Musiqili Teatrı yeni mövsümünə Milli Musiqi Günündə başlayacaq

0
337

Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verəcək. 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq. “Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix xalqımızın böyük, dahi oğlu, musiqi mədəniyyətimizin əbədi günəşi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Qeyd edim ki, həmin gün – 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayacaq. Biz də yeni teatr mövsümümüzün açılışını bu mötəbər, bayram əhval-ruhiyyəli gündə edəcəyik. Arasında festival iştirakçılarının, şəhərimizin qonaqlarının, əcnəbilərin də olacağı tamaşaçılarımıza Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq. Xatırladım ki, teatrımızın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı isə 2009-cu ildən keçirilir”, – deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.