Müəllimlərin əməkhaqları artırıldı

439

 Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb, Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Nazirlər Kabineti normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib, Azərbaycan Prezidentinə məlumat verəcək. Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Təhsil Nazirliyi Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə sərəncamla bağlı açıqlama verib. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov APA-ya bildirib ki, bu sərəncam diaqnostik qiymətləndirməyə cəlb olunan 30 minə yaxın müəllimə şamil olunacaq: “Sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək. Bu tədbir  Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası sənədindən qaynaqlanır. Bu sənədə uyğun olaraq, ötən ilin yayında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib”.