Müdafiə Nazirliyi valideynləri üçün”Açıq qapı” günü keçirəcək

340

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcək, eləcə də qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunacaqdır.
Hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.