Müəmmalı təyyarə qəzalarında ölən rəsmilər: Enriko Mattei

0
497

Matteinin faciəli şəkildə ölümündən sonra belə, ABŞ və onların Qərbdəki müttəfiqləri İtaliyanın SSRİ ilə yaxınlaşmasının yolunu kəsə bilmədilər. Belə ki, Matteinin ölümündən sonra SSRİ ilə yaxınlaşma davam etdirildi və iki ölkə arasındakı ticarət əlaqələri daha da genişləndirildi. Belə ki, 1962-1969-cu illərdə İtaliya kapitalist ölkələri arasında SSRİ-nin əsas ticarət tərəfdaşına çevrildi.  İki ölkə arasında əldə edilən razılığa əsasən, İtaliya ötən əsrin 60-cı illərinin ortalarında SSRİ-də nəhəng Voljsk Avtomobil Zavodunu inşa etdi. Bu zavodda “Fiat” avtokonserninin istehsalı olan  minik avtomobilləri əsasında SSRİ-də məşhur olan “Jiquli” avtomobillərinin istehsalına başlanıldı. Matteiyə gəlincə, onun ölümünün arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və digər Qərb dövlətlərinin xüsusi xidmət orqanlarının əli olması ilə bağlı kifayət qədər dəlillər var. Qeyd edək ki, Matteinin düşmənləri arasında yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi deyil, həm də Fransa xüsusi xidmət orqanlarının olduğu hələ o vaxt məlum idi. Belə ki, Fransa xüsusi xidmət orqanları əməkdaşları Matteinin Əlcəzair Milli Azadlıq Cəbhəsi ilə yaxın münasibətlərinin olduğu qənaətinə gəlmişdilər. Onlar Matteinin Əlcəzair Milli Azadlıq Cəbhəsi vasitəsi ilə Fransanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlı olduğunu, bu məsələdə onlara  təlimat verdiyini ehtimal edirdilər. Matteinin öldürülməsində həmçinin onun ən yaxın dostu və birinci müavini Eucenio Çefisin də əli olması istisna edilmir. Matteinin təyyarə qəzasında ölməsindən illər ötəndən sonra məlum olub ki, Çefis Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxın əlaqələrdə olub. Düzdür, Çefisin ABŞ xüsusi xidmət orqanları ilə sıx əməkdaşlığının Matteinin qəzaya düşməsində nə qədər rol oynadığı bu günə kimi müəyyənləşdirilməyib. Amma bütün hallarda Çefisin MKİ ilə əməkdaşlığının boş-boşuna olduğunu düşünmək sadəlövhlük olardı. Ola bilsin Çefis öz şefi və yaxın dostu Mattei barədə ABŞ xüsusi xidmət orqanlarına hansısa məlumatlar ötürüb. Ötən əsrin 90-cı illərində İtaliyanın Paviya Şəhəri Prokurorluğu Matteinin məsələsinə yenidən baxdı. Məlum oldu ki, təyyarənin göyərtəsində hansı yollarlasa keçirilən trotil olub və onun partlaması təyyarə qəzasına səbəb olub.

 

Tiro de Vojolinin etirafı

Fransa xüsusi xidmət orqanlarının gizli agenti, hazırda istefada olan Tiro de Vojoli 12 il Vaşinqtonda işləmiş və ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmişdir. Onun sözlərinə görə, Matteinin öldürülməsi planı Vaşinqtonda işlənib hazırlanmışdı. Amma bu planın həyata keçirilməsi MKİ-nin idarə etdiyi “Akson” terror təşkilatının üzərinə qoyulmuşdu. Tiro de Vojolinin sözlərinə görə, “Akson” MKİ tərəfindən Əlcəzairin inqilabi hökuməti ilə ilə sıx əməkdaşlıq edən ölkələrin yüksək səviyyəli dövlət rəsmilərinin öldürülməsi üçün yaradılmışdı. Vojoli: “Matteinin öldürülməsi aktını həyata keçirmək “Akson” terror təşkilatının üzvü, Korsikada anadan olan Lorenə tapşırılmışdı. Bu məqsədlə də MKİ öz tanışları vasitəsilə Loreni Kataniya hava limanında işə düzəltmişdi. Matteinin və İtaliya Baş Nazirinin mindiyi təyyarəyə də bombanın məhz Loren tərəfindən qoyulduğunu istisna etmirəm”,-demişdi.  Bununla belə, Matteinin öldürülməsi ilə bağlı digər ehtimallar da var. Belə ki, İtaliyanın tanınmış yazıçısı və ictimai xadimi Mikele Pantaleone yazdığı “Ağıza daş” adlı kitabında Matteinin öldürülməsini Siciliya adasındakı “Koza nostra” terror təşkilatının üzvü və MKİ əməkdaşı Kerlos Marçello ( onun digər adı Kalocero Minakoridir) ilə əlaqələndirir. Mikele Pantaleone bununla bağlı “Europeo” jurnalına müsahibəsində jurnalistin suallarına belə cavab verir:

– Siz öz kitabınızda Matteinin Marçello tərəfindən öldürüldüyünü iddia etmisiniz. Bu ehtimaldır, yoxsa əlinizdə hansısa fakt var?

– Belə bir qənaətə mən öz araşdırmalarım nəticəsində gəlmişəm. Marçello məhz Matteinin öldürülməsi ərəfəsində buraya gəlmişdi.

– Amma bu onun Matteini öldürməsi demək olmaya da bilər…

– Mən bu barədə artıq heç nə demək istəmirəm. Çünki Marçellonun Matteinin öldürülməsində əli olması barədə yazdığımdan sonra 3 dəfə həyatıma sui-qəsd cəhdi edilib. Mənə dilimi dinc saxlamağım və əks halda aradan götürüləcəyim barədə dəfələrlə yazılı şəkildə xəbərdarlıq ediblər. Ona görə də risk edib, daha bundan artıq nə isə danışa bilmirəm”.

Pantaleonenin müsahibəsindən göründüyü kimi, əslində o, Matteinin öldürülməsi barədə çox şeylər bilir, ancaq bunları deməyə cəsarəti çatmır. Məsələnin digər tərəfinə gəlincə, çox ehtimal ki, Matteinin öldürülməsi ilə bağlı bir neçə plan hazırlanıb. Onlardan biri uğursuzluğa dükar olacağı təqdirdə, digər sui-qəsd ssenarisi işə salınmalı idi.

 

Araşdırmalar və Mauro faciəsi

Matteinin öldürülməsinin xüsusi plan əsasında həyata keçirildiyini jurnalist Mauro de Mauro tərəfindən aparılan araşdırmalar da sübut edir. Mauro məhz təyyarə qəzaya uğrayandan az sonra hadisə şahidlərindən intervü götürmüşdü. Hadisənin şahidi olan kəndli Ronki təyyarənin havada alışaraq partladığını söyləmişdi. Bundan  bir neçə  gün sonra Matteinin qalıqları yenə də kəndlilər tərəfindən 5 metr dərinlikdə partlayış nəticəsində əmələ gələn çuxurda tapılmışdı.  Mauro da bunu  Matteinin öldürülməsinə sübut kimi dəyərləndirmişdi. O digər faktları da əldə etmişdi.  Mauro de Mauro  kifayət qədər çox şey bilirdi. Aydın məsələ idi ki,  bu çoxbilmişliyini ona bağışlamayacaqdılar. Hələ ötən əsrin 60-cı illərinin sonları, 70-ci illərin əvvəllərində Matteinin ölümü ilə bağlı əldə olan faktlar, həmçinin məsələni sərbəst şəkildə araşdıran jurnalist Mauro de Mauronun təqdim etdiyi sənədlər əsasında rejissor Françesko Rozi tərəfindən “Matteinin işi” adlı film çəkilib. Bu filmdə təyyarə qəzası nəticəsində Matteinin ölümü ilə bağlı bir çox müəmmalara aydınlıq gətirilib. Matteinin müəmmalı şəkildə öldürülməsini araşdıran jurnalist Mauro de Mauronun fəaliyyəti həmin dövrdə ABŞ və digər Qərb ölkələrin xüsusi xidmət orqanlarının da diqqətini cəlb etmişdi. Onun demək olar hər addımı xüsusi nəzarət altına alınmışdı. Bu müstəvidə də Mauro özü də günlərin birində aradan qaldırılacağını yaxşı bilirdi. Bir dəfə o, ətrafındakılara: “Mən çox təhlükəli bir oyuna girmişəm. Bu oyundan, adətən, sağ çıxacağıma inanmıram. Amma mənim məqsədim jurnalist kimi müstəqil təhqiqat aparmaq və bir çox baş verən sirli hadisələrə aydınlıq gətirmək olub. Kimlərinsə necə və harada öldürülməsini tədqiq edən dövlətin hüquq-mühafizə orqanları var. Mən, sadəcə olaraq, öz jurnalist təhqiqatımı aparır və buna görə heç kimdən pul almıram. Məqsədim əsl həqiqətin xalqa çatdırılmasıdır. Bunun mənə həyatım bahasına başa gələcəyinə də şübhə etmirəm. Amma nə edəsən, bu həyatda hərə öz yolunu seçib və mənə də tale qələmi ilə çarpışmaq səadəti nəsib edib”,-demişdi.  Müstəqil jurnalist təhqiqatı sahəsində Mauro de Mauro yalnız Matteinin işini deyil, həm də İtaliya mafiyasının fəaliyyətini araşdırmaqla məşğul idi. Təbii ki, bu fakt da ona İtaliya mafiyasının düşmən kəsilməsinə gətirib çıxarmışdı. Müəmmalı şəkildə itkin düşməsindən iki gün əvvəl Mauro de Mauro vaxtilə Matteinin sağ əli hesab edilən Qraziano Verzottodan müsahibə götürmüşdü. Verzottonun açqlması isə Matteinin təyyarə qəzasında həlak olmasının heç də təsadüfi olmadığı barədə bəzi müəmmalara aydınlıq gətirdi. Amma bu intervü Mauro üçün son demək oldu. Verzotto ilə müsahibədən iki gün sonra, 1970-ci il, sentyabr ayının 16-da Mauro iş gününün sonunda redaktoru olduğu “LOra” qəzetindən evə zəng edərək həyat yoldaşı Eldanın iş yerinə gəlməsini xahiş etdi. Mauro həmin gün həyat yoldaşı ilə birgə istirahət etmək istəyirdi. Lakin redaksiyada Elda qızının gələcək kürəkəni ilə onlara gələcəyini və onunla tanış olmanın vacibliyini söylədi. Onda Mauro həyat yoldaşı ilə evə getmək və gələcək kürəkəni ilə tanışlıqdan sonra axşam Elda ilə birgə istirahət etmək qərarına gəldi. Evin yanında o, maşını saxladı. Ancaq onun maşından düşməsi ilə 3 nəfərin Mauroya yaxınlaşması bir oldu. Onlardan biri Mauroya nə isə dedi. Bundan sonra Mauro üç naməlum kişi ilə maşına oturaraq getdi və onu gözləyən həyat yoldaşına belə bununla bağlı heç nə demədi və ya bəlkə də demək istəmədi…

Əziz Mustafa

Davamı var

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here