Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı

366

Xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

alpaninfo.com Virtualaz.org-a istinadən xəbər verir ki, qrup tərəfindən bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.

Qeyd edək ki, Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun  atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda  vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə məsələyə belə münasibət bildirib:

“Bu barədə məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra sözügedən qalıqların tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı qurumlarla birgə araşdırmalar aparmağa qərar verilib.

Biz bu məsələni nazirlikdə müzakirə etdik. Mən ictimaiyyətə bu kimi xəbərlərdə sensasiya axtamamağı və təsdiq olunmamış məlumatlara istinad etməməyi məsləhət görərdim”.