Müəllimlərimin ailə ziyarəti

Bu müəllimlərimin hafizəmdə qalmasına səbəb olan hərəkəti, davranışı siz də hiss etdiniz, elə deyilmi? Bir müəllim xəstə şagirdini ziyarət etməyi, başını tumarlamağı, ona ürək-dirək verməyi, hətta bu gün keçdiyi dərsi sinifdən sonra bir də yataqda yatan xəstə şagirdinə təkrar danışması… Bu gün bu davranışlar adama nağıl kimi gəlir. Müəllimlə şagird, müəllimlə ailə arasında əlaqə elə qopmuş, aralarında elə bir uçurum açılmışdır ki, bu yara ancaq fədakar, müəllimliyin bir peyğəmbər vəzifəsi olduğunun şüuruna sahib müəllimlər tərəfindən sağaldıla bilər.
Müəllim haqqında yazılmamasından, əsl müəllim nümunəsinin təqdim edilməməsindən şikayətlənməkdənsə, çinli mütəfəkkirin ifadəsi ilə, “Qaranlığı söyməkdənsə, ətrafın işıqlanması üçün bir şam yandır!” hikmətindən çıxış edərək, nümunə təqdim etməyi qərara aldıq. Bu gün unudulmuş, müəllimlik həyatında “arxaikləşmiş” bir vəzifədən və onun nəticələrindən bəhs etmək istəyirəm. Bu arxaikləşmiş vəzifələrdən biri, müəllimlərin şagirdləri ziyarət etmələridir.

Təəccüblənməyin, bir neçə onillik bundan əvvəl müəllimlərin ailələri, şagirdləri ziyarət etmələri kimi bir vəzifələri var idi və bu, çox mühüm pedaqoji əhəmiyyətə malik idi. Uzağa getmədən öz xatirələrimdən birini təqdim edəcəyəm.

Mənim ibtidai sinifdə Firənfiz Rüstəmova adlı bir müəlliməm vardı. Bir də, rus dili müəlliməmiz vardı – Dilbər müəllimə. Hər ikisi də xatirəmə öz qayğıkeşlikləri ilə həkk olunmuşdur.

Firəngiz müəllimənin həyat yoldaşı Rüstəm müəllim idi. Uzun illər Naxçıvanda Maarif Nazirliyində işləmişdi. Əlixan məhəlləsində bizim qonşumuz idilər. Görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin qohumu idilər. Rüstəm müəllimin atası Əbdüləziz müəllim də Naxçıvanın tanınmış, hörmətli müəllimlərindən biri olmuşdu.

Dilbər müəllimə Sultanova isə Naxçıvanın məşhur ailələrindən olan Sultanovlardan idi. Onlar Naxçıvanın əsilli-nəcabətli, ziyalı nəsli idi. Dilbər müəllimə geyim-kecimi, davranışı ilə aristokrat təsiri bağışlayırdı.

Keçən əsrin 50-ci illərində qızdırma (buna “Malyariya” da deyirlər) xəstəliyi geniş yayılmışdı. Bir qayda olaraq, sentyabr-oktyabr aylarında geniş yayılardı. Xəstəlik yüksək temperaturla müşayiət olunurdu. Bədənin hərarəti 42 dərəcəyədək yüksəlirdi, sayıqlama, qarabasmalar olurdu. Bu xəstəlikdən ölənlər də olurdu. Onun qarşısını almaq üçün məktəblərdə “Ginə” adlı sarı rəngli həb dərman paylayardılar. Amma bunun nə qədər faydası olurdu?

İkinci sinifdə ikən mən də bu xəstəlikdən tutub yatırdım. Anam da ibtidai sinfə dərs deyirdi. Buna görə də dərsdən geri qalmayacağıma əmin idim. Anam başını itirmişdi, bilmirdi, mənə qulluq etsin, yoxsa məktəbə getsin? Axşam üstü Firəngiz müəllimə bizə gəldi, yanımda oturub kef-hal etdi, əlini alnıma qoydu, hərarətimin yüksəkliyini hiss edib, başımı tumarladı. Anamdan mənim nə yeyib, nə içdiyimi soruşdu. Sonra mənə təskinlik verdi:

– Narahat olma, bir-iki günə qızdırman keçəcəkdir. Gələcəyəm, səninlə birlikdə dərsimizi öyrənəcəyik. Sən də sinif yoldaşlarına çatacaqsan. Heç narahat olma!

İstədim etiraz edəm, “anam öyrədər” deyəm, amma məndə cavab verməyə belə, hal yox idi. Firəngiz müəllimə getdi, bir az sonra Dilbər müəllimə gəldi. O da eyni nəvazişlə, eyni sözlərlə məni təskin edib getdi. Ertəsi gün yenə gəldilər. Bu dəfə keçdikləri dərs haqqında ümumi məlumat verdilər, sinif yoldaşlarımın məni soruşduqlarını dedilər. Üçüncü gün isə artıq mənim özümə gəldiyimi görüb, dərsi izah etdilər.

Mən ibtidai sinfi əlaçı olaraq başa vurdum. Amma indi o günləri, Firəngiz müəlliməni, Dilbər müəlliməni, mənə və bütün sinif şagirdlərinə göstərdikləri o qayğını xatırlayır və əlaçının mən yox, onlar olduğu qənaətinə gəlirəm. Onlar bu qayğını göstərməsəydilər, bu şəfqətlə yanaşmasaydılar, mən onların dərsinə bu həssaslıqla yanaşmaz, ciddi hazırlaşmazdım. Bəlkə də “Anam ondan yaxşı müəllimdir”, – deyib tərəfbazlıq göstərərdim. Amma onların qayğıkeşliyi məni əlaçı etdi.

Bu müəllimlərimin hafizəmdə qalmasına səbəb olan hərəkəti, davranışı siz də hiss etdiniz, elə deyilmi? Bir müəllim xəstə şagirdini ziyarət etməyi, başını tumarlamağı, ona ürək-dirək verməyi, hətta bu gün keçdiyi dərsi sinifdən sonra bir də yataqda yatan xəstə şagirdinə təkrar danışması… Bu gün bu davranışlar adama nağıl kimi gəlir. Müəllimlə şagird, müəllimlə ailə arasında əlaqə elə qopmuş, aralarında elə bir uçurum açılmışdır ki, bu yara ancaq fədakar, müəllimliyin bir peyğəmbər vəzifəsi olduğunun şüuruna sahib müəllimlər tərəfindən sağaldıla bilər. Nə hansısa dövlət təşkilatı, nə hansısa ictimai təşkilat bu yaranı sağaldıb, bu uçurumu aradan qaldıra bilməz, əgər müəllim olan şəxsdə peşə vicdanı, insanlıq və müəllimlik vəzifəsinə görə məsuliyyət hissi, cavabdehlik qorxusu yoxdursa…

Sinfimizdə 42-43 şagird vardı. Müəllimlərim xəstə ziyarətinə bir alma, bir heyva və ya bir limonla gələrdilər. Amma onların gəlişi ilə şagirdin üfüqü genişlənər, ruhu yenilənər, məsuliyyət hissi tarıma çəkilər, o şagird ona bu qədər qayğı, diqqət, şəfqət göstərən müəlliminin dərsini hazırlamadan sinfə girməyi ağlına belə gətirməzdi. Ən əsası, o, müəllimindən insanlığı, insana münasibəti öyrənərdi.

İndi bunları xatırlayarkən belə bir gözəl əməlin pedaqoji həyatımızdan silinib getdiyinə inanmaq istəmirəm, çünki gözəl olanı, xeyirli olanı yaşatmaq da bir vəzifədir.NAZIM ƏKBƏROV