Müstəqillik asan əldə edilmədi

513

Oktyabrın 18-də Azərbaycan tarixində ən önəmli günlərdən biri olan dövlət müstəqilliyimiz haqqında Konsititusiya Aktının qəbul edilməsinin 25 ili tamam olur. Bu baxımdan 18 oktyabr Azərbaycanın müstəqillik tarixinə ən şərəfli günlərdən biri kimi daxil olub. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nın qəbul edilməsinin 25-ci ildönümü respublikamızın hər yerində çoxsaylı tədbirlərlə bayram ediləcək. Həmin gün müstəqlliyimiz uğrunda şirin canlarından keçəm azadlıq aşiqlərinin məzarları üzərlərinə al qərənfillər düzüləcək, onların xatirəsi həm dərin hüzn və kədərlə, həmdə qürur və şərəflə anılacaq.
Təbii ki, Müstəqillik haqqında Konsititusiya Aktının qəbul edilməsinə gedən yol heç də asan olmayıb və bu yolda on minlərlə soydaşımız azadlıq uğrunda mübarizədə qəhrəmancasına şəhid olub və ya illərlə sürgünlərdə azadlıq həsrətini yaşamalı olublar.
Bu müstəvidə də ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq beynəlxalq aləmdə baş verən hadisələr, o cümlədən soyuq müharibənin ağırlığına dözməyərək SSRİ adlı şər imperiyasının dağılmağa başlaması 180 ilə yaxın bir müddət ərzində işğal altında əzilən Azərbaycanda müstəqillik əldə edilməsi uğrunda mübarizənin yeni mərhələsinin başlamasına təkan verdi. Azərbaycanın müstəqilliyini əldə etməsinə mane olmaq və imperiyanı qoruyub saxlamaq məqsədi ilə Moskva tərəfindən Dağlıq Qarabağ probleminin ortaya atılması və bu çərçivədə də azərbaycanlılarla ermənilər arasında etnik münaqişənin körüklənməsi isə bölgədə minlərlə insanın qurban getməsinə, yüz minlərlə soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsinə gətirib çıxardı.

Müstəqillik asan
əldə edilmədi
1990-cı ilin yanvar ayında Moskva tərəfindən müstəqilliyi uğrunda ayağa qalxan Azərbaycan xalqının üzərinə qoşun yeridilməsi və qanlı qırğının həyata keçirilməsinin də arxasında bu yolla xalqımızı azadlıq ideyalarından əl çəkməyə məcbur etmək kimi mənfur niyyətlər dayanırdı. Buna baxmayaraq müstəqilliyi uğrunda daha qətiyyətlə ayağa qalxan Azərbaycan xalqı inamla mübarizəsini davam etdirməyə başladı. 1991-ci ilin əvvəllərindən başlayaraq can üstə olan İttifaqın əksər respublikalarında müstəqillik hərəkatı güclənmişdi. Bunun qarşıısnı almaq məqsədi ilə SSRİ-ni saxlamağa cəhd edənlər 1991-ci ilin martında bir sıra respublikalarda referendum təşkil etdilər. Bülletendə sual belə idi: “Sovet Sosialist Respublikaları İttifaqının bərabərhüquqlu suveren respublikaların yenilənmiş, istənilən millətdən olan vətəndaşların hüquq və azadlıqlarının tam ölçüdə təmin olunduğu federasiyası kimi qalmasını zəruri hesab edirsinizmi?”
O zaman Azərbaycanın parlamenti kimi fəaliyyət göstərən Ali Sovetdə də bu yöndə qızğın müzakirə getdi. 350 deputatdan yalnız 43-ü sona qədər referenduma etiraz etdi. Sonralar mətbuat həmin 43 nəfəri”İstiqlalçı deputatlar” olaraq tanıtmağa başladı.
Rəsmi nəticələrdə göstərilirdi ki, mart referendumunda SSRİ vətəndaşlarının əksəriyyəti ittifaqın saxlanılmasına səs vermişdi. O cümlədən Azərbaycanda əhalinin 90%-dən çoxunun Sovetlər Birliyinin saxlanılmasına səs verdiyi bildirilirdi. Lakin referendumun nəticələrinin saxtalaşdırıldığı o dövrdə hamıya məlum idi. Belə ki, qeyri-rəsmi məlumatlara görə referendumda iştirak edənlərin 80-85 faizi SSRİ-nin saxlanılmasının əleyhinə səs vermişdi.
Bununla beəl sovet imperiyasının çöküşünün başladığı artıq həmin günlərdə artıq çoxlarına sirr deyildi. Bu prosesi sürətləndirən mühüm bir amil isə avqustun 19-20-də Moskvada hakimiyyəti qısa müddətə ələ keçirən “QKÇP” – Dövlət Fövqəladə Vəziyyət Komitəsi oldu. Həmin günlərdə Azərbaycan Xalq Cəbhəsi SSRİ-də “QKÇP”-yə etiraz edən, bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirən ilk müxalif qurumlardan idi. Respublika rəhbərliyi isə “QKÇP”-yə dəstək vermişdi. Həmin günlərdə Azərbaycanda fövqəladə vəziyyət davam edirdi. Sovet əsgərləri hələ də Azərbaycandaydılar.
Bu çərçivədə də respublika rəhbərliyinə etiraz edən milli hərəkat üzvləri avqustun 25-26-da aylardır hərbi texnikanın mühasirəsində saxlanan Azadlıq Meydanına girirlər.
Tədqiqatçı Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” adlı kitabında yazır ki, avqustun 26-da azadlığı uğrunda ayağa qalxan xalq hücumla Azadlıq meydanına daxil oldu. Hər tərəfdə hərbi maşınlar, ZTR-lər, əsgərlər, milislər dayanmışdı. Buna baxmayaraq camaat onları yarıb keçərək meydana daxil ola bildi. Meydanda təxminən 50 min adam var. Hamı sevinc içində idi.
Müəllif həmin il avqustun 27-də yazır: “Kommunistlərlə, deyəsən, qurtardıq axı! Bu gün hətta “bizim” “Kommunist” qəzeti də öz şərəfli adından imtina etməyə məcbur olub…”
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının növbədənkənar sessiyasında dövlət istiqlaliyyəti haqda bəyannamə qəbul olundu. Bu bəyannamə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu sübut edirdi. Bəyannamədə deyilirdi: “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir istiqlal dövlət kimi tanınması, Azərbaycan bir suveren dövlət kimi dünya ictimaiyəti tərəfindən tanınması, Azərbaycan Konstitusiyana əsasən, bütün beynəlxalq normalara riayət edilməsi, milliyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüququnu qorumaq, başqa dövlətlərin sərhədini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanlarının qanunlarına riayət etmək və baŞqa səbəblərlə əlaqədar Azərbaycan Respublikasını öz istiqlaliyyətinin bərpa olunma qərarını qəbul edir.”
Artıq avqust, sentyabr, oktyabr aylarında proses yekunlaşmağa başladı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar qəbul edildi. Bundan bir gün əvvəl oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.
Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.
Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” kitabında yazır: “Müstəqillik haqda Konstitusiya Aktı yekdilliklə qəbul olundu. Maddə-maddə səsvermədən keçən Akt Ali Sovet tarxində çox güman ki, belə qanuni şəkildə bəyənilən yeganə sənəddir”.
Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 25 il qabaq, 18 oktyabrda Milli Məclisidə Müstəqillik Aktının qəbul olunduğu günü belə xatırlayır:
“Səs verildi. Bir anlıq zala sükut çökdü. Sonra ağlayan kim, qucaqlaşan kim.
Hamı qışqırırdı: “Qəbl edilidi!” Uşaq kimi atılıb-düşürdük. Salon dağılırdı. Biri ağlayırdı, biri gülürdü… Qeyri-adi bir əhval-ruhiyyə vardı…
Bizim bir şəklimiz var, ayağa qalxmışıq, başımızın üstündə yumruqlarımız düyünlənib…
Mən ağladım. Firudin Ağasıoğlu ilə yanaşı oturmuşduq. Bir-birimizə baxıb ağladıq, sonra qucaqlaşdıq”.
Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. Müstəqillk haqqında Konstitusiya Aktının qəbul edilməsinə baxmayaraq Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Lakin müstəqillik uğrunda mübarizəni davam etdirən vətənpərvər azarbaycanlılar Azərbaycanın müstəqilliyin tanıdılması və qəbul etdirilməsi yönündə işi davam etdirməyə başladılar. Bu mübarizə isə qısa müddətdə öz bəhrəsini verdi.

Müstəqilliyimizi ilk
tanıyan Türkiyə oldu
Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar. Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Ona görə də Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı isə qəbul ediləndən iki ay sonra – 1991-ci il dekabrın 29-da müstəqilliyimiz haqqında məsələ ümumxalq referendumuna çıxarılır. Əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.
Həmin dövrdə Moskva Azərbaycanı diz çökdürmək üçün Dağlıq Qarabağda erməni faşizmini dəstəkləyərək onlarla birlikdə 1992-ci ilin fevral ayının 26-da tarixdə tayı-bərabəri olmayan Xocalı qırğınını törətdi. Bundan sonra baş verən siyasi dəyişikliklər nəticəsində AXCP hakimiyyətə gəlsə də, ölkəni gözləyən fəlakətdən xilas edə bilmədi. Bunun da nəticəsində Azərbaycanın başı üzərini yenidən öz müstəqilliyini itirmək təhlükəsi aldı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Heydər Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Azərbaycanın bir dövlət kimi parçalanaraq məhv edilməsinin qarşısı alındı və ölkəmiz qısa müddətdə beynəlxalq aləmdə özünün yüksək imicini formalaşadıra bildi.
Yeri gəlmişkən xatırladaq ki, dövlət müstəilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi ilə bağlı 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayramları kimi qeyd edilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inamla müstəqillik yolunda gələcəyə doğru addımlayır və bu müstəvidə də işğal altında olan torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil.

Əziz Mustafa