“Müasir futbolda zəif rəqib anlayışı qalmayıb”

0
542
Azərbaycan milli komandasının yeni baş məşqçisi Xorvatiyalı Robert Prosineçki milli ilə toplanışını Antalyada yerinə yetirir. Toplanış fevral ayının 20-dən 26-na qədər davam edəcək. Milli komanda ilə baş məşqçi təyin olunduqdan sonra Prosineçki ilə ilk dəfədir ki, futbolçularla bir araya gəlir. Komandamız Antalyadakı toplanış çərçivəsində  fevralın 24-də Ukraynanın “Şaxtyor” komandası ilə üz-üzə gələcək. Görüş “Mardan Stadium”da baş tutacaq. Premyer Liqanın üçüncü turundan təxirə salınmış AZAL – “Neftçi” qarşılaşması bu həftə baş tutacağı üçün nə “Flaqman”ın, nə dəki “Təyyarəçi”lərin futbolçuları millinin toplanışında iştirak etməyəcəklər. Prosineçkinin Antalya toplanışı üçün milliyə çağırdığı 24 futbolçunu sizə təqdim edirik: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Namiq Ələsgərov, Vüqar Nadirov – “Qarabağ”, Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov – “Qəbələ”, Səlahət Ağayev, Arif Daşdəmirov, Maqomed Mirzəbəyov, Əfran İsmay-lov, Coşqun Diniyev, Elvin Məmmədov – “İnter”, Rahid Əmirquliyev, Ağabala Ramazanov – “Xəzər Lənkəran”, Orxan Əliyev, Andriy Popoviç, Maqomed Qurbanov – “Sumqayıt”, Rəşad Eyyubov – “Simurq”, Emil Balayev – Eintracht (”Frankfurt”, Almaniya), Anton Krivotçuk – klub-suz. Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasına 24 futbolçu çağırsa da, onlarda 3-ü hal-hazırda düşərgədə deyil. Rəşad Sadiqov (”Qəbələ”) və Səlahət Ağayev (”İnter”) zədəli olduqları üçün Antalyaya aparılmadı. Maksim Medvedev də zədəli olduğu üçün düşərgədən ayırılaraq vətənə döndü. Topaz Premyer Liqasında 7 qol vuraraq bombardirlər sırasında yer alan  “Simurq” klubunun futbolçusu Rəşad Eyyubov da karyerası ərzində ikinci dəfədir ki əsas milliyə çağrılır. Azərbaycanın U-17, U-19 və U-21 formalarını geyinən Rəşadın əsas yığmada özünü göstərmək üçün əlinə yaxşı şans düşüb.  Hazırda Antalyada olan futbolçu ilə əlaqə yaradaraq “Çempion” oxucularını maraqlandıran sualları cavablandırmasını istədik.
– Hazırda milli komanda ilə Antalyadasan, Robert Prosineçkinin səni yığmaya dəvət edəcəyini gözləyirdinmi?

– Millinin toplanışında olmaq xoşdur. Mən hər zaman belə düşünümüşəm ki, əgər futbolçu özünü yaxşı tərəfdən göstərsə millinin heyətinə düşə bilər. Sizə bilidirim ki, millinin bundan öncəki Norveç yığması öncəsi toplanışına da çağrılmışdım.

– Rəşad Eyyubovun milliyə çağrılmasında “Simurq” komandasının baş məşqçisi Georgi Çixradzenin bir əməyi varmı?

– Əlbətdəki var. Milliyə düşmək üçün öz klubunda yaxşı futbol oynamalısan. Hazırda yaxşı formada olmağımın əsas səbəbi “Simurq”un məşqçilər heyətidir. Məşq zamanı Çixradze hamıdan çox məni danlayır. Ancaq mən başa düşürəm ki, o mənim daha yaxşı futbol oynamağımı istəyir. Mən də öz səhvlərim üzərimdə dayanmadan çalışıram. Səhvlərim düzəldikcə də daha yaxşı oynmağa başlayıram. Buna görə də baş məşqçimə öz minnətdarlığımı bildirirəm.

– Bakıda və İstanbulda güclü qar yağır. Orda vəziyyət necədir?

– Bəxtimiz gətirdi ki, biz Bakıdan vaxtında çıxdıq. Biz də hər şey yaxşıdı. Antalyada hava isə əsl futbol havasıdır.

– Artıq Prosineçkinin başçılığı altında ilk məşqə çıxmısınız. Milli komanda ilə Antlaydakı ilk məşq sənə necə təsir bağışladı?

– Məşqçi və futbolçu heyəti özünü daha yaxşı tanımağa çalışır. Hələ ki, iki məşq keçmişik. İki məşqdən sonra baş məşqçi haqqında nəsə demək çox çətindir. Robert Prosineçkinin meydandakı enerjisi mənim xoşuma gəlir. O və onun başçılıq etdi məşqçilər heyəti bizə dayanmadan öz məsləhətlərini verirlər.

– Antalyadakı təlim-məşq prosesi çərçivəsində sizi fevral ayının 24-də “Şaxtyor” Donetsk komandası ilə hazırlıq oyunu gözləyir. Bu oyun haqqında fikirlərini bilmək maraqlı olardı?

– Yüksək səviyyəli klubla qarşılaşmaq bizim üçün də yaxşı təcrübədir. Düşünürəm ki, belə oyunlarda öz gücümüzü daha yaxşı sınaya bilərik.

– Prosineçki, yığmaya yeni futbolçular cəlb edib. Yəqin ki, özünüzü yaxşı tərəfdən göstərmək və millinin əsas heyətinin futbolçusu olmaq üçün əlinizə yaxşı fürsət düşüb.

– Bəli təmamilə düz söylədiniz. Millinin hal-hazırda heyətində olan bütün futbolçular indi yaxşı başa düşürlər ki, hər birinin əsas heyətdə oynamaq üçün şansı var. Qalır bu şansdan yaralanmaq. Sizə açığını deyim, mən heç vaxt Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsdan dəvət gözləməmişəm. Əlbətdəki mən hər zaman millidə oynamaq istəmişəm. Ancaq Foqts bir il ərzində cəmi bir dəfə bizim oyunumuza baxmağa gəlmişdi. Prosineçki isə 4 ay ərzində 4 dəfə oyunumuza baxmağa gəlib. Biləndəki baş məşqçi sizin komandanın oyununa baxmağa gəlir, bu hal futbolçuya böyük stimul verir. Motivasiyalı futbolçu isə klub üçün daha yaxşı oynayır ki, milliyə çağrılsın.

– Əvvəlki illərdə milliyə Azərbaycan pasportu olan çox sayda əcnəbi futbolçu çağrılıb. Hazırkı heyətdə isə yerlilər çoxluq təşkil edir. Səncə, milliləşmiş futbolçuların olmaması komandaya necə təsir edir?

– Mənim üçün bunun heç bir fərqi yoxdur. Əgər hər hansı bir  futbolçunun Azərbaycan pasportu və onun qohumluq əlaqələri  varsa ən əsası isə millidə oyanmaq istəyirsə niyə də olmasın. Mən bunun əleyhinə deyiləm. Sadəcə olaraq əsas olan belə futbolçuların səviyyəli olmasıdır.

– Mart ayının 28-də, Bakıda Avro-2016 seçmə mərhələsi çərçivəsində sizi Malta yığması ilə oyun gözləyir. Bu ölkənin futbol millisi Avropada zəif komandalardan hesab olunur. Necə düşünürsən biz Tofiq Bəhrəmovda Maltanı məğlub edə bilərik?

– Düşünürəm ki, müasir futbolda zəif rəqib anlayışı qalmayıb. Bütün komandalar futbol oynamağı bacarır. Əsas olan bu oyuna düzgün bir şəkildə hazırlaşmaqdır. Ancaq mən inanıram ki, bizim millimiz bu oyunda Maltanı məğlub edəcəkdir.

– Mart ayının 28-dəki heyətdə yer ala biləcəksənmi?

– Bilirsiniz mən çalışıram ki, gələcəyi düşünməyəm. Hazırda bizi “Şaxtyor”la çətin oyun gözləyir və mən yalnız bu oyun haqqında düşünürəm.

– Məncə insan gələcəyi fikirləşməlidi.

– Həyatda əlbətdəki gələcəyi düşünmək lazımdı. Ancaq futbolda belə deyil. Bir və ya iki həftə sonra başına nə gələcəyini bilmirsən.

– “Simurq”un son “Sumqayıt”la keçirdiyi oyun haqqında nə deyə bilərsən?

– Mən bu oyunu artıq unutmuşam. Hazırda millinin düşərgəsindəyəm və bütün diqqətimi yığmaya yönəltmişəm. Fevral ayının 27-də “Simurq”un düşərgəsində olacam və budan sonra klubum haqqında düşünməyə başlayacağam.

– “Simurq” Zaqatalanı təmsil edir və siz ev oyunlarınızı orada keçirirsiniz. Futbolçuların çoxu əyalət komandalarında oynamaq istəmirlər. Bəhanələri isə “Bakıdan başqa yerə getmək istəmirəm” olur. Rayonda və yaxud Bakıda futbol oynamağın fərqi varmı?

– Əlbətdəki var. Ancaq insanlar fərqlidi. Bəziləri səssiz yerdə yaşamaq istəyir, məsələn Zaqatala kimi. Bəziləri isə böyük şəhərləri sevirlər. Mən artıq 4 ildir ki, Zaqatalada yaşayıram. Düzdür, arada bir harasa gedib istirahət etmək istəyirsən, amma bu qorxulu deyil. Mən peşəkar futbolçuyam və belə şeylərə hər zaman hazıram. Bəziləri elə düşünür ki, biz heç nədən pul qazanırıq. Ancaq onlar anlamırlar ki, biz pul qazanmaq üçün bir çox şeydən imtina etməli oluruq.

ƏSGƏR HÜSEYNOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here