Müəmmalı təyyarə qəzalarında ölən rəsmilər (3)

0
464
ENİ prezidentinin açıq şəkildə heç nədən çəkinmədən “soyuq müharibə”nin qızğın dövründə SSRİ ilə ticarət əlaqəsinə girməsi və üstəlik, Moskvada yanacaq-doldurma stansiyası açması başda ABŞ olmaqla Qərb ölkələrində narahatlığı artırmışdı.
 Qərbin rəsmi dairələrində Matteinin bu hərəkətini satqınlıq kimi dəyərləndirərək, İtaliya hökumətinə qarşı hədələr və şantaj taktikasını işə saldılar. Həmin dövrdə Qərb mətbuatı Matteini SSRİ-nin əlaltısı, gizli kommunist, hətta casus belə adlandırmaqdan çəkinmirdilər. Belə vəziyyətdə İtaliya hökuməti Matteiyə SSRİ ilə əlaqələrdə ehtiyatlı hərəkət etməyi, Qərbi bundan sonra qıcıqlandırmamağı məsləhət gördü. Çünki İtaliyanın yuxarı dairələri Qərbin xüsusi xidmət orqanlarının Matteiyə qarşı hansısa təxribatlara əl ata biləcəyindən ehtiyat etməyə başlamışdılar. Qərb mətbuatında və rəsmi dairələrində açıq şəkildə Matteini SSRİ-yə işləməkdə ittiham edirdilər. Belə bir fikir vurğulanırdı ki, Mattei hökumət dairələrindəki təsirindən istifadə edərək İtaliyanı sosializm blokuna sürükləyəcək və SSRİ ilə sıx əməkdaşlıq etməklə indidən buna zəmin hazırlayır. Bu isə olduqca ciddi ittiham idi. Aydın məsələ idi ki, Qərb “soyuq müharibə”nin qızğın dövründə onlara arxadan zərbə vurmaq anlamına gələn Matteinin İtaliyanı SSRİ ilə əməkdaşlığa sürükləməsini ona bağışlamayacaqdı. Ona görə də İtaliya xüsusi xidmət orqanları Matteiyə onu gözləyə biləcək sui-qəsd planlarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq etmişdilər. Lakin Mattei, ilk növbədə, beynəlxalq aləmdə ölkəsinin maraqlarını önə çıxarmışdı və Qərbin İtaliyadan özlərinin maraqları naminə oyuncaq kimi istifadə etməsinə yol verməmək niyyətində idi. Əslində ortada acı bir həqiqət vardı. Bu da SSRİ ilə əməkdaşlığın İtaliyaya milyardlarla dollar gəlir gətirə biləcəyi idi. Müharibədən yarı dağılmış və iqtisadi baxımdan ağır vəziyyətdə çıxan İtaliya üçün bu milyardlar hava və su kimi lazım idi. Yeri gəlmişkən, qeyd edək ki, SSRİ ilə imzalanan anlaşmaya əsasən, İtaliya SSRİ-dən neftin 1 barelini 1 dollara almalı idi. Halbuki həmin dövrdə dünya bazarında neftin bir barrelinin qiyməti 1,59-2 dollar idi. Nəticədə ucuz neft alışı İtaliyaya on milyonlarla dollar qazanc götürməyə imkan verəcəkdi. Üstəlik, İtaliya bu nefti barter yolu ilə alacaqdı. Bunun əvəzində SSRİ-yə sənaye malları və müxtəlif avadanlıqlar göndərəcəkdi. Belə bir barter yolu həm də Rusiya bazarının İtaliya şirkətlərinin üzünə açılması və onların bundan böyük həcmdə gəlir götürməsi anlamına gəlirdi.

ENİ-yə təzyiqlər artır

1961-ci ildə İngiltərənin “Tayms” qəzetinin müxbiri ENİ  prezidentinin kabinetində onunla söhbət etməyə və oradakı kitabxanada saxlanan qəzet və kitablarla tanış olmağa imkan tapdı. Kitabxanada ENİ prezidenti öz əleyhinə yazılan qəzetləri yığıb saxlamışdı. Onların arasında ABŞ-ın İtaliyadakı səfirinin ENİ rəhbərinin hərəkətlərini arxadan vurulan xəncər kimi dəyərləndirdiyi hesabat da vardı. Eyni zamanda kitabxanada ABŞ Dövlət Departamentinin ENİ-nin SSRİ ilə yaxınlaşmasına etiraz bəyanatının surəti də saxlanılırdı. ENİ-nin gündən-günə Qərb tərəfindən küncə sıxışdırılması isə Matteinin İtaliyadakı düşmənlərini də hərəkətə gətirmişdi. Onlar hökumətdən ENİ prezidentinin vəzifədən götürülməsini tələb edirdilər.

1961-ci il, iyul ayının 12-də Belçikanın paytaxtı Brüsseldə ümumi bazar ölkələri ( indiki Avropa Birliyi) iqtisadi və sosial komitəsinin iclası keçirildi. İclasda İtaliyadan SSRİ ilə əlaqələrə son qoyulması və qurumun neft siyasətinin dəstəklənməsi tələb edildi. Amma İtaliya hökuməti özündə cəsarət taparaq  onların bu tələbini rədd etdi. İtaliya hökumətinin bu cəsarəti isə Qərbdə ciddi etirazlara səbəb oldu. Qərb açıq şəkildə İtaliya hökumətini və ENİ rəhbərliyini cəzalandıracağı barədə xəbərdarlıq etdi. Baş verən hadisədən, İtaliyanın Qərbin neft siyasətini dəstəkləmə tələbini rədd etməsindən bir həftə sonra ENİ rəhbərliyinin hədələnməsi açıq hal aldı. Belə ki 1961-ci il, iyul ayının 20-də Əlcəzairdə fəaliyyət göstərən terrorçu OAS təşkilatı ENİ prezidenti Matteinin adına hədə dolu məktub göndərdi. Məktubda Matteidən neft siyasətini dəyişdirməyi və Qərbi dəstəkləmək tələb olunurdu. Əks halda, Mattei öldürüləcəyi ilə təhdid edilirdi. Mattei ilə eyni zamanda terrorçu təşkilat general De Qolla da hədə dolu məktub göndərmişdi. Bunun ardınca Amerikanın “Oligram” neft bülletenində İtaliya  hökumətinə və ENİ rəhbərliyinə təhdid dolu daha bir ultimatum dərc edildi. Ultimatumda deyilirdi: “Əgər İtaliya ümumibazar ölkələri ilə neft sahəsində əməkdaşlıq etməsə və onların siyasətini dəstəkləməsə, onda ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək, iri şirkətlərin xarici banklardakı hesabları dondurulacaq, ölkəyə verilən kreditlər və maliyyə yardımları dayandırılacaq”.

İtaliyaya göstərilən təzyiqlər isə buna paralel olaraq, artmaqda davam edirdi. İş o yerə gəlib çatmışdı ki, İtaliyada çıxan həftəlik “Pinto” dərgisi Qərbin təzyiqlərinin artıq dözülməz olduğu qənaətinə gələrək yazmışdı: “Bizi bütün beynəlxalq instansiyalarda küncə sıxışdırır, bizimlə cinayət edən adam kimi davranırlar. SSRİ ilə iqtisadi əlaqələrimizi NATO-nu parçalama cəhdləri kimi dəyərləndirirlər. Halbuki bizim SSRİ ilə iqtisadi əlaqələrimiz, daha doğrusu, onlardan aldığımız neft ümumi tələbatımızın cəmisi 12,5 faizini təşkil edir. Eyni zamanda ENİ-yə qarşı da təzyiqlər artmaqdaXxyə Qərbin haqqı yoxdur. Qərbin müxtəlif bəhanələrlə daxili işlərimizə qarışması yolverilməzdir”. Enriko Mattei isə 1962-ci ilin fevral ayında keçirdiyi mətbuat konfransında demişdi ki, SSRİ-dən aldığımız neft Qərb üçün təhlükə doğurmur: “Biz SSRİ-dən yalnız 135 milyon dollar dəyərində neft alacağıq, əvəzində onlara barter yolu ilə sintetik məhsullar, borular və başqa avadanlıqlar verəcəyik. Bu ticarətdən həm biz, həm də şirkətlərimiz udacaq. Çünki SSRİ bazarına çıxarılan məhsullar şirkətlərimiz üçün əlavə gəlir yeri, eyni zamanda minlərlə yeni iş yerləri deməkdir”.

Sonralar, 1962-ci il noyabr ayının 16-da Böyük Britaniyanın “Petroleum Times” jurnalı Matteinin dediklərinin doğru olduğunu təsdiq edərək yazmışdı: “Rus nefti olmadan İtaliyanın emal müəssisələri və digər şirkətləri ciddi maliyyə itkilərinə məruz qala bilər, istehsal etdikləri məhsulların həcmini isə yarıbayarı azaltmağa məcbur olardılar. Əgər İtaliya SSRİ ilə iqtisadi əlaqələri dayandırmağa məcbur olsa, onda gərək özü məhsullarını satmaq üçün yeni bazarlar axtarsın”.

Təzyiqlərə və hədələrə baxmayaraq, Mattei SSRİ ilə əməkdaşlıq etməkdə davam edirdi. ENİ rəhbəri SSRİ ilə iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək və iki ölkə arasında mal dövriyyəsini 4-5 dəfə artıracaq yeni anlaşma imzalamağa hazırlaşırdı. İmzalanacaq anlaşmanın adı belə idi: “İtaliya məhsullarının əvəzinə SSRİ nefti”.

Anlaşmanın, demək olar, bütün detalları hazırlanmış, tərəflər qiymət barədə razılığa gəlmişdilər. Bircə qalırdı anlaşmanın imzalanması. Amma Matteiyə bu anlaşmanı imzalamaq qismət olmadı. Əslində o özü də hər an terror qurbanı ola biləcəyini yaxşı başa düşürdü. Ona görə də OAS terror təşkilatı tərəfindən hədələnməsi ilə bağlı suala verdiyi cavabında belə demişdi: “Terror qurbanı olmaqdan qaçmaq hamımıza nəsib olmur. De Qollun mühafizəçiləri var, Bricit Bardonun da hədələnməsi ilə bağlı Qərbdə hay-küy qaldırdılar və onun təhlükəsizliyini təmin etmək üçün xüsusi mühafizəçi ayırdılar. Mənimsə mühafizəçim yoxdur, qoy istədiklərini etsinlər, onsuz da ölümdən qorxmuram”.

Bu sözləri deyərkən ENİ prezidentinin dərindən ah çəkməsi isə hamının diqqətini cəlb etmişdi. O, kədərli halda danışırdı və sanki öldürülməsinə az qaldığını hiss eləmişdi.

İlk dəfə onu öldürmək üçün cəhdə 1962-ci ilin yanvar ayında baş vurulmuşdu. O vaxt Mattei Mərakeşə uçmaq istəyirdi. Ancaq xoşbəxt bir təsadüf nəticəsində o, ölümdən qurtara bilmişdi.  Amma 1962-ci il, oktyabr ayının 27-si Mattei üçün son gün oldu. Həmin gün o, Siciliyadan Milana uçurdu. Baskale adlı yerdə səmada Matteinin mindiyi təyyarə bir andaca alovlanaraq partladı. Təyyarədə olanların hamısı, o cümlədən Mattei də həlak oldu…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here