Müqəddəs məkanlarımız da yenidən dirçələcək

0
56

Hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində dini abidələrin, məscidlərin özünəməxsus yeri və rolu vardır. Təəssüf ki, beynəlxalq hüquqla hesablaşmayan erməni vandalları 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərimizdəki belə abidələrimizə də sözün həqiqi mənasında divan tutublar. Bu vəhşilər xalqımızın  tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirən qədim dini abidələrimizi, məscidlərimizi yer üzündən silməyə cəhdlər göstəriblər. Bir sözlə, erməni vandalları Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-nü yerlə-yeksan ediblər. Şühbəsiz, təcavüzkar Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının açıq-aşkar pozulması ilə yanaşı, bütün bəşər mədəniyyətinə və ümumdünya əhəmiyyətli mədəni irsə qarşı təcavüzdür.

Bununla bağlı Prezident İlham Əliyev, demək olar ki, hər çıxışında və müsahibəsində söz açıb. Dövlətimizin başçısı çıxışlarının birində deyib: “Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”.

Bu vəhşilər yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyiblər. Onlar Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıblar. Bununla da monoetnikliyə söykənən dövlət siyasəti həyata keçirən, digər xalqlara və dinlərə qarşı dözümsüzlük sərgiləyən təcavüzkar Ermənistan işğal altında saxladığı çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın ərazilərində də yalnız erməni izi yaratmağa, başqa sözlə desək,  bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməyə çalışıb.

Dövlətimizin başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq. Artıq tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinin startı verilib. Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsindəki paylaşımında bildirib ki, tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti ilə tanınan Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmiş qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə start verib: “Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.” Paylaşımda, həmçinin bildirilir ki, bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Şübhəsiz, qüdrətli  Azərbaycan azad edilmiş yaşayış məskənlərimizdə qısa zaman kəsiyində həyata keçirəcək quruculuq işlərində bütün tarixi-mədəni abidələrimizin  bərpası  da prioritet olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”