Müəmmalı təyyarə qəzalarında ölən rəsmilər (2)

395
Marjerinin təyyarəsinin müəmmalı şəkildə qəzaya uğraması şübhəsiz tarixin daha bir qaranlıq səhifələrindən biri kimi yadda qalacaq. Çünki bu müəmmalı qəzanın üstünün açılacağına inanmaq çətindir.
 Adətən, tarix boyu xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən və yüksək səviyyəli rəsmilərin ölümü ilə nəticələnən qəzaların heç birinin üstü açılmayıb və açılmır. Bu qəzaların günahını kimlərinsə boynuna atmaq və bununla bağlı iz azdırmaq cəhdləri də əksər hallarda bunun əsl həqiqəti gizlətmək üçün olduğunu dərhal üzə çıxarır. Bu baxımdan Rusiya mətbuatının Putin və Medvedevin “dostu”nun Moskvada guya xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən öldürülməsi barədə yazdıqları daha çox beynəlxalq aləmi sadəlövh yerinə qoyma təsiri bağışlayır. Adətən, belə nağıllara nə üçünsə onu uyduranlar daha çox inandıqlarını nümayiş etdirməyə başlayırlar. Ona görə də çox güman ki, Marjerinin təyyarəsinin qəzaya uğramasının arxasında onun Rusiyada apardığı danışıqlarla bağlı hansısa sirrin ölkə sərhədlərindən kənara çıxarmasının qarşısını almaq məqsədi dayanıb. Yoxsa, Rusiyanın dostu hesab edilən və bu müstəvidə Putin və Medvedevlə ən yaxın əlaqələrdə olan xarici şirkətin, “Total”ın rəhbərinin təhlükəsizliyi yüksək səviyyədə təmin edilərdi. Nəhayət, əgər həqiqətən də Marjerini ABŞ və ya hansısa digər ölkə kəşfiyyatı Moskvada, xüsusi mühafizə olunan dövlət əhəmiyyətli hava limanında öldürübsə, onda deməli, Rusiya xüsusi xidmət orqanları ölkənin təhlükəsizliyini təmin etməyə qadir deyillər… Bu isə inandırıcı görünmür. Bütün hallarda müəmmalı qəzanın hansı tərəfdən və prizmadan araşdırılmasından, ona Qərbin və ya Rusiyanın gözü ilə yanaşılmasından asılı olmayaraq, Marjerinin ölümünün təsadüfi olmadığı üzə çıxacaq. Sadəcə olaraq, müəmmalı qəza ilə bağlı ortada cavabını gözləyən bir sual var: Marjeri kimə mane olurdu? Bu sual hələ uzun illər qəzanın səbəblərini araşdıranları düşündürməkdə davam edəcək.

Marjerinin ölümü buna oxşar daha bir müəmmalı qəzanı yada saldı.

 

ENİ cəsarəti

II Dünya müharibəsindən məğlub ayrılan İtaliya ötən əsrin 40-cı illərinin sonlarında özünün ən ağır və çətin dövrlərindən birini yaşamaqda idi. İtaliya həmin dövrdə neft və qaza böyük ehtiyac duyurdu. Belə bir vəziyyətdə ölkədə vaxtilə mövcud olan təbii ehtiyatlardan İtaliyanın qaza və neftə olan ehtiyacının müəyyən hissəsinin yerli istehsal hesabına ödənilməsini bərpa etmək zəruri vəzifələrdən biri kimi  müvafiq qurumların qarşısında qoyulmuşdu. Bu müstəvidə də 1926-cı ildə Mussolini tərəfindən İtaliyanın şimalında, cənubunda, Mərkəzi və Cənubi Apenninlərdə, həmçinin Siciliyada kəşf edilən neft və qaz yataqlarının işlənməsi üçün yaradılan “Agip” kompaniyasının yenidən təşkili qərara alındı. Bu vəzifə isə sahə üzrə tanınmış mütəxəssis və bacarıqlı təşkilatçı olan Enriko Matteiyə tapşırıldı. Bu da təsadüfi deyildi. Mattei həmin dövrdə İtaliyada ən tanınmış şəxslərdən biri hesab edilirdi. O, II Dünya müharibəsində iştirak etmiş və faşistlərə qarşı döyüşən partizanlar tərəfindən işğalçılara qarşı həyata keçirilən onlarla  əməliyyatın planını hazırlamışdı. Mattei  gələcəkdə İtaliya Kommunist Partiyasının sədri olacaq Luici Lonqo ilə yaxından dost idi. Mattei Lonqonun təsiri altında İtaliyanı neft-qaz sahəsində özündən asılı vəziyyətə salmaq istəyən ABŞ və onun müttəfiqlərinə nifrət bəsləyirdi. O, mümkün qədər İtaliyanın iqtisadi və siyasi baxımdan Qərbdən asılı olmasını azaltmağa və bununla bağlı müvafiq tədbirlər həyata keçirməyə çalışırdı. Belə bir adama ölkənin neft və qaza olan ehtiyacının ödənilməsi üçün müvafiq vəzifələrin həll edilməsinin tapşırılması isə İtaliyanın Qərbdən asılılığının azaldılması üçün onlara qarşı yeni cəbhənin açılması anlamına gəlirdi. Mattei İtaliyanın  Qərbdən neft və yanacaq sahəsində olan asılılığını azaltmaq üçün ölkənin hər yerində geoloji kəşfiyyat işlərinə başladı. Mattei hətta neft və qazı ölkənin Adriatik dənizi sahillərində belə axtarırdı. Buna paralel olaraq, Mattei yanacaq-energetika sahəsində xaricdən olan asılılığı azaltmaq və ləğv etmək üçün ölkə rəhbərliyinə təzyiqlər edirdi. Buna nail olmaq və İtaliyanın neftə və qaza olan tələbatının ödənilməsi üçün 1953-cü ildə Matteinin təşəbbüsü ilə İtaliya Dövlət Energetika konsorsiumu-ENİ yaradıldı. ENİ qısa müddətdə ölkənin yanacaq-energetika sahəsinin tələbatını ödəmək məqsədi ilə xarici bazara, o cümlədən Afrika və Yaxın Şərqə çıxış əldə etdi. ENİ-nin xarici bazardakı mövqeyini möhkəmlətmək məqsədi ilə Mattei onlardan alınan və Avropaya satılan neft və qazdan əldə edilən gəlirlərin 75 faizini adı çəkilən ölkələrə təklif etdi. Bu da Afrika və Yaxın Şərqdə böyük ruh yüksəkliyi ilə qarşılandı. İş orasındadır ki, ENİ-yə kimi vasitəçi şirkət və kompaniyalar neft və qaz satışından əldə edilən gəlirlərin 80 faizini özlərinə götürür, qalanını isə neft və qaz hasil edən ölkələrə verirdilər. Neft və qazın hasil edilməsinə çəkilən xərcləri çıxdıqdan sonra həmin ölkələrə az müqdarda gəlir qalırdı. Belə bir vəziyyətdə ENİ-nin neft və qazdan əldə edilən gəlirlərin 75 faizini qara qızıl və mavi yanacaq hasil edən ölkələrə təklif etməsi Matteinin simasında İtaliya hökumətinə olan rəğbətin artmasına gətirib çıxardı. Bu həm də Yaxın Şərqdə və Afrikanın şimalında neft-qaz alışı və satışı ilə məşğul olan ölkələrin şirkətlərinin iflasa uğraması təhlükəsini əmələ gətirdi. Bu da  Qərbdə ENİ rəhbərinin simasında düşmən obrazının yaradılmasına gətirib çıxardı.

 

SSRİ ilə yaxınlaşma siyasəti

Enriko Mattei Qərbdə özünə xoşagəlməz münasibət bəslənildiyinin səbəbini yaxşı bilirdi. Ona görə də ölkəsinin Qərbdən olan asılılığını azaltmaq üçün SSRİ ilə yaxınlaşmaq yolu seçdi. Bu müstəvidə də bir neçə dəfə Moskvaya səfər edən Mattei SSRİ-dən neft və qaz alınması, əvəzində onlara İtaliyanın sənaye məhsulları satması barədə razılıq əldə etdi. Onun SSRİ ilə açıq şəkildə ticarət əlaqələrinə girməsi isə Qərbdə böyük həyəcanla qarşılandı. Matteinin bu addımları SSRİ ilə “soyuq müharibə” şəraitində olan Qərbə vurulan ağır zərbə, onların sıralarına parçalanma salınması anlamına gəlirdi. Bu həm də SSRİ-nin Avropanın cənubunda təsirinin artmasına və orada sosializm ideyalarının daha geniş yayılmasına yol aça bilərdi. Onu bəzi terrorçu təşkilatlar açıq şəkildə hədələməyə başlamışdılar. Buna baxmayaraq, Mattei 1960-cı ilin oktyabr ayında Moskvada SSRİ-dən İtaliyanın ENİ şirkətinin 12 milyon ton neft alması barədə anlaşma imzaladı. Bu anlaşmaya əsasən, alınan neftin əvəzinə İtaliya SSRİ-yə 240 min ton polad boru, o cümlədən müxtəlif təyinatlı sənaye avadanlıqları və məhsulları göndərməli idi. ENİ şirkətinin SSRİ ilə müvafiq anlaşma imzalamasından sonra ona SSRİ  xarici ticarət naziri Nikolay Patoliçev tərəfindən gözlənilmədən yarımillik ayı balası hədiyyə edildi. Hədiyyənin canlı şəkildə anlaşma mərasimi zamanı təqdim edilə bilməyəcəyni nəzərə alan Patoliçev Matteiyə ayı balasının rəsmini təqdim etdi. Matteiyə bildirildi ki, canlı ayı balası ona qəfəsdə təqdim ediləcək və vətəninə İtaliyaya göndəriləcək. Mattei gözlənilməz hədiyyədən xeyli təsirlənmiş və: “İndi Romul və Remi əmizdirən ana canavar rus ayısı ilə doğma olacaq”,-demişdi.

ENİ rəhbərliyinin Qərbin təzyiqlərinə baxmayaraq, SSRİ ilə ticarət əlaqələrinə girməsindən cəsarətlənən Yaponiya və digər ölkələrin milli kompaniyaları da analoji addım atmağa başladılar. Bu da Qərbin “soyuq müharibə”nin SSRİ-yə uduzması təhlükəsini əmələ gətirmişdi. Ona görə də Qərbdə ENİ rəhbərinin guya SSRİ-yə işləməsi və onların göstərişi ilə Qərb ölkələri arasına parçalanma salma cəhdləri ilə məşğul olduğu barədə məlumatlar yayılmağa başladı. Buna baxmayaraq, İtaliya hökuməti Matteinin SSRİ ilə yaxınlaşma cəhdlərini dəstəkləyərək, ona bununla bağlı daha sərbəst hərəkət etmək barədə tapşırıq verdi. Bunun ardınca İtaliyanın “Agip” kompaniyası Moskvanın Leninqrad şosesində o dövr üçün olduqca cəsarətli hesab edilən bir addım atdı. Belə ki, “Agip” Lenniqrad şosesində özünün benzin doldurma stansiyasını inşa etdi.  Bu, kapitalist ölkəsi olan İtaliyanın SSRİ-də açdığı ilk xarici benzindoldurma stansiyası idi.

Əziz Mustafa