Müəllimlik ixtisasının seçilməməsində səbəb nədir?

0
584

Son illər abituriyentlərin seçdikləri peşələr arasında pedaqoji sahələrə, xüsusilə də müəllimlik ixtisasına meyil yüksək dərəcədə azalmışdır.

Seçim zamanı abituriyentlər, sadəcə, universitetə daxil olmaq şansını itirməmək üçün müəllimlik ixtisasını sıralamada sonuncu yerlərdə qeyd edir, tələbə olduqdan sonra digər sahələrə keçid etmə cəhdini dəyərləndirirlər. Hazırda müəllimlik peşəsində, xüsusilə, gender bərabərsizliyi acınacaqlı bir hal almaqdadır. Dövlət Statistika Komitəsinin 2014-cü il üçün məlumatına əsasən, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin sayı 4475, müəllimlərin sayı isə 160699 nəfər olmasına baxmayaraq, bunlardan, sadəcə, 38000 nəfəri kişidir və əksəriyyəti üçün orta yaş göstəricisi 40-50 yaş arasıdır. Müəllimlik ixtisasına qarşı marağın olmaması, xüsusilə də oğlan abituriyentlər arasında aydın şəkildə nəzərə çarpır. Bunun əsas səbəblərindən biri kimi maddi təminat probleminə diqqət yetirməliyik. Belə ki, ailədə maddi rifah halının təmininin əsasən kişilərin üzərinə düşməsini və hazırda müəllimlərin orta aylıq əməkhaqlarının 150-200 manat arasında olmasını nəzərə alsaq, həmin məbləğin təbii olaraq ailə ehtiyaclarını ödəməyə kifayət etmədiyini anlamış olarıq. Məsələni bu nöqteyi-nəzərdən qiymətləndirdikdə oğlan abituriyentlərin belə ixtisasları seçməməsi anlaşılan olur. Bununla yanaşı, yüksək bal toplayan abituriyentlərin müəllim ixtisasını seçmək istəməməsində digər əsas amil stimullaşdırıcı tədbirlərin yetərsizliyi ilə bağlıdır. Ötən ildən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək balla müəllimlik ixtisasını seçən tələbələrə təqaüdlərin verilməsinə, stimullaşdırıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, pedaqoji kadr ehtiyatlarının keyfiyyətində azalma müşahidə olunur. Ölkədəki aktiv insan resursunun əsasını təşkil edən pedaqoji kadrların keyfiyyətinin aşağı olması, bütün sahələrə ciddi şəkildə mənfi təsirini göstərir.

Təqribən 10 ilə yaxındır, potensiallı abituriyentlərimiz informasiya texnologiyaları, mühəndislik, hüquq və tibb sahələrinə yönəlirlər. Bu istiqamətdə ixtisaslı kadrların yetişməsinin müsbət hal olmasına baxmayaraq, müəllimlik peşəsinə meylin azalması ciddi həyəcan təbili çalmağımıza əsas verir. Abituriyentlər arasında şifahi sorğular keçirdiyimiz zaman onlar müəllimlik ixtisasını seçməmələri ilə bağlı ciddi arqumentlər söyləyirlər. Bunların aradan qaldırılması üçün aşağıdakı məsələlərin tezliklə həll edilməsi vacibdir:

– Müəllim kadrlarının keyfiyyətinin artırılması tədbirlərini həyata keçirmək. Bütün ümumtəhsil məktəblərində qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Rəsmi statistikaya əsasən, hazırda ümumtəhsil məktəblərində şagirdlərin sayı 1 322 282 nəfərdir. Bu da təqribən hər 8 şagirdə 1 müəllim düşdüyünü göstərir. Dünya ölkələrində bu göstərici 15-35 nəfərə 1 müəllimdir. Kəmiyyət olaraq çox olan müəllim sayını qiymətləndirmə tədbirləri həyata keçirərək, keyfiyyətinin yüksəldilməsi çox əhəmiyyətlidir.

– Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması tədbirləri zəruridir. Dünyanın inkişaf etmiş ölkələrindən nümunə gətirsək görərik ki, Fransada müəllimlər 1100-2500, Yaponiyada 2000, Almaniyada 2000-3000, İngiltərədə isə 5000 dollar arası əməkhaqqı ilə təmin olunurlar. Azərbaycanda da müəllimin yaşam standartlarının yüksəldilməsi təhsilin inkişafında mühüm rol oynayacaqdır.

– Universitetlərdə pedaqoji fakültələrin imkanlarının genişləndirilməsi. Universitetlərdə, xüsusilə, maddi texniki bazanın möhkəmləndirilməsi, tədrisdə xarici dil dərsinin tədris edilməsi, pedaqoji təcrübə standartlarının artırılması, eyni zamanda tələbələrə stimullaşdırıcı təqaüdlərin verilməsi müəllim fəaliyyətinin keyfiyyətinin yüksəldilməsində böyük təkan olacaqdır.

– Pedaqoji ixtisas seçimində imtiyazların olması. Müəllimlik ixtisasının əsasən dövlət sifarişi ilə həyata keçirilməsi və digər sahələrə nəzərən xüsusi imtiyazların (pulsuz yataqxana, pulsuz nəqliyyat və s.) verilməsi, yüksək potensiallı gənclərin cəlb edilməsinə öz müsbət töhfəsini verəcəkdir.

Bütün bunlarla yanaşı, müəllim peşəsinin nüfuzunun artırılması lazımdır. Yuxarıda qeyd etdiyimiz məsələlərin həll edilməsi və lazımi tədbirlərin həyata keçirilməsi rəsmi qurumların öhdəliyinə düşməsinə baxmayaraq, müəllimin cəmiyyətdə nüfuzunun yüksəldilməsində hər birimizin rolu vardır. Müəllim cəmiyyətin əsas özəyi, lokomaotividir. Belə ki, müəllimi ev, məhəllə, qəsəbə, kənd və şəhərimizdə ən nüfuzlu şəxs bilməli və bunu uşaqlarımıza da aşılamalıyıq. Kiçik yaşlardan etibarən ailəmizdə müəllimin xüsusi çəkisi olmalıdır. Uşaqlarımız dərk etməlidirlər ki, onlara həyat məktəbində yol göstərən müəllimdir. Bəzən bilmədən hisslərimizə nəzarət etmir, davranışlarımızla müəllimlik peşəsinə, onun nüfuzuna ciddi xələl gətiririk. Məktəbdə baş vermiş hər hansı anlaşılmazlıqda ilk olaraq müəllimi günahkar bilir, hadisəni araşdırmadan valideyn olaraq sərt reaksiya verir, hətta bunu uşaqların gözü önündə edirik. Bu da gələcəkdə uşaqlarımızın müəllimlərə qarşı düzgün olmayan münasibətində özünü büruzə verir.

Problemlərə, çətinliklərə baxmayaraq, ölkəmizin rifahı naminə gənclərimizi bu müqəddəs və şərəfli peşəyə yönləndirməyimiz lazımdır.

Vüsal Rzayev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here