Musiqimizin Hacısı

380

Yəqin ki, “Niyə döndü”, “Yenə o bağ olaydı”, “Gözlərəm səni”, “Qurban olduğum” …. mahnılarını sevə-sevə dinləyirsiniz. Elə isə onların hansı bəstəkarımızın bəstələdiyini bilirsinizmi? Həmin mahnıların bəstəkarı Üzeyir Hacıbəyli məktəbinin yetirməsi Xalq artisti,” Şöhrət” ordenli Hacı Xanməmmədovdur. Bu gün onun anadan olmasından 99 il ötür. Azərbaycan musiqi mədəniyyəti tarixində öz dəst-xətti ilə seçilən Hacı Xanməmmədov müxtəlif janrlarında qələmini sınayaraq dəyərli əsərlər yaradıb. Onun bütün əsərləri sənətevərlər tərəfindən yüksək qiymətləndirilib. Onu da deyək ki, mahnı onun üçün daha doğma olub. Sənətşünasların verdikləri məlumatlara görə, bəstəkar ümumilikdə mövzu baxımından rəngarəng olan 100-dən çox mahnıya qol-qanad verib. Respublikamızda ilk dəfə simfonik orkestrdə tar və kamançanın müşayiəti ilə musiqinin səsləndirilməsi Dərbənddə anadan olmuş, Bakıda musiqinin sirlərinə yiyələnmiş, 1937-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Koroğlu” operası tamaşaya qoyulanda Ü. Hacıbəyovun Simfonik Orkestrə dəvət etdiyi 7 tarzəndən biri olmuş, sonradan həm də bir pedaqoq kimi çalışmış Hacı Xanməmmədovun adı ilə bağlıdır. O, hələ gənclik illərindən şifahi xalq yaradıcılığını toplayaraq nota salıb. Bu mənada xalq mahnı və rəqslərinin nota yazılması, müxtəlif musiqi kollektivləri üçün işlənməsi də məhz Hacı Xanməmmədovun xidmətidir. Bir sənət adamı kimi Hacı Xanməmmədov ömrünün son illərində Qarabağ faciələrini yaşayıb. Yaşadıqlarını əsərlərində hamıya çatdırmağa çalışıb. Bu yerdə musiqişünas Səadət Təhmirazqızının onunla bağlı yazdığı bir xatirəni xatırlamaq yerinə düşərdi: “Üzeyir bəy bizə deyərdi ki, əsəri xalq üçün yazın. Yəni elə yazın ki, xalqın ruhunda olsun ki, xalq da onu sevib dinləsin. Bir də elə əsərlər yazın ki, o, xalqın hissləri ilə səslənsin. Xalqımız şəhidlər verib, torpağımız düşmən işğalı altındadır. Tarixi həqiqətləri gələcək nəslə çatdırmaq üçün bu hadisələri əsərlərimizdə əks etdirməliyik. Axı, ürəyimiz ağrıyır. Bu ağrı əsərlərimizdə də duyulmalıdır. Amma biz ağlamalı deyil, mübarizə ruhlu əsərlər yazmalıyıq. Çünki haqq bizimlədir”. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Yad əllərdə qalan Şuşam”, “Qələmim süngüyə dönsün”, “Ey türkün övladları” və başqa mahnıları elə bu mövzudadır. Hacı Xanməmmədov 2005-ci ilin aprel ayında dünyasını dəyişib. Allah rəhmət eləsin.