Müharibə illərində Alpanın repessiyaya məruz qalmış qadınları

0
342

Tariximizdə baş vermiş ən böyük faciələrdən biri də 1920-ci ildən başlayaraq, 30 ilə yaxın davam edən repressiyadır (Repressiya cəza tədbirləri, dövlət tərəfindən həyata keçrilən cəzalandırma, təzyiq mənasını verir). Repressiyaya məruz qalanların arasında mövcud quruluşu qəbul etməyənlərlə yanaşı, müxtəlif bəhanələrlə “istintaq”a cəlb olunanlar da olub. Bu cəza mexanizmi qadınlardan da yan keçməyib. Özü də onların əksəriyyətinin başı həyat yoldaşlarına, övladlarına görə bəlalar çəkib. Halbuki hələ  1935-ci ildə Moskvada keçirilən kombaynçıların toplantısında iştirakçılardan biri, yəni Aleksandr Tilba çıxışı zamanı: “Mən qolçomaq oğlu olsam da, fəhlə və kədlilərin haqq işi uğrunda namusla mübarizə aparacağam” deyəndə sovet lideri Stalinin reaksiyası belə olmuşdur: “Oğul ataya cavabdeh deyil”.

Amma sonrakı hadisələr sübut etdi ki, bu gəlişigözəl replikadan başqa bir şey deyilmiş. Belə ki, sonradan oğullar atalarına, analar oğullarına, həyat yoldaşları ərlərinə görə cavabdeh olublar, yəni məsuliyyətə cəlb ediliblər. Hətta müharibə ilə əlaqədar Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali-Baş komandanı Stalinin 16 avqust 1941-ci il tarixli belə bir əmri də olub:”Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxartmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı dezertir hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış dezertirlərin ailəsi kimi həbsə məhkum olunsun.”

Bu yazıda tarixi sənədlərə istinadən İkinci Dünya müharibəsi illərində kəndimizdə ərlərinə, oğullarına görə repressiyaya məruz qalmış qadınların bir neçəsindən söhbət açmaq istəyirəm.

Onlardan biri 1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuş Əlixanova Rahiyə Nəsir qızıdır. O, həyat yoldaşı Əlixanov Şahbaba Paşa oğluna görə məsuliyyətə cəlb edilib.  Belə ki, Əlixanov Şahbaba 772-ci atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunub. Elə bu səbəbdən də Rahiyə xanım vətən xaininin həyat yoldaşı hesab olunaraq Azərbaycan SSR CM 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalıb. Hərbi Tribunaldan cavab gəldikdən sonra, yəni 22 iyul 1943-cü ildə isə Əlixanova Rahiyə Nəsir qızının işinə xitam verilib.

Bununla əlaqədar Əlixanov Şahbaba Paşa oğlunun 1870-ci il təvəllüdlü anası Əlixanova Sürahi Babaxan qızı  da vətən xaininin anası kimi yuxarıda qeyd etdiyimiz maddə ilə ittiham olunub və yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalıb.

Belə bir aqibətlə Xanəhmədovlar ailəsi də üzləşib. Belə ki, Xanəhmədova Əzimə Cabbar qızının (1910)  9 sentyabr 1941-ci ildə Quba Rayon Hərbi Komissarlığı tərəfindən Qızıl Ordu sıralarına səfərbər edilmiş həyat yoldaşı Xanəhmədov Hüseyn Piri oğlu Primorsk XDİK Xüsusi şöbəsinin 25 fevral 1942-ci il məlumatına əsasən, düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum olunub. Elə buna görə də Əzimə xanım, eləcə də qayınanası Zərxanım Allahverdi qızı (1882) ittiham olunaraq repressiyaya məruz qalıblar. Azərbaycan SSR XDİK Quba rayon şöbəsinin 22 iyul 1943-cü il qərarına əsasən onların işinə xitam verilib.

Represiya maşını o illərdə heç kimin dünənki əmək qəhrəmanlığını belə yada salmayıb. Məsələn, kəndimizdəki “1 May” adına kolxozda işləmiş, bir övlad (Adilə Əmirməmməd qızı – 1941-ci il) anası olmuş Kamalova Güllər Cavad (1922) qızının da başı ərinə – Kamilov Əmirməmməd Nizam oğluna görə bəla çəkib. Belə ki, Kamilov Əmirməmməd Nizam oğlu 15 iyul 1942-ci ildə 30-cu Kavaler diviziyasının 134-cü Kavaler alayının Hərbi Tirbunalı tərəfindən (vətən xaini kimi) güllələnməyə məhkum edilib. Onun ailəsinin isə sürgünə göndərilməsi haqqında qərar qəbul olunub. Amma Azərbaycan SSR XDİK-nin 15 mart 1944-cü il tarixli qərarına əsasən Kamalova Güllər Cavad qızının atası orduda olduğuna görə SSRİ Prokurorluğunun 30 may 1945-ci il tarixli 215/51 №-li əmrinə və Azərbaycan SSR XDİK-nin 19 aprel 1944-cü il qərarına əsasən sürgün qəbul edilməyib və işə xitam verilib.

1910-cu ildə Quba rayonunun Alpan kəndində anadan olmuş, 5 uşaq anası (oğlanları Baba – 9 yaş, İmaməddin – 3 yaş, Na­dir – 1 yaş, Aluşa – 12 yaş, qızı Salihə – 3 yaşında) Məmmədova Mayaxanım Piri qızı Qızıl Ordu sıralarında olan həyat yoldaşı Məmmədov Osman Şahmərdan oğlunun düşmən tərəfə keçdiyinə görə cəzaya məhkum olunub. Belə ki, o, Azərbaycan SSR XDİK-nin 29 aprel 1942-ci il qərarı ilə  SSRİ XDİK-nin 00247 №-li 28 may 1942-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaqla vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalıb.

 1916-cı il təvəllüdlü, 4 uşaq anası (qızları Bənzər – 10 yaş, Sənubər – 5 yaş, Gülnaz – 1 yaş, oğlu Minxar – 9 yaşında) Muradova Ziyafət Həsrət qızı düşmən tərəfə keçdiyinə görə həbs edilən həyat yoldaşı Muradov Oruc Şahgəldi oğlu ilə əlaqədar mənəvi təzyiqə məruz qalıb. Belə mənəvi repressiyaya düçar olanlardan biri də Əliyeva Bikə Piroğlan qızı (1910) olub. 3 uşaq anası (qızları Lyubiya – 10 yaş, Zəmanə – 16 yaş, oğlu Niyaməddin – 15 yaşında) Bikə xanım isə  vətən xaini kimi 28 aprel 1942-ci ildə güllələnməyə məhkum edilmiş həyat yoldaşı Əliyev Hüseyn Mülküm oğluna görə belə bir həyat yaşamalı olub.

Doğrudur, onlar da bəraət alıblar. Yəni sonradan məlum olub ki, sən demə, onlar günahsız imişlər. Şübhəsiz, bəraət kağızları, bəraət hökmləri arxadan atılan qara daşdan başqa bir şey olmayıb. Yəni mənəvi təzyiqlər onların hər birinin həyatında müəyyən izlər salıb.

Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Xahiş edirəm ki, yazıda adları çəkilən şəxslər barədə bildiklərinizi yazın.