“Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” müzakirə olunub

580

Bu gün AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsi tərəfindən  “Müasir Azərbaycan teatrı və mass media: problemlər, perspektivlər” mövzusunda seminar keçirilib. İnstitutun iclas salonunda baş tutan tədbiri giriş sözü ilə açan AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov teatr və mass media arasındakı münasibətlərdən söz açıb, teatrla KİV arasında səmərəli ünsiyyət və əməkdaşlıq əlaqələrinin yaradılmasını seminarın başlıca məqsədi kimi təqdim edib.

Müzakirələrdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları, teatrşünaslar, teatr xadimləri, eləcə də ölkənin aparıcı mətbuat orqanlarının tanınmış mədəniyyət yazarları iştirak edib. Seminarda “Teatr, kino və televiziya” şöbəsinin kiçik elmi işçisi, teatrşünas Könül Əliyeva teatr və mass media münasibətlərin müxtəlif aspektlərini əks etdirən ətraflı məruzə ilə çıxış edib. Müzakirələrdə “Qobustan” İncəsənət Toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Mədəniyyət” qəzetinin redaktor müavini Həmidə Rüstəmova, “Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu, kulis.az elektron dərgisinin mədəniyyət yazarı, teatrşünas Aliyə Dadaşova, milli.az saytının mədəniyyət müxbiri Samirə Behbudqızı, “Kaspi” qəzetinin mədəniyyət müxbiri Xəyalə Rəis, kult.az saytının əməkdaşı Dürrə Həsən, AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin böyük elmi işçisi, Əməkdar İncəsənət Xadimi Ayaz Salayev, AMEA Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Mustafayeva çıxış edərək mövzu ilə bağlı müxtəlif maraqlı fikirlər səsləndirib, seminarı teatr və Kütləvi İnformasiya Vasitələri arasında labüd dialoqun yaradılması istiqamətində atılan addım kimi dəyərləndirblər.

Tədbirdə teatr və mass media münasibətlərinin hazırkı durumuna nəzər salınıb, mövcud problemlər müəyyənləşdirilib və gələcək inkişaf perspektivlərinin təyin olunmasına cəhd göstərilib.

Qeyd edək ki, bu seminar “Teatr, kino və televiziya” şöbəsinin son bir il ərzində keçirdiyi sayca dördüncü seminardır. Buna qədər keçirlən “Azərbaycan sirk sənəti dünya arenasında”, “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı”, “Müasir Azərbaycan kinosu: problemlər, perspektivlər”, mövzulu seminarlar mədəni ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.