Müəllimin zay məhsulu zay cəmiyyət deməkdir

İnsan ruhunun lətifələrindən bəziləri ilə sizi keçən yazımızda tanış etməyə çalışdıq. Əgər az-çox buna müvəffəq ola bildiksə, o zaman insan yetişdirməyin, həm də tərbiyəli insan yetişdirməyin sosial qiymətini dərk etməyimiz lazım gəlir. Gəlin buna baxaraq, mövzumuzu yekunlaşdırmağa çalışaq.
İnsanın mahiyyətcə genişliyinin ikinci mühüm səbəbi onun istedad və qabiliyyət baxımından nəhayətsiz bir quruluşa sahib olmasıdır. Yer üzündə elə bir insan yoxdur ki, onda hər hansı bir və ya bir neçə istedad və qabiliyyət olmasın. Əgər biz nə zamansa birini qabiliyyətsiz hesab etmiş, onun haqqında “qabiliyyətsiz” demişiksə, bu ondakı istedad və qabiliyyətlərin olmaması yox, bizim bu istedad və qabiliyyətləri aşkara çıxara bilmədiyimizin ifadəsidir. Bir insanda şairlik, digərində rəssamlıq, üçüncüdə natiqlik, o birində sənətkarlıq, bir başqasında bambaşqa istedad, başqa bir qabiliyyət vardır. Hətta, diqqət yetirmişiksə, gözü, yaxud qulağı və ya dili qüsurlu olan insanlarda bu orqanların yerinə yetirməli olan qabiliyyət və istedadların başqa orqanlarda daha güclü var olduğunu görürük. Məsələn, gözləri görməyən adamlarda qulaq, səsləri duymaq, qulaqları eşitməyən adamlarda işıqla, rənglərlə anlaya bilmək qabiliyyəti, bir başqasında bambaşqa istedad və qabiliyyətin çox güclü olduğunun şahidi oluruq.

Ən qəribəsi və qəribə olduğu qədər də ən mühümü insanın bir çox hiss və duyğularına hədd qoyulmamasıdır ki, bu da onun tərəqqi və inkişafının sərhədlərinin olmadığını göstərir. Məhz buna görə insan mələklərdən də yüksəklərə namizəd olan bir varlıqdır.

Deməli, insanı insan edə bilmək, insan kimi yetişdirmək üçün onun beynini biliklərlə doldurmaqla yanaşı, ruhun, qəlbi mələkələrini, lətifələrini lazımınca tərbiyə etmək lazımdır. Yoxsa, insan təkqanadlı quşa bənzəyər, yerində atılıb düşər, uça bilməz.

İndi ki, belədir, o zaman belə bir sual doğur: Məktəb bütün yuxarıda qeyd edilən lətifələri, ruhun tərbiyəsini həyata keçirirmi? Bir valideyn olaraq, uşağımızın peşə sahibi olmasını təmin etmək məqsədi ilə ona xüsusi müəllimlər tutub, hazırlaşdırdığımız kimi, onun bu gizli, görünməz, amma var olan yönlərini tərbiyə etmək üçün nə edirik?

Yox. Yuxarıda da qeyd etdiyimiz kimi, tərbiyə insanın ruhuna daxil olub, onun lətifələrini yaradılışının qayəsinə görə şəkilləndirmək prosesinə verilən bir addırsa, müasir məktəb də ailə kimi bütün bunlardan çox-çox uzaqda dayanıb insana fənlər üzrə məlumatlar yükləməkdən başqa heç bir funksiya daşımırsa, insanda olan istedad və qabiliyyətləri kəşf edə, onları inkişaf etdirə bilmirsə, o zaman insan adlanan varlıq öz mahiyyətini harada və necə kəsb edəcəkdir?

Müəllimləri bu sual üzərində düşünməyə dəvət edirəm. Yoxsa, adımız diplomda yazıldığı üzrə müəllim olaraq qalar, amma fəaliyyətimizə görə müəllim ola bilmərik və nəticədə də cəmiyyətimizə mənəvi baxımdan şikəst fərdlər istehsal edər, bir müddət sonra bu zay  məhsullar özləri də zay istehsalçıya – şikəst müəllimlərə çevrilər. O zaman halımız necə olar?

Vəziyyətin nə qədər təhlükəli olduğunu hiss edirikmi?