Müdirimizlə niyə oynamıram?

0
562

İş yerində hamı yaxşı bilir ki, bizim müdirimiz Süleyman bəyin idmana, xüsusilə tennisə alayı bir həvəsi var (Daha bilmirəm, bu maraq onda uşaqlıq illərindən formalaşıb, ya sonradan; çünki özündən soruşmamışam). Odur ki, o, əlinə fürsət düşən kimi tennis stolu arxasına keçir və rəqiblərinə meydan oxuyur. Rəqibləri dedikdə, onun bu oyunda qarşılaşdığı şəxslər elə qəzetimizin işçiləridir. O, qonaqları da hərdən meydana dəvət edir. Yeri gələndə Süleyman bəy bu oyunun sirlərini, öz təcrübəsini rəqibləri ilə də bölüşür. Məhz onun sayəsində qəzetimizdə yaxşı tennisçilər formalaşıblar. Hətta iş o yerə çatıb ki, son günlər “şagirdləri” Süleyman bəyin üzünə ağ olurlar, yəni ustadlarını pərt edirlər. Bu barədə söz düşəndə həm Süleyman bəy, həm də onun bu sahədəki yetirmələri sözləşiblərmiş kimi: “Bir şagird ustadından neçə mərtəbə irəli getməsə, o, şagird deyil” ifadəsini xatırladırlar.
Lakin mən indiyədək müdirimizin rəqibinə çevrilməmişəm. Daha doğrusu, tennisdə onunla heç üz-üzə gəlməmişəm. İş yoldaşlarım buna görə məni hərdən danlayırlar. Hətta məni idmana biganəlikdə günahlandırırlar. Halbuki mən hələ məktəb illərindən futbol, şahmatla yanaşı, bu idman növü ilə də məşğul olmuşam. Yəni bu sahədə müəyyən təcrübəm var. Bəs mən niyə müdirimizlə oynamaq istəmirəm?
O gün iş yoldaşlarımdan biri yenə də bu sualla mənə müraciət etdi. Bu dəfə nədənsə ona bu “sirri” açmağa məcbur oldum. Dedim, qardaşım, mən neçə il öncə müdirlərlə oynamağı tövbə etmişəm. İş yoldaşım heyrətlə: – Tövbəmi? – dedi, – və əlavə etdi: “Görünür, nəsə bir faciə baş verib?” Mən onun bu sualına konkret cavab vermədən başıma gəlmiş qısa bir hekayəti anlatmağa başladım: “Bir zamanlar çalışdığım zavodda fəhlələrdən ibarət futbol komandamız var idi. Mən də bu komandanın heyətində idim. Günlərin bir günü dedilər ki, bəs zavod direktorundan, yəni müdirindən ibarət texniki heyət sizin komanda ilə yarışa çıxmaq istəyir. Uzun sözün qısası, meydana çıxdıq. Direktorun da qatıldığı bir komanda ilə qarşılaşdığımızdan oyunda azarkeşlərin sayı xeyli çox idi. Nə gizlədim, onların əksəriyyəti müdiriyyəti deyil, bizi dəstəkləyirdi. Gah müdafiəçi, gah hücumçu mövqeyində çıxış edən direktorumuz oyunun başa çatmasına təxminən 20-25 dəqiqə qalmış qapıçı kimi çıxış etmək qərarına gəldi. Bu yerdəyişmədən sonra oyun daha da qızışdı. Lakin hesab açılmırdı ki, açılmırdı. Oyunun sonuna yaxın mənim uzaqdan vurduğum top qapıçının, yəni müdirimizin qarşısında birdən-birə istiqamətini dəyişərək onun ayaqları arasından keçib qapıya girdi. Azarkeşlərin alqış sədaları göylərə bülənd oldu. Lakin bu “biabırçı” qoldan müdirimiz olduqca pərt oldu və hətta hakimin final fitini gözləmədən meydançanı tərk etdi. Sözün düzü, onun bu hərəkətindən yaman əndişələndim. Üstəlik, oyunçu yoldaşlarımdan birinin: “Sən nə etdin?” – deməsi həyəcanımı birə-beş artırdı.
Düşündüm ki, yəqin ayağımdan çıxan bu xətaya görə müdir bir bəhanə tapıb mütləq məni cəzalandıracaq… Odur ki, onun gözünə görünməməyə çalışdım. Hətta həmin qoldan danışmaq istəyənləri susdurmağa çalışırdım. Amma sən demə bəzən elə olur ki…
… Bu oyundan bir həftə sonra direktorun otağında başqa bir müəssisədən gəlmiş nümayəndə heyətinin iştirakı ilə hansısa bir qurğunun bir hissəsinin hazırlanmasına həsr olunmuş iclas keçirilir. Həmin iclasda müdir baş mühəndisdən: “Məgər bizdə həmin detalı emal edən işçi varmı?” deyə soruşanda o mənim adımı çəkib (O vaxt mən tornaçı idim). Müdir deyib ki, həmin işçini tanımıram axı? Bu zaman gözünə döndüyüm baş mühəndis nə desə yaxşıdır: “Niyə tanımırsınız? Tanıyırsınız, özü də lap əla… Ötən həftə oynadığınız oyunda o sizin ayaqlarınızın arasından qol vurmadımı?” Onun bu sözləri iclas iştirakçıları tərəfindən gülüşlə qarşılansa da, müdirimiz özünü sındırmayıb: “Hə, hə, indi tanıdım”, – cavabını verib. Mən bu iclas olayından xəbər tutandan sonra daha çox təşvişə düşdüm. Çünki məni görən hər kəs direktorun ayaqları arasından top keçirən oğlan kimi təqdim edirdi. Mənim isə belə bir təqdimat əsla ürəyimcə deyildi. Odur ki, günlərin bir günü müəssisədən uzaqlaşmaq qərarına gəldim. Düşündüm ki, bəlkə, mən gedəndən sonra bu məsələ tamam qapana… Bir sözlə, ayağımdan çıxan xətanı, beləcə, yola verdim. O ki qaldı müdirlə tennis oynamamağıma. Qorxuram ki, bu dəfə əlimdən bir xəta çıxa”. Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here