“Müdiri yalandan tərifləməklə irəli gedirlər”

493
Məşhur iş adamlarının həyatlarına baxdığımız zaman çətin ki, onların arasında birbaşa zirvəyə qalxanını görə bilək. Hər kəs həyatda özünə müəyyən bir yer tutmaq üçün bəzi çətinliklərdən keçməli olur. Oxuduğum kitablardan birində yazıçı  belə deyir: “Heç kəs iş həyatında bir anda zirvəyə qalxa bilməz. Əgər bu,baş verərsə, əmin olun ki, oradan düşməsi gözlə qaş arası qədər yaxındır. Hər kəs zirvəyə pillə-pillə qalxır”.
Yəqin ki, hər biriniz iş yerində daim müdirin ətrafında olan, xüsusi “qabiliyyəti” ilə onun rəğbətini qazanmağa çalışan insanlara rast gəlmisiniz. Bu cür insanların qısa zamanda “zirvə”yə qalxması müəssisədə xoşagəlməz halların yaşanmasına gətirib çıxarır. Hər bir işçi müdirinin ədalətli və əməyə qiymət verməsini istəyir. Bunun əksinə olaraq,az çalışıb çox qiymətləndirilən “çalışqanlar” digər işçilərdə ruh düşkünlüyünə səbəb olurlar. Bəzi işçilərin yaltaqlığa əl atmasına səbəb nədir? Müdirin belə hallara yol verməsi nəyin göstəricisidir? Əsl müdir nələrə diqqət etməlidir? İşçidə hansı xüsusiyyətlərə üstünlük verilir? Bu və bir çox suallarımıza Qafqaz Universiteti “Texno park”ın direktoru İsa Qasımov cavablandırdı.

“Tələb olunduğu üçün yaltaqlıq təklifə çevrilib”

Bəzi psixoloqlar hesab edirlər ki, insanı üzünə qarşı tərifləmək doğru deyil. Bu onda qürur hissinin artması, özünü başqalarından üstün görməsi kimi izah edilir. Lakin bir qisim mütəxəssislər də belə qənaətə gəlirlər ki, bir insanın gördüyü işi tərifləmək onun əməyinə qiymət verdiyini göstərər və daha yaxşı nəticələr sərgiləməsinə yol açar. Ancaq tərifləməyi özünə “sənət” seçən bəzi insanlar ondan fərqli məqsədlər üçün istifadə edirlər. İşlədiyi müəssisədə rəhbər şəxsin rəğbətini qazanmaq və bu yolla özünü “zirvə”lərə aparmaq istəyən səriştəsiz işçilər,ilk növbədə,bu yola baş vururlar. Ekspert İsa Qasımov iş yerində bu cür halların yaşanmasında rəhbər şəxsin də rolunun olduğunu bildirdi: “Əgər hansı bir müəssisədə yaltaqlıqla vəzifəyə gələn işçi varsa, demək ki, buna imkan verənlər var. Yəni bu tələb olunub ki, təklifə çevrilib. Məsələn, 15 işçidən biri müdirə ikiüzlülük edərək,onun nəzərində yüksəlməyə çalışırsa və buna da nail olursa, təbii ki, bu digər işçilərdə ruh düşkünlüyünə səbəb olur. Bu da sürətli bir şəkildə performansın geriləməsinə gətirib çıxarır. İşçilərdən bəziləri işlərinə can yandırır, çalışırlar, xüsusi “qabiliyyəti” olanlar isə heç bir iş görmədən, müdiri yalandan tərifləməklə irəli gedirlər. Bu zaman da işçilər “burada qayda belədir” deyib, işdən uzaqlaşırlar. Əgər müdir belə şeylərə yol verirsə, bu onun qeyri-professional olmasından xəbər verir. Deməli, o müdirlik vəzifəsini yerinə yetirə bilmir. Əgər müdirdə liderlikdən uzaq keyfiyyətlər varsa, onun üstün tutulmaqdan, yalançı tərifdən xoşu gələcək”. Müxtəlif yollarla müdirin yaxın adamına çevrilməyi bacaran işçi artıq onu istənilən yalana inandıra bilir. Müəssisədə baş verən iqtisadi geriləmə yeni səbəbkarlar axtarmağa zəmin yaradır. Bu zaman da “çevik” işçi öz missiyasını yerinə yetirməyə başlayır”. İsa Qasımov :“Yaltaq insanlar hər zaman var və onlar öz mənfəətləri üçün başqalarına quyu qazmaqdan çəkinmirlər. Müəssisədə işlərin gerilədiyi bir vaxtda müdir bunun səbəbini kimlərdəsə axtarmağa başlayır. Müdirin daim ətrafında fırlanan işçinin də öz missiyasını həyata keçirməsi üçün əlinə fürsət keçir. Belə demək mümkünsə, digər işçilərin ayağının altını qazmaqdan geri qalmır. Yalan danışır və günahı həmin işçilərin üstünə atır. Bu da,təbii ki, işçilərin həvəsini qırır. Eyni zamanda kollektivdə sosiallığı və pozitiv vəziyyəti aşağı salır”,dedi.

“İşçi dürüst, təşəbbüskar və yeniliklərdən xəbərdar olmalıdır”

Gördüyü işdən, tutduğu vəzifəsindən asılı olmayaraq,yaltaqlıq və ikiüzlülük bəyənilməyən davranışlardır. İnsan bu yolla müəyyən qədər irəliləsə də, burada heç bir inkişafdan söhbət gedə bilməz. Ekspert İ. Qasımov şirkətlərin işçi seçərkən ən çox önəm verdikləri xüsusiyyətləri açıqladı: “Azərbaycanda olan böyük şirkətlərin “HR” (kadrlar şöbəsi) departamentinin direktorları ilə həmsöhbət olduğumuz zaman onların işçidə,ilk növbədə,tələb etdikləri xüsusiyyətin dürüstlük olduğunu gördük. Bununla yanaşı, işlədiyi müəssisəyə səmimi bir bağlılığının olması da üstünlük verilən xüsusiyyətlər arasındadır. Təbii ki, praktik və nəzəri biliklər, həmçinin də innovasiyaları(iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsi) nəzərə alınaraq,onun praktik tərəfləri də yerinə yetirməlidir. Hər bir işçi öz üzərində işləməli və mövcud bazarın tələbinə uyğun olaraq yeni biliklər əldə etməlidir. O, müraciət edən müştərinin üzərində təcrübə qazanmamalı, öz sahəsi ilə bağlı biliklərə əvvəlcədən yiyələnməlidir. Kollektivlə işləmək qabiliyyətinin olması da mütləqdir. Onu da vurğulamaq lazımdır ki, işçini önə çıxaran ən önəmli xüsusiyyəti onun təşəbbüskar olmasıdır. İstənilən işçi də öz üzərində işləyərkən,işinə təşəbbüskar ruhla yanaşmalıdır. Bir işi görərkən “daha yaxşı nəticəni necə əldə edərəm?” deyə fikirləşməli və kollektivlə birlikdə hərəkət etməlidir. Yaxşı lider onsuz da işçilərinin təşəbbüskar ruhda yetişməsi üçün addımlar atır”. İ. Qasımov bildirdi ki, əsl lider işçiləri dəyərləndirməyi bacarmalıdır: “Hesab edirəm ki, əsl lider işə qəbul etdiyi işçilərdən ən səmərəli şəkildə necə istifadə edəcəyini bilməlidir. Yəni hər hansı bir işçi müəyyən sahədə fayda verə bilmirsə, onu alçaldıb, işdən uzaqlaşdırmaq əvəzinə, həmin işçinin qabiliyyətinə uyğun, daha çox fayda verəcəyi bir sahəyə təyin etmək daha doğru olar. Lakin yerdəyişmə kimi bir imkanı yoxdursa, işçini ona təcrübə qazandıracaq təlimlər, treninqlərə göndərə bilər. Yaxud da onu yetişdirmək üçün daha təcrübəli bir işçinin yanına yerləşdirə bilər. Bu yolla həm işçinin qabiliyyətlərini kəşf edə bilər, həm də onun təcrübəli bir işçi kimi formalaşmasına nail olar. Əsl lider müdirlik etmək əvəzinə,kollektivindəki hər bir şəxsin hansı sahədə daha çox fayda verəcəyini və onu bir işçi kimi ən yaxşı şəkildə necə yetişdirəcəyini düşünməlidir. Hesab edirəm ki, ən yaxşı lider işçisinin gələcək karyerasını düşünməlidir”.

Xəyalə Sadıqova