Müəmmalı təyyarə qəzalarında ölən rəsmilər: Enriko Mattei

635

Qəzaya uğrayan təyyarədə pilot səhvi ola bilməzdi. Çünki onu İtaliyanın ən yaxşı hərbi pilotlarından biri, İkinci Dünya müharibəsində almanlara qarşı partizan müharibəsində iştirak edən Matteinin yaxın dostu İrnerio Bertutsi idarə edirdi. Bundan əlavə, qəzaya uğrayan təyyarədə Mattei ilə bərabər, baş nazir və amerikalı jurnalist də vardı. Onların hər üçü qəza nəticəsində dünyasını dəyişdi. Diqqəti cəlb edən bir məsələ də qəzanın təyyarə yerə enməyə hazırlaşdığı vaxt baş verməsi oldu. Adətən, təcrübəli təyyarəçi olan  Bertutsi səhv edə bilməzdi və o hətta II Dünya müharibəsi zamanı ən pis hava şəraitində belə uçmağı bacaran təyyarəçilərdən biri hesab edilirdi. Deməli, qəzaya səbəb pilotun səhvi deyil, başqa şey olmuşdu. Qəza ilə bağlı İtaliya hökumətinin yaydığı rəsmi məlumatda təyyarənin mühərrikində nasazlıq olduğu bildirilirdi. Amma bu da həqiqətə oxşamırdı. Çünki, adətən, baş nazirin və yüksək səviyyəli rəsmilərin mindikləri təyyarələr öncədən xüsusi qaydada təcrübəli mühəndis-mexaniklər tərəfindən yoxlanılır və yalnız heç bir nasazlığın olmadığına zəmanət verildikdən sonra uçuşa icazə verilirdi. Ona görə də təyyarənin mühərrikində nasazlıq olması nəticəsində qəzaya uğraması ilə bağlı İtaliya hökumətinin rəsmi versiyası ölkə ictimaiyyətini və beynəlxalq aləmi sakitləşdirməkdən başqa bir şey deyildi. Digər tərəfdən də, təyyarənin havada partladılması ehtimalı o günlərdə İtaliyada ən çox danışılan söhbətlərdən idi. Mətbuatda bununla bağlı çoxsaylı ehtimallar da səsləndirilmişdi. Bunada səbəb təyyarənin qalıqlarının kilometrlərlə uzaqlara səpələnməsi idi. Bu da təyyarədə güclü partlayışın olduğunu söyləməyə imkan verir. Əslində Matteinin ünvanına çoxlu sayda hədələrin daxil olduğu, onun hər an öldürülə biləcəyi İtaliya xüsusi xidmət orqanlarına da məlum idi və onlar bununla bağlı ENİ kompaniyasının prezidentinə dəfələrlə xəbərdarlıq da etmişdilər. Amma Matteinin təhlükəsizliyinin təmini üçün rəsmi dövlət səviyyəsində hər hansı bir tədbir həyata keçirilməmiş, hətta ona şəxsi mühafizəçi belə verilməmişdi.  Ona görə də qəzanın təsadüfi olmadığı aydın şəkildə nəzərə çarpırdı. O dövrdə qəzanın arxasında ABŞ xüsusi xidmət orqanlarının dayandığı ehtimalı geniş yayılmışdı. Bu ehtimal məntiqi baxımdan da ağlabatan hesab edilirdi. Çünki ABŞ və onun Avropadakı əksər müttəfiqləri İtaliyanın SSRİ ilə hər hansı bir baxımdan yaxınlaşmasını istəmirdilər və Moskva-Roma münasibətlərinin istiləşməsinin əsas günahkarının Mattei olduğu qənaətində idilər.  Ona görə də məhz hədəfə də Mattei alınmış, onun ünvanına çoxlu sayda təhdidlər, hədələr göndərilir, ENİ prezidentini tutduğu yoldan geri addım atmağa məcbur etmək istəyirdilər. Amma Mattei də ölümdən qorxmurdu və o, II Dünya müharibəsinin od-alovlarından çıxmış şəxs idi. Bu müstəvidə də Matteinin öldürülməsinin arxasında Qərbin, o cümlədən ABŞ-ın xüsusi xidmət orqanlarının dayandığı hələ o vaxt şübhə doğurmurdu. Matteinin öldürülə bilməsi ehtimalı İtaliya xüsusi xidmət orqanlarına da məlum idi və onlar hansı yollarlasa bundan xəbər tutmuşdular. Təsadüfi deyil ki, İtaliya xüsusi xidmət orqanları Matteini onu gözləyən təhlükə ilə bağlı dəfələrlə xəbərdar etmişdilər. Yenə də burada müəmmalı bir məqam var. Bu da Matteini gözləyən təhlükəyə baxmayaraq, onun təhlükəsizliyinin təmin edilməməsi ilə bağlıdır. Bəlkə də həmin dövrdə ABŞ xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq şəraitində işləyən İtaliya kəşfiyyatı Matteinin təhlükəsizliyinin təmin edilməməsi barədə qarşı tərəfə vəd veriblərmiş. Hər halda sonrakı hadisələr bunu qismən sübut etdi. Əks halda İtaliya əks kəşfiyyatı Matteinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri həyata keçirərdi. Yenə də yeri gəlmişkən qeyd edək ki, İtaliya xüsusi xidmət orqanları ölkə prezidentini, baş naziri Matteinin SSRİ ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verməsinin İtaliya üçün problemlər doğura biləcəyi barədə xəbərdar edərək, onun tutduğu vəzifəsindən dərhal istefaya göndərilməsi barədə məsələ qaldırmışdı. Bəlkə də o vaxt İtaliya rəhbərliyi bu xəbərdarlığı ciddi nəzərə alaraq, Matteini vəzifəsindən azad etsəydi, onda sonuncu onu gözləyən ölümdən qaça bilərdi. Amma İtaliya hökuməti bu xəbərdarlığa məhəl qoymadı. Belə ki, bütün hallarda Matteinin SSRİ ilə yaxınlaşmağa xüsusi dəyər verməsi və onun sayəsində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi İtaliyanın milli maraqlarına cavab verirdi.  Çox güman ki, buna görə də düşünülmiş şəkildə Mattei qurban verildi…

 İzlər ABŞ-a gedib çıxır

  Matteinin faciəli ölümü ciddi şəkildə araşdırılmadı və bununla bağlı təyyarənin mühərrikinin nasazlığı önə çıxarılaraq məsələni bununla bitmiş hesab etdilər. Halbuki, Mattei ilə bağlı daha bir yüksək səviyyəli dövlət rəsmisi, baş nazir də bu müəmmalı təyyarə qəzasının qurbanı olmuşdu. Adətən, baş nazir Mattei ilə müqayisədə daha ciddi şəkildə qorunur. Buna baxmayaraq, onun təhlükəsizliyi tam şəkildə təmin edilməmişdi. Bəlkə də ölkə rəhbərliyi Mattei ilə bərabər, baş nazirin də qurban getməsinə göz yumaraq bununla Qərbin İtaliyaya təzyiqlərinin qabağını almaq istəyirdi… Bu ehtimalı təsdiq etmək çətin olsa da hər halda Mattei ilə bərabər baş nazirin də müəmmalı şəkildə təyyarə qəzasında ölməsinə belə bir biganə münasibəti anlamaq çətindir. Matteinin sui-qəsd, daha doğrusu, terror nəticəsində öldürülməsi ilə bağlı 1970-ci ildə Milanda “Enriko Matteinin öldürülməsi” adlı kitab  çapdan çıxdı. Kitabın müəllifləri iki italiyalı jurnalist Fulvio Bellini və Alessandro Previdi idi. Hər iki jurnalist araşdırmalar nəticəsində Matteinin  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən öldürüldüyü  qənaətinə gəlmiş və bununla bağlı hətta rəsmi mənbələrdən belə istifadə etmişdilər. Əvvəlcə, jurnalist araşdırmasının nəticəsi olan bu kitabda deyilənlərin yalan olduğu iddia edilərək bunu Bellini və Previdinin  təxəyyülünün məhsulu hesab etdilər. Ancaq bundan az sonra məlum oldu ki, MKİ-də Vaşinqtona qarşı çıxan dövlət rəsmilərinin aradan götürülməsini həyata keçirən xüsusi şöbə fəaliyyət göstərir.  ABŞ Senatının Mərkəzi Kəşfiyyat İdarəsinin çirkli işlərini araşdırması zamanı dəhşətli faktlar ortaya çıxdı. Məlum oldu ki, MKİ Kuba Prezidenti Kastroya qarşı da sui-qəsd planı hazırlayıbmış. Bu faktın ortaya çıxması italiyalı jurnalistlərin yalan danışmadığının sübutu kimi dəyərləndirildi. Digər tərəfdən də, təyyarə qəzaya uğrayan yerin kosmosdan çəkilən şəkilləri göstərdi ki, İtaliya rəsmilərinin faciəni mühərrikin nasazlığı kimi qələmə verməsi heç bir məntiqə sığmır.  Kosmosdan çəkilən şəkillər zamanı təyyarənin ən ağır hissələrinin – füzelyaj, mühərrik və qanadların qalıqları sıx meşəliklə örtülü olan bataqlığın dibində aşkar edildi.  Təyyarə qəzaya uğrayaraq düşdüyü yerdə ağacların budaqları belə zədələnməyib. Əgər təyyarə İtaliya rəsmilərinin iddia etdiyi kimi mühərrikin nasazlığı nəticəsində qəzaya uğrasaydı, onda onun düşdüyü yerdə böyük bir çuxur əmələ gələr və yerə toxunma zamanı baş verən partlayışdan sonra onlarla metr ətrafdakı ağaclar alt-üst olar, havaya sovrulardı. Amma təyyarənin qalıqlarının aşkar edildiyi bataqlıq ətrafındakı ağaclar sağ-salamat idi. Bu fakta jurnalistlərin diqqətinin cəlb edildiyini görən hökumət rəsmiləri baş verən faciədən 8-10 gün sonra izi itirmək üçün təyyarə qəzaya uğrayan yerin ətrafındakı ağacları kəsdilər. Faciəli qəzanın şahidi olan şəxslərin təyyarənin havada alovlanaraq partladığı barədəki ifadələri isə sonralar dəyişdirildi. Halbuki faciə şahidləri mətbuata və hökumət rəsmilərinə  verdikləri açıqlamalarda təyyarənin havada alışaraq partladığını dönə-dönə vurğulayırdılar. Amma məsələ ciddiləşəndə bunun arxasında ABŞ xüsusi xidmət orqanlarının dayandığı ehtimalı gündəmə gələndə faciə şahidləri birdən-birə susmağa, bu barədə bir daha danışmamağa üstünlük verdilər. Ola bilsin ki hökumət orqanları onlara bununla bağlı susmaları barədə sərt xəbərdarlıq etmişdilər. Üstündən illər ötəndən sonra Matteinin müəmmalı şəkildə qəzaya uğraması barədə yeni faktlar ortaya çıxdı. Məlum oldu ki, Matteiyə qarşı terror aktını MKİ əməkdaşı Uilyam Xarvinin rəhbərliyi altında “potensial ölüm” şöbəsi təşkil edib.  Bununla bağlı politoloq L. Zamoyski yazır: “Matteinin öldürülməsinə hazırlıq MKİ ilə əməkdaşlığa cəlb edilmiş İtaliya-Amerika mafiyasının rəhbərləri – Roselli və Marçello tərəfindən həyata keçirilib. Qeyd edək ki, sonralar Roselli Kennedinin öldürülməsinə hazırlıqda iştirak etməsinə görə məsuliyyətə cəlb edildi. Matteinin öldürülməsi Kennediyə qarşı həyata keçirilən sui-qəsdin baş məşqi hesab edilirdi. İtaliyada isə Matteinin aradan götürülməsi ilə bağlı əməliyyat MKİ-nin İtaliyadakı rezidenti Tomas Karamessines və İtaliya xüsusi xidmət orqanlarının rəhbəri general Lorenso ilə razılaşdırılıbmış. Matteinin öldürülməsindən sonra Tomas Karamessines dərhal İtaliyanı tərk edərək ölkəsinə qayıtdı”.

Əziz Mustafa