Müqəddəs torpaq uğrunda şəhid vermək qürurverici hissdir

0
23

Azərbaycanın çağdaş tarixinə hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi Qarabağ həsrətinə son qoydu. Bu Zəfər yolunda şəhidlərimiz də oldu, xəsarət alanlarımız da… İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələnlərdən biri də zirəkliyinə, çevikliyinə görə  dost-tanışları tərəfindən məşhur Hollivud ulduzu Ceki Cana bənzədilən 25 yaşlı mingəçevirli Cəfərli Ruslan Nəcəf oğludur.

…Ruslan ön cəbhəyə könüllü gedənlərdən olub. Valideynləri Ruslanın bu qərarından yalnız o, ön cəbhəyə yola düşəndə xəbər tutublar. Şəhidin atası Nəcəf Cəfərovun  sözlərinə görə, Ruslan həmin gün o qədər sevincli idi ki: “Bizdən ayrılanda da dedi ki, bayrağımızı Şuşada dalğalandıranlardan biri olacağam. Lakin bu, ona nəsib olmadı. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşən, azad edilən ərazilərimizdən fərəhlə söz açan, səhhətində problemin olmasına baxmayaraq döyüş meydanından çəkilməyən və  haqq savaşını davam etdirməyi özünə borc bilən oğlum Ruslan  Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.”

Az sonra isə şəhid atası dediklərinə bu sözləri əlavə etdi: “Oğlum qaynaqçı peşəsinə yiyələnmişdi. Öz işinin xiridarı idi. Bu mənada deyərdim ki, oğlum şəhid olmaqla yanaşı, özünü həm də bu Vətən torpağına əgər belə demək mümkünsə, qaynaq etməyi də bacardı.”

Şəhidin anası Tahirə xanım isə “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün hər kəs  torpaqlarımızın erməni vəhşilərindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarlıq edir, qanları, canları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyir: “Mənim yeganə oğul övladım olan Ruslanım  mərd, həm də vətənpərvər bir bala idi. Sevinirəm ki, bu Qələbədə  mənim şəhid balamın da payı var.”

“Noyabrın 21-də bayrağımıza sarılmış halda oğlumun cənazəsi evimizə gətirilib” sözləri ilə söhbətini davam etdirən şəhidin anasının dediyinə görə, oğlu ilə sonuncu dəfə oktyabrın 7-də əlaqə saxlayıb: “Söhbət əsnasında oğlum erməni vəhşilərinin Mingəçeviri  raket hücumlarına məruz qoyduqlarından xəbərdar olduğunu  dedi. Mənə ürək-dirək verərək bildirdi ki, qorxmayın, o vəhşilərə elə divan tuturuq ki, artıq başlarını itiriblər. Sən demə, atası ilə danışanda  deyib ki, anama deyərsən ki, qızğın döyüşlər gedir, bu müharibədir, hər şey ola bilər, haqqını halal etsin. Atası da bu yaxınlarda şəhid balamın dediklərini mənə söyləyib. Amma mənim də ürəyimə nəsə dammışdı, daha doğrusu, oğlumun zəng etməməyindən şübhələnmişdim”.

Tahirə xanım üçün danışmaq nə qədər çətin olsa da o, qəhərini boğaraq sözünə davam etdi: ”Oğlumun may ayında 25 yaşı tamam olmuşdu. Deyirdim, ay bala, istədiyin qız varmı? Deyirdi ki,  istəyirəm mənim üçün sən qız bəyənəsən. Amma deyəsən, oğlumun istəklisi olub. Bunu da öz fəhmimə əsasən deyirəm. Belə ki, mən hər dəfə oğlumun dəfn olunduğu Mingəçevirdəki Şəhidlər xiyabanını ziyarət edəndə onun məzarının üstündə bir dənə təzə-tər qızılgül görürəm. Zənnimcə, belə bir addım atan şəxs yalnız onun istəklisi ola bilər”.

Tahirə xanım oğlunun yoxluğu ilə çətin də olsa barışıb. Bu barışığın təməlində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ərazilərimizi erməni vəhşilərindən təmizləyib, xalqımıza qələbə sevincini yaşatması dayanır: “Allah oğlumla bərabər bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Məhz onlar 44 gündə bütün şəhidlərimizin, o cümlədən Xocalının qisasını aldılar, ərazi bütövlüyümüzü təmin etdilər. Bir sözlə, onlar üzərimizdən qara ləkəni götürdülər. Bəlkə də, başqa vəziyyətdə oğul itirsəydim, çox pis olardım. Vətən, müqəddəs torpaq uğrunda şəhid vermək isə çox qürurverici hissdir.”

Bu günlərdə həyətlərində şəhidin adına bulaq inşa edildiyini vurğulayan müsahibimiz ailə üzvlərinin bir istəyi olduğunu da dilə gətirdi. Bildirdi ki, onlar övladlarının şəhid olduğu məkanı ziyarət etmək fikrindədirlər: “Güman edirəm ki, işğaldan azad edilmiş həmin ərazilər tezliklə minalardan təmizlənəndən və təhlükəsiz vəziyyətə gətiriləndən sonra bizim o yerlərə ziyarətimiz baş tutacaq. İnşallah, o gün də uzaqda deyil.”

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Ruslan Cəfərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”