqa, balıq ətində zəngin A, B1, B2, və D vitaminləri və zülal mövcuddur. Həftədə 2-3 dəfə balıq yemək ürək xəstəliyindən ölüm riskini azaldır. Balıqda olan yağ turşuları qanın laxtalanmasına mane olaraq arteriyanın tıxanmasının qarşısını alır və beləliklə, infarkt riskini azaldır, təzyiqi salır. Bu səbəbdən şəkər, ürək xəstəliyi və iflic riski olan insanlar balıq yeməlidirlər. Balıq alarkən onun təzə və ya köhnəliyinə də ciddi diqqət etməliyik. Son vaxtlar yol kənarlarında, bazarlarda xüsusi qablarda əhalinin “damba” dediyi süni göllərdə yetişdirilən diri balıqların satışı geniş yayılıb. Bu balıqlar diri satılsalar da, yetişdirildikləri göldən asılı olaraq tamı bir-birindən fərqlənir. Balıqçılar bunun səbəbini “damba”ların, yəni süni göllərin suyunun vaxtlı-vaxtında dəyişdirilib-dəyişdirilməməsi ilə əlaqələndirirlər. Şirvan şəhərində fəaliyyət göstərən bazarda balıq satan Aydın Şahmuradovla söhbətimiz də bu mövzu ətrafında oldu. Aydın Şahmuradov 1990-cı ildən balıq sataraq ailəsini dolandırır. Dediyinə görə, atası da bir vaxtlar bu işlə məşğul olub: “Biz Şirvanda Kür çayına yaxın bir ərazidə yaşayırıq. Əvvəllər Kürdən balıq tutub satırdıq. İndi isə Neftçalada yerləşən “damba”dan” alıb gətirdiyim balıqları satıb dolanıram”.

– Hazırda ən çox hansı növ balıqlar alınır?

– Sezona görə tələb dəyişə bilir. İndi müştərilərin ən çox aldıqları sazandır. Qış aylarında həmçinin ən çox xəşəm, kütüm, ilan balığı alınır. Onu da deyim ki, sazandan bişirilən buğlama bu zonaya xas olan və sevilən yeməkdir. Bu balıqları Neftçala rayonundan gətiririk. Bunlar “danba”da, yəni süni göldə yemlə yetişdirilən balıqlardır. Ancaq onu da deyim ki, balığın yetişdirildiyi göldən-gölə də fərq var. Biz bildiyimiz yerdən, tanıdığımız adamlardan balıq alıb satırıq. Elə “damba” var ki, onun suyu illərlə dəyişdirilmir və qalıb iylənir. Oradan tutulan balıqlardan da iy gəlir. Bu balığın ətini yemək olmur, bişiriləndə pis iy gəlir. “Damba”nın gərək ilbəil suyu dəyişdirilə. Bəzi peşəkarlar “damba”nın suyu ildə bir dəfə təmamilə qurudurlar. “Damba”nın torpağı traktorla şumlanır və oraya ot səpilir. Daha sonra su və balıq buraxılır. Bu proses hər il təkrarlanmalıdır. Bu vaxt “damba”dan çıxan balıqdan iy gəlməz. Biz balıq alıb satarkən buna diqqət edirik. Ümumiyyətlə, kütüm, xəşəm balığı “damba”da yetişdirilmir. Bu balıqlar Kür çayından və dənizdən tutulur. “Damba”da ən çox yetişdirilən balıq isə sazandır.

– Qiymətlər necə, qənaətbəxşdirmi?

– Balıqdan-balığa dəyişir. Sazan balığının kiloqramını 6 manata satırıq. Kütümün kilosu 5 manatdır. Ən bahalı balıq xəşəmdir ki, onun da kiloqramı 12 manatdır. Ümumiyyətlə, çay balığının qiyməti ilə süni göl balığının qiyməti arasında fərq var. “Kür” sazanının kilosunu 10 manata veririk. Müştərilər ən çox Kür balığına meyillidirlər.

– Səbəb nədir?

-Göl balığı az hərəkət etdiyindən və çoxlu yem yediyindən əti çox yağlı olur. Ancaq çay balığı az yağlı olur və dadlı olur. Göl balığı çay balığı ilə müqayisədə bir qədər dadsız hesab olunur. Misal üçün, kənd toyuğu ilə ferma toyuğu arasında fərq qədər…

– Süni göl balığı ilə Kür balığını necə ayırmaq olar?

– Rəngindən bilmək olur. Belə ki, Kür sazanının qarnının altı, quyruğu qırmızı rəngdə olur. Göl sazanının qarnı və quyruğu ağ, pulcuq rəngi də bir az sarı rəngdə olur.

– Bəs balıq alarkən onun təzə və ya köhnə olduğunu necə müəyyənləşdirmək olar?

– Əvvəlcə, balığın gözlərinə baxın. Təzə balığın gözləri parlaq və xaricə tərəf, köhnədə isə içəri, el dili ilə desək, batmış olur. Təzə balığın pulçuqlarına əl vuranda möhkəm və sərt olur. Ancaq köhnə balığın pulcuqları yumşaq olur və əldə qalır. Təzə balığın dərisi və əti möhkəm olur. Təzə balığın qəlsəmələri canlı və qırmızıya yaxın rəngdə olur, köhnədə isə rəngi dəyişir. Təzə balığa barmağımızı basanda iz dərhal yoxa çıxır. Köhnə balıqda isə barmaq izinin, batığın qaldığını görmək olur. Balığı iyləməklə də onun köhnə və ya təzə olduğunu bilmək olar. Ümumiyyətlə, təzə balıq görünüşünə görə müştərini elə uzaqdan çağırır…

Babək Əsgər, Şirvan

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here