Müəyyən problemlər olsa da…

0
455

  Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 2019-cu il 1 iyun tarixli Sərəncamı ilə ölkəmizin daha 30 rayonunda günərzi qayğı mərkəzləri yaradılır. Həmin mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil edilib.

 Mingəçevirdə də 6 aydan artıqdır ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin nəzdində Günərzi qayğı və icma əsaslı sosial rebilitasiya mərkəzi fəaiyyətə başlayıb. Mingəçevir Əlil Qadınlar Cəmiyyətinin Mingəçevir şəhər şöbəsinin  sədri, birininci qrup gözdən əlil Adilə Cəlilova məlumat bildirdi ki, mərkəzdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstərilir: ”Hazırda burada 30-dək uşağın yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, eləcə də müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Onların asudə vaxtlarının maraqlı keçməsi üçün mütəmadi olaraq ekskursiyalar, müxtəlif gəzintilər də təşkil edilir. Burada pedaqoqlar, tərbiyəçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərirlər. Mərkəzimizdə 10 nəfər qadın  işlə təmin olunub. Onu da qeyd edim ki, sağlamlıq  imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar icra olunur. Əvvəlcə reabilitasiya tipli  150 ailədə maarifləndirici tədbirlər həyata keçirmişik. Onlardan 50 uşaq mərkəzə cəlb olunub. Bu uşaqlarla gündə 2 saat məşğul oluruq. Amma günərzi qayğı mərkəzinin 30 uşağı ( 3 -18 yaş arası) səhər  saat 9-dan axşam saa 6 –ya qədər mərkəzdə olurlar. Mərkəzə müraciətlər çoxdur. Biz onlara qayğı göstərə bilərik, amma  yer baxımından mərkəzə götürə bilmirik”.

Adilə xanım, həmçinin bildirdi ki, həm əlil qadınlar, həm də mərkəzin uşaqları yerləşdikləri binada sıxlıq olduğundan əziyyət çəkirlər: ”Mingəçevir Əlil Qadınlar Cəmiyyətinin  əslində öz yeri var. Amma müəyyən səbəblərdən biz öz yerimizdə yerləşə bilmirik. İndiki yerimiz kirayə olduğu üçün müəyyən problemlərlə üzləşirik. Bizim problemimiz isə yer məsələsidir. Onu da demək istərdim ki, işimiz tək uşaqlarla bitmir. Həm də imkansız əlil qadınların ailələrinə yardımlar edirik. Bu yaxınlarda Nazirlikdən gələn nümayəndə heyəti mərkəzimizdə oldu, problemli ailələrlə görüşlər keçirildi və onlar qeydiyyata götürüldülər. Mərkəzimizə Mingəçevirdə fəaliyyət göstərən yerli sahibkarlar dəstək olurlarə. Müxtəlif mağazalar (“İki qardaş”, “Ford Fashn”, “Laləli”, “Mingəçevir ucuzluq”, “Dostluq AVR”) uşaqlarımızı paltarlarla və digər əşyalarla təmin edirlər. Buna görə onlara təşəkkür edirik”.

Mərkəzin psixoloqu Nargilə Əhmədzadə isə bizimlə söhbətində müəyyən çətinliklərə rəğmən, uşaqlara hər cür qayğı göstərildiyini vurğuladı.

Esmira Hidayətova, Mingəçevir