Münhen sövdələşməsinin sirləri və ya Qərb xəyanəti (1)

II Dünya müharibəsinin başa çatmasından 69 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hərb tarixində ən dəhşətli qırğınlara və dağıntılara səbəb olan bu savaşın özü ilə bağlı bir çox müəmmalar hələ də qalmaqdadır. 
Onlardan biri də II Dünya müharibəsinə gətirib çıxaran Münhen sövdələşməsi ilə bağlıdır. Hər halda hələ ötən əsrin 30-cu illərində Adolf Hitlerin hakimiyyətə gəldiyi vaxt dünyanın yeni bir müharibəyə sürükləndiyi aydın idi. O dövrdə Qərbin aparıcı dövlətlərindən olan Fransa və Böyük Britaniya rəhbərlərinin əlində Hitlerin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün kifayət qədər təsirli vasitələr var idi. Amma həmin dövrdə Fransa və Böyük Britaniya  I Dünya müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq niyyətində olan və revanş almaq arzusu ilə alışıb-yanan Hitlerin bəşəriyyəti yeni müharibəyə sürükləmək cəhdininşn qarşısını nəinki almadılar, əksinə onu təcavüzkarlığa şirnikləndirdilər. Bu baxımdan 1938-ci ilin  sentybar ayının 30- da Münhendə Almaniya ilə böyük Britaniya və Fransa arasında imzalanan və dünya tarixinə Münhen sövdələşməsi adı ilə düşən biabırçı anlaşma ilə Çexoslavakiya faşist Almaniyasına qurban verildi və bununla da II Dünya müharibəsinə aparan yolun əsası qoyuldu. Niyə Fransa və Böyük Britaniya liderləri Almaniyanın qarşısından geri çəkildilər və Avropanın faşistlərin tapdağı altında inləməsinə yol açan addım atdılar? Bu suala birmənalı cavab vermək çətindir. Həmin dövrdə Fransa və Böyük Britaniya liderlərinin belə bir addım atamlarının arxasında alman kəşfiyyatının adı çəkilən ölkələrin ali dairələrindəki yüksək səviyyəli dövlət xadimlərini müxtəlif yollarla öz təsiri altında saxladığı və onları öz çaldıqlarına oynatmaları barədə çoxlu sayda ehtimallar mövcuddur. Lakin həqiqətin harada olduğunu müəyyən etmək asan deyil  və Münhen sövdələşməsinin imzalanması ətrafındakı müəmmaya günümüzdə də belə aydınlıq gətirmək mümkün olmayıb.

 

Oxşarlıq təsadüfdürmü?

Son dövrlərdə dünya tarixinin ən qaranlıq səhifələrindən biri olan Münhen sövdələşməsi demək olar unudulmaqda idi. Lakin Ukraynada baş verən son hadisələr yenidən Münhen sövdələşməsini gündəmə gətirdi. Bu müstəvidə də o dövrdə baş verən və II Dünya müharibəsinə gətirib çıxaran hadisələrlə Ukraynanın Krım Muxtar Respublikası ətrafında baş verənlər arasında oxşarlıq axtarılmağa başlandı. Münhen sövdələşməsinin üstündən 76 il keçməsinə baxmayaraq, sanki tarix yenidən təkrar olunur. Sadəcə olaraq əgər o dövrdə II Dünya müharibəsinə aparıb çıxaran hadisələrin baş aktyoru rolunda Almaniya çıxış edirdisə, bu dəfə rollar dəyişib. Baş rolda Almaniyanı Rusiya, Çexoslovakiyanı isə Ukrayna əvəz edib. Münhen sövdələşməsinin digər əsas aktyorları olan Fransa və  Böyük Britaniya isə olduğu kimi qalıb. Üstəlik onlara tarixdən az da olsa, ibrət dərsi götürən və bu dəfə tamam fərqli formada Avropanın lideri rolunu oynamaq funksiyasını öz üzərinə götürməyə cəhd edən Almaniya da əlavə olunub. Buna baxmayaraq, Ukrayna ətrafında, o cümlədən MDB məkanında cərəyan edən hadisələr ötən əsrin 30-cu illərində II Dünya müharibəsinə aparıb çıxaran olayları xatırlatmaqdadır. Və o dövrdə Çexoslovakiyaya münasibətdə olduğu kimi bu dəfə də Qərb ölkələri Ukraynanın taleyi ilə oynamağa başlayıblar. Onların günümüzdə yeritdikləri siyasət də 76 il əvvəl baş verən hadisələrə münasibətdə yeritdikləri siyasətlə demək olar eynidir: Boş-boşuna təcavüzə məruz qalan ölkəni müdafiə etmək barədə vədlər vermək, məsələ ətrafında hay-küy qaldırmaq, əməli işə gələndə isə hər hansı bir addım atmamaq. Bütün bunları nəzərə alaraq tarixi yenidən xatırlatmaq və o dövrdə baş verən hadisələrə diqqəti cəlb etmək üçün biabırçı Münhen sövdələşməsi müəmmasına yenidən qayıtmaq qərarına gəldik. Çünki nə qədər ki, Münhen sövdələşməsindən ibrət dərsi götürülməyib, o qədər də dünyada Çexoslovakiyanı xatırladan qurbanlar, faşist Almaniyası cildində isə yeni təcavüzkarlar olacaq…

 

Münhen sövdələşməsinə aparan yol

Hitlerin hakimiyyətə gəlməsindən sonra sürətlə silahlanmağa başlayan Hitler Almaniyası I Dünya müharibəsi nəticəsində itirilmiş torpaqlarını geri qaytarmaq niyyətində idi. Bu yolda faşist Almaniyasının atdığı ilk addımlardan biri Avstriyanın işğalı oldu. Qərbin Almaniyanın işğalçılıq siyasətinə göz yummasından istifadə edən Hitler 1938-ci ilin martında Avstriyanın

Almaniyaya birləşdirilməsinə nail oldu. Bu, Hitleri daha da şirnikləndirdi və bu dəfə o, nəzərini Çexoslovakiyaya çevirdi. Həmin dövrdə Cexoslovakiyanın Sudet vilayətində yaşayanların 90 faizini etnik almanlar təşkil edirdi. Qeyd edək ki, II Dünya müharibəsi ərəfəsində Çexoslovakiyada 14 milyon əhali yaşayırdı. Onlardan yalnız 3,5 milyon nəfər etnik almanlar Sudetdə, Slovakıyada və Zakarpatyedə yaşayırdı. Hitlerin Almaniyada hakimiyyətə gəlməsindən sonra Sudet almanlarında Almaniyaya birləşmək istəyi güclənmişdi. Buna bəhanə kimi isə günümüzdə Krımda olduğu kimi o dövrdə Sudet almanları çexlərin və slovakların zülmü altında yaşadıqlarını və bunun dözülməz hala gəldiyini iddia edirdilər. Sudet almanları arasında millətçi faşist ovqatının güclənməsində o dövrdə burada qurulan Sudet-Alman Patiyasının qatı millətçi ovqatlı lideri K. Henleynin apardığı təbliğat böyük rol oynadı. Bölgədə vəziyyətin gündən-günə kəskinləşdiyini görən və hadisələrin təhlükəli istiqamətdə inkişaf etdiyini görən Çexoslovakiya hökuməti təcili şəkildə Sudet almanlarının bəzi tələblərini yerinə yetirərək, onlara yerli özünüidarə hüquqları verdi və ana dillərində daha yüksək səviyyədə təhsil almaları üçün əlavə yardımlar göstərdi. Lakin Henleynin Sudet almanlarının ağır vəziyyəti barədə qaldırdığı hay-küy Hitlerin əlinə Çexoslovakiyaya qarşı təcavüzə başlamaq üçün bəhanə verdi. O, Almaniya reyxstaqına ( parlamentə) müraciət edərək, onları Sudet almanlarının qeyri-insani vəziyyətinə diqqət yetirməyi məsləhət gördü. 1938-ci ildə Hitlerin Avstriyanı Almaniyaya zorla birləşdirməsindən (anşlyus) sonra Hitler Sudet məsələsini də həll etmək qərarına gəldi. 1938-ci ilin mart ayında Sudet almanlarının separatçı lideri Henleyn Berlinə səfər edərək, Almaniya xüsusi xidmət orqanlarından gələcəkdə necə hərəkət etmək barədə təlimat alır. Sudetə geri qayıdan kimi aldığı təlimata əsasən, Henleyn hərəkətə keçir. Həmin ilin aprel ayında Henleynin rəhbəri olduğu partiyanın iclasında Sudet almanlarına muxtariyyət tələbini özündə ifadə edən Karlsbad proqramı qəbul edildi. Bundan 1 ay sonra may ayında Henleyn muxtariyyət tələbini Almaniyaya birləşmək çağırışı ilə əvəz edir. May ayının 22-də keçirilən bələdiyyə seçkilərini müstəqillik haqqında plebsitlə əvəz etmək istəyən Henleyn bu müstəvidə hökumətə qarşı bəzi təxribatlara əl atdı. Buna paralel olaraq, Hitler Almaniya ordusunun böyük hissəsini Çexoslovakiya ilə sərhədə toplamağa başlayır. Bununla da birinci Sudet böhranı əmələ gəldi. Çexoslovakiya hökuməti vəziyyətin müharibə həddinə çatdığını görərək, dərhal ölkədə səfərbərlik elan etdi. Qeyd edək ki, həmin dövrdə Çexoslovakiya Avropanın ən inkişaf etmiş sənaye dövlətlərindən biri hesab edilirdi. Təkcə Çexoslovakiyanın “ Şkoda” zavodu  II Dünya müharibəsi ərəfəsində bütün Böyük Britniyanın hərbi zavodlarının istehsal etdiyi məhsuldan daha çox hərbi təyinatlı mallar buraxırdı. Yenə də Çexoslovakiya həmin dövrdə dünyada silah istehsalına görə birinci yerdə idi. Ordu da ən müasir silahlarla təchiz edilmişdi və hətta bu sahədə Almaniya belə Çexoslovakiyaya həsəd aparırdı. Bundan əlavə  Sudetin Almaniya ilə sərhəd zonasında Çexoslovakiya möhtəşəm, o dövr üçün alınmaz hesab edilən müdafiə sədləri yaratmışdı. Birinci Sudet böhranı zamanı SSRİ iki ölkə arasında 1935-ci ilin may ayının 16-da imzalanan anlaşmaya əsasən, Çexoslovakiyaya yardıma gəlməyə hazır olduğunu bəyan etdi. Eyni zamanda Fransa da Çexoslovakiya ilə 1935-ci il may ayının 2-də imzalanan anlaşmaya əsasən, Praqaya öz köməyini təklif etdi. Hətta Almaniyanın ən yaxın müttəfiqi olan İtaliya belə problemin hərbi yolla həllinə açıq şəkildə etiraz etdi. Yalnız bundan sonra Hitler manevr etməyə və Böyük Britaniyanın xüsusi nümayəndəsi lord Rensimenin iştirakı ilə problemin həlli barədə qarşı tərəflə danışıqlara başlamağa məcbur oldu. Amma bu danışıqlar Almaniyanın zor işlətmə mövqeyindən çıxış etməsi nəticəsində iflasa uğradı. Bunu görən Henleyn 1938-ci il sentyabr ayının 12-də Sudet əhalisini Çexoslovakiya hökumətinə qarşı  küçələrə çıxardı. Çexoslovakiya hökuməti isə öz növbəsində bölgədə hərbi vəziyyət elan edərək, oraya əlavə hərbi qüvvələr yeritdi. Bununla da, ikinci Sudet böhranı baş verdi.

Əzız Mustafa