Müdafiə Nazirliyi: Ermənistan ordusunun 3 silah-sursat anbarı, onlarla texnikası məhv edilib, 550-dən artıq canlı qüvvə itkisi var

0
48

Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.

Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan ordusunun desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb. Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi ordusundakı döyüş itkilərinin real sayını hər zaman olduğu kimi yenə də ictimaiyyətdən gizlədir.