Müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlanıb

533
Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.Tədbirdə Təhsil Nazirliyinin QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak ediblər.
Mətbuat konfransında ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi ilə əlaqədar bildirilib ki, Təhsil Nazirliyi həmin müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb. Hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi iyun ayı ərzində davam edəcəkdir.

Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində müvafiq bölmələr yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlərin elektron ərizələrinin qəbulu iyunun 1-dən 10-dək aparılacaqdır.

Mətbuat konfransında məlumat verilib ki, nostrifikasiya (xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək dayandırılır. Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, habelə dövlət qulluğuna sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.

Tədbirdə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələlərinə də toxunulub. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr – 31 dekabr tarixlərində tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində (idarələrində) və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır. “Qaydalar”a görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır.

Tədbirdə “QHT və təhsil ekspertləri üçün ictimai təşəbbüslərin dəstəklənməsi üzrə” II qrant müsabiqəsinin elan olunması barədə də məlumat verilib. Bildirilib ki, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və ekspertlərlə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi ilə bağlı növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub.

SABAH qruplarına qeydiyyat prosesi barədə də məlumat verilib. Bildirilib ki, indiyədək 1800 tələbə elektron qeydiyyatdan keçib. Bu proses hazırda davam etməkdədir.

Mətbuat konfransında məktəb direktorlarının imtahan prosesinə yekun vurulması məsələsinə də toxunulub.

Sonda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Rəcəb Rza