Müsəlman Şərqində ilk parlament: Birinci iclasın açılışından 103 il ötür

34

Bu gün Azərbaycan Parlamentinin yaranmasından 103 il ötür. 

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi.

Tarixçəsi:

Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.
1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məsələ ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan bütün millətlərin nümayəndələri təmsil olunacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.
Beləliklə, 1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin tikdirdiyi Qızlar Məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Ə.Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacınski baş katib seçilir.

Azərbaycan parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayrılmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmirlər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək haqqında qərar qəbul edir. Onlar sübut etməyə çalışırdılar ki, Azərbaycan öz müstəqilliyini elan etməklə “Vahid və bölünməz Rusiya” ideyasına xilaf çıxıb. Rus Milli Şurası özünün parlament və hökumətdə iştirakını “Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması” və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd etmişdir. Ermənilərin Azərbaycan parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Nəhayət onlar da fevral ayında parlamentdə iştirak etmək haqqında qərar qəbul edirlər. Onlar 1919-cu ilin aprel ayından etibarən Azərbaycan parlamentində iki fraksiya — Erməni fraksiyası və Daşnaksütyun fraksiyaları yaradaraq fəaliyyət göstərirlər. Parlamentdə onların sonrakı fəaliyyətləri təsdiqlədi ki, ermənilərin Azərbaycan parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist separatçı “Böyük Ermənistan” ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.

Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir.

Son iclas aprelin 27-də, axşam saat 20:45-də başlayıb ve 23:25-dək davam edib. Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin Rəsulzadə və Sultanməcid Qənizadə Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxıblar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildiriblər. Nəticədə, parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edib:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi həmin iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı. Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadı. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

“İki sahil”