Müasir və dəbdə olan ayaqqabılar zədələnmə ehtimalını artırır

574

Qış fəsli olduğundan insanlar soyuq hava şəraitində sırsıra, sallaq buzlar, donma, nəqliyyatda hərəkət və digər təhlükəsizlik qaydalarını bilməli, hətta xırda zədə aldıqları təqdirdə, tibbi yardım üçün həkimə müraciət etməlidirlər. Havanın kəskin soyuması, şaxtanın düşməsi və qar örtüyünün əmələ gəlməsi insanların sağlamlığına mənfi təsir edir, onların şikəst olmasına və hətta ölümünə də səbəb ola bilir. İnsanlar düşünürlər ki, qış fəslində əsasən texnogen xarakterli baş verə biləcək fövqəladə hallardan qorunmaq lazımdır. Onlar əsasən qaz sobaları və elektrikdən istifadədə təhlükəsizlik qaydalarına riayət etməklə öz işlərini bitmiş hesab edirlər. Lakin unutmaq olmaz ki, texnogen proseslərlə yanaşı, təbiətdə baş verə biləcək hər hansı bir fəlakət onların sağlamlığına, həyat və təsərrüfat fəaliyyətlərinə mənfi təsir edə bilər. Qış fəslində ənənəvi xəstəliklərdən (soyuqdəymə, qrip və s.) əlavə, müxtəlif qış zədələri də geniş yayılır. Onların əksəriyyəti bilavasitə sərt şaxtalarla və qeyri-sabit hava şəraitinin olması ilə əlaqədardır. Bu da sırsıra və sallaq buzlar kimi zədə təhlükəsi yaradan faktorların əmələ gəlməsi ilə müşayiət olunur. Bina və evlərin üzərində sallanan buz kütlələri insanlara çox ciddi zərər yetirə bilər, hətta onların ölümünə də səbəb ola bilər. Bunun qarşısını almaq üçün qış və yaz aylarında müntəzəm olaraq binaların damları vaxtlı-vaxtında təmizlənməlidir. Əhali isə evlərin yaxınlığından keçdikdə, xüsusən, ehtiyatlı olmalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Sallaq buzlar qədər sırsıralar da insanların həyatı üçün çox təhlükəli hesab olunur. Belə ki, sırsıra döyəclənərək bərkiyir və sürüşkən səth və ya buz qatı əmələ gətirməklə qış fəslində baş verən yol-nəqliyyat qəzalarının yaranmasına səbəb olur. Nəzərə alsaq ki, soyuq və şaxtalı havalarda insanların tələsməsi və sürüşkən yerlərdə hərəkət edərkən yararlı olmayan ayaqqabıları geymələri müxtəlif sınıqların, əzələ dartınmalarının və kəllə-beyin travmaları almaları ehtimalını daha da artırır. Qarın yağması, külək, temperaturun tez-tez dəyişməsi və pis təmizlənən yollar qış zədələnmələrinin artması üçün münbit şərait yaradır. Bir qayda olaraq, küçədə yıxılarkən əllərimizin, ayaqlarımızın və bədənimizin digər hissələrini zədələyərkən “ufuldayıb”, həkimə və ya travmatologiya məntəqəsinə müraciət etməyi lazım bilməyib, yolumuza davam edirik. Belə bir halda həmin zədələr sonradan artritlərin, bursitlərin və digər xəstəliklərin inkişafına gətirərək, pis nəticələnən ağrılara səbəb olur. Məsələn, sallaq buzun başınızın üzərinə düşməsi və ya sırsıraya yıxılaraq başın zədələnməsi beyin silkələnməsinə gətirə bilər. Bunun da nəticəsində iki-üç ildən sonra görmənin zəifləməsi, qulaqlarda səslərin əmələ gəlməsi, tez-tez olan baş ağrıları, yorğunluq və qəflətən yaddaşın zəifləməsi kimi problemlər yaranır. Bəzən yıxılarkən zəif ağrı hiss etdikdə biz onu yüngül zədənin olması ilə özümüzə təsəlli veririk. Əslində isə həmin ağrı sınığın və ya çıxmanın olması ilə müşayiət edilə bilər ki, bu da hiss edilməyən olduqda sümüklərin düzgün formalaşmamasına gətirib çıxarır. Sonda isə sağlamlığımızı bərpa etmək üçün uzunmüddətli və ciddi müalicə tələb olunur. Qış aylarında yalnız rahat ayaqqabılardan istifadə etmək lazımdır. Təəssüflər olsun ki, müasir və dəbdə olan ayaqqabılar zədələnmənin ehtimalını artırır. Hündür, nazik daban və ayaqqabının yuxarı burulmuş burun hissəsi, sizin yıxılıb müxtəlif sınıq, zədə və çıxmalar almanızın səbəbidir. Hündürdabanlı çəkmələrlə vidalaşıb, altı yastı və sürüşməyən, dabanları isə 3-4 sm olan dayanıqlı çəkmələr geyinmək məsləhətdir. Yıxılmağın və zədələnmənin bir başqa səbəbi də uzuntutacaqlı çantalardır. Həmin çantalar çoxlu yükləndikdə ağırlıq mərkəzlərini dəyişir, bu da sizə sürüşərkən vaxtında manevr etməyə mane olur. Bununla əlaqədar olaraq uzuntutacaqlı və çiyindən asılan çantalardan imtina edin. Çantaları hər iki əlinizdə gəzdirin, bununla da sağ və sol əlinizə düşən yükü bərabər tənzimləmiş olarsınız. Müxtəlif mexaniki zədələrlə yanaşı, qış sizə həm də aşağı temperaturun təsirindən termik zədəni yetirə bilər. Söhbət donmadan gedir. Donma sizə yalnız şaxtalı hava zamanı deyil, həm də temperaturun sıfır dərəcəyə yaxın olduğu halda belə zərər yetirə bilər. Bunun üçün bir neçə amilin olması kifayətdir: rütubətli hava, aşağı temperatur və soyuq külək. Donmaya əsasən ayaq və əl barmaqları, burun, qulaqlar və yanaqlar məruz qalır. Yadda saxlayın ki, bədənin donmaya məruz qalmış hissəsini heç bir vaxt soyuq suya salmaq və ya qarla sürtmək olmaz. Bu gələcəkdə soyuqlamanı artıraraq ümumi vəziyyəti çətinləşdirə bilər. Bədənin donmuş hissəsini ilıq suya qoymaq lazımdır (qaynar sudan istifadə etmək olmaz). Bundan sonra dəri qızarana kimi onu yüngül hərəkətlə sürtüb üzərinə aseptik sarğı qoymaq lazımdır. Dar paltarlar, əlcək və ayaqqabılar qan dövranını çətinləşdirərək donmanın baş verməsinə təkan verir. Bütün günü qış ayaqqabısında isti otaqda oturmaq da düz deyil. İstidə ayaqlar tərləyərək ayaqqabıların içini nəmləndirir ki, bu da çölə çıxdıqda ayaqların donmasına gətirib çıxarır. Donmanın qarşısını almaq üçün soyuq havada isti geyinmək və nəmlənməyə məruz qalmayan, düzgün ayaqqabı seçmək lazımdır. Lakin çox istilənmək də düzgün deyil. Məsələn, palto və papağın üzərinə atılan yaylıq sizin görmənizi və manevr etməyinizi məhdudlaşdırır. Bu da yolu keçərkən qəflətən gələn maşını görməyinizə mane olaraq vaxtında yoldan çıxmamanğınıza gətirə bilər. Həm də çoxlu bürünmək sizə damlardan asılan sallaq buzları görməyinizə mane olur. Dam və borular üzərində sallaq buzları gördükdə həmin yerdən keçməyin. Yaşlı adamların, xüsusən, diqqətli olmaları tələb olunur, çünki onlar zədə aldıqda sümüklərin birləşməsi prosesində çətinliklər yaranır. Sırsıra zamanı onlar evdən çıxarkən mütləq özləri ilə çəlik və ya əsa götürməlidirlər. Avtomobil sürücülərinə yalnız ehtiyac olduqda öz avtomobillərindən istifadə etmələri məsləhət görülür. Bu təqdirdə sürücülər öncə sürət rejiminə riayət etməlidirlər. Avtomobilin əyləc sistemi daim saz vəziyyətdə olmalıdır. Qışda isə bu amilə xüsusi diqqət yetirmək lazımdır. Avtomobili idarə edərkən diqqətiniz daimi yolda olmalıdır. Çünki hərəkət şəraitindən asılı olaraq piyadanın küçənin və yolun işlək hissəsinə qəflətən çıxma ehtimalı ola bilər. Qarşınızda gedən avtomobillə daim məsafə saxlamaq lazımdır və unutmaq olmaz ki, qarlı havada əyləc məsafəsi bir neçə dəfə artır. Bu cür xoşagəlməyən hadisələrdən yayınmaq üçün qış aylarında təhlükəsizlik qaydalarına riayət etməyə çalışın…

Emin Ramazanov, FHN Sumqayıt
Regional Mərkəzin İctimaiyyətlə əlaqə
və təbliğat sektorunun baş məsləhətçisi